Mədəniyyət xəbərləri

Zərnigar Ağakişiyeva Qubada dəfn olunub - YENİLƏNİB

16:40 09-02-2018

Zərnigar Ağakişiyeva Qubada dəfn olunub - YENİLƏNİB

Xalq artisti Zərnigar Ağakişiyeva dəfn olunub.

 

APA-nın şimal bürosunun məlumatına görə, xalq artisti Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.

 

 

***

 

11.49

 

Xalq artisti Zərnigar Ağakişiyeva bu gün dəfn olunacaq.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, o, doğulduğu Quba rayonunda, anasının yanında torpağa tapşırılacaq.

 

Qeyd edək ki, aktrisanın meyiti dünən Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

 

Tanınmış teatr və kino aktrisası Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib.

 

Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

 

Zərnigar Ağakişiyevanın kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə xanım - İ.Əfəndiyev "Mahnı dağlarda qaldı", Zivər - Anar "Təhminə və Zaur", Kərbəlayi Fatma - C.Məmmədquluzadə "Ölülər" və digərləri) tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

 

O, 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi.

 

Allah rəhmət eləsin! ​



© APA 2018