Mədəniyyət xəbərləri

Azərbaycanlı yeniyetmə “San Remo Junior” müsabiqəsində 3-cü yeri tutub

17:33 24-04-2018

Azərbaycanlı yeniyetmə “San Remo Junior” müsabiqəsində 3-cü yeri tutub

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aprelin 16-22-də İtaliyanın San-Remo şəhərindəki məşhur “Teatro Ariston” konsert zalında keçiriləcək gənc istedadların 20-ci “San Remo Junior” beynəlxalq musiqi müsabiqəsində azərbaycanlı gəncin iştirak etməsi üçün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının yaxından köməkliyi ilə müvafiq araşdırma aparıb.

 

Komissiyadan APA-ya bildirilib ki, seçim nəticəsində tədbirdə Bakı şəhər T. Quliyev adına 12 nömrəli onbirillik Musiqi və Bakı Oksford məktəblərinin şagirdi, Prezident təqaüdçüsü 12 yaşlı Hüseynova Fidan Yaqub qızının təmsil etməsi məqsədəuyğun hesab olunub.

 

Müvafiq prosedur məsələlər həll edildikdən sonra təmsilçimiz İtaliyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib. Fidan Hüseynovanın ifa etdiyi “Tell Me Why” mahnısı müharibələrin günahsız qurbanları, həmçinin Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş, valideynlərini itirmiş, əlil olmuş uşaqlara həsr olunmuş videokompozisiya ilə müşayiət edilib.

 

16 ölkənin istedadlı gənclərinin iştirak etdiyi, o cümlədən Ermənistan nümayəndəsinin də qatıldığı və gərgin rəqabət şəraitində keçən iki mərhələli müsabiqədə Azərbaycan təmsilçisi münsiflərin yekdil qərarı ilə üçüncü yerə layiq görülüb.

 

Qeyd olunub ki, müsabiqədə Azərbaycan nümayəndə heyətini Dövlət Komissiyası İşçi qrupunun əməkdaşı müşayiət edib.



© APA 2018