Mədəniyyət xəbərləri

Akademik Milli Dram Teatrının kollektivi Yaşar Nurinin məzarını ziyarət edib

14:28 03-09-2016

Akademik Milli Dram Teatrının kollektivi Yaşar Nurinin məzarını ziyarət edib

Bakı. Fərid Mirzəyev - APA. Akademik Milli Dram Teatrının kollektivi xalq artisti Yaşar Nurinin 65 illik yubileyi münasibətilə onun məzarını ziyarət edib.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət Yaşar Nurinin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışıb, onun teatr və kinoda yaratdığı obrazlar qalereyasına nəzər salıb.

 

Azər Paşa Nemət bildirib ki, görkəmli sənətkarın işıqlı xatirəsi Azərbaycan tamaşaçısının yaddaşında daim yaşayacaq və Azərbaycan mədəniyyəti var olduqca, Yaşar Nuri də hər zaman yad olunacaq.

 

Teatr direktoru əlavə edib ki, Yaşar Nurinin 65 illik yubileyi münasibətilə oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xatirə tədbiri keçiriləcək.

 

Ziyarətdə Yaşar Nurinin ailə üzvləri də iştirak edib. Həyat yoldaşı Rəhimə Nuriyeva Yaşar Nurinin xatirəsini əziz tutduğuna və daim ehtiramla yad etdiklərinə görə teatr kollektivinə minnətdarlığını bildirib. 

 

Qeyd edək ki, Y. Nuri 1951-ci il sentyabrın 3-də Bakıda anadan olub, 2012-ci il noyabrın 22-də uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

 

II Fəxri xiyabanda dəfn olunub. 



© APA 2017