Mədəniyyət xəbərləri

Əbülfəs Qarayev Fransada erməni təbliğatının qarşısının alınmasını müzakirə edib

16:36 24-11-2017

Əbülfəs Qarayev Fransada erməni təbliğatının qarşısının alınmasını müzakirə edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın mədəniyyət naziri Fransuaz Nissen ilə görüşüb.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

 

İki ölkə arasında mədəniyyət sahəsində dörd mühüm sazişin imzalandığını qeyd edən nazir Ə.Qarayev Azərbaycanın son illərdə Fransa ilə mədəniyyət sahəsində əməkdaşlığın inkişafı sahəsində mühüm layihələr həyata keçirdiyini, xüsusilə Heydər Əliyev Fondu ilə birgə Fransanın bir çox bölgələrində mədəniyyət günlərinin təşkil edildiyini diqqətə çatdırıb. O deyib ki, mədəniyyət, kitabxana, muzey sahələrində əlaqələri daha da dərinləşdirmək lazımdır. 

 

Ə. Qarayev fransalı həmkarına Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fransada həyata keçirilmiş layihələr, ölkəmizin mədəniyyətlərarası dialoqa töhfələri və bu istiqamətdə beynəlxalq fəaliyyətləri haqqında məlumat verib. O, Azərbaycanın qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da dərinləşdirilməsi üçün bütün layihə və təşəbbüslərə açıq olduğunu vurğulayıb.

 

Nazir ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi rəsmi Parisin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının həm işğalçı ölkə, həm də separatçı rejim tərəfindən Fransa ərazisində təbliğinin qarşısının alınması üçün ciddi addımlar atmasının zəruriliyini diqqətə çatdırıb.

 

Görüşdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev də iştirak edib.



© APA 2018