Mədəniyyət xəbərləri

Əbülfəs Qarayev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini ilə görüşüb

17:41 10-04-2018

Əbülfəs Qarayev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ə. Qarayev Özbəkistan və Azərbaycan arasında mədəniyyət və turizm əlaqələrinin inkişaf etdirilməsi, turistlərin cəlb olunması istiqamətində qarşılıqlı əməkdaşlığın sürətləndirilməsi üçün görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Sarvar Otomuradov Özbəkistanın turizm bazarı üçün Azərbaycanın prioritet istiqamətlərdən biri olduğunu və bu məqsədlə qarşılıqlı turist mübadiləsinin xüsusi əhəmiyyətini qeyd edib.

 

Nazir ölkəmizin müxtəlif turizm imkanlarının, o cümlədən sağlamlıq turizmi, qış turizmi və s. turizm sahələrinin özbək turistlərini Qalaaltı, Naftalan, Duzdağ, Şahdağ və s. istiqamətlərinə cəlb edə biləcəyini bildirib. Qeyd edib ki, bu məqsədlə hər iki ölkəyə info-turların təşkili turistlərin cəlb olunması, turizm potensialının təbliği istiqamətində effektiv ola bilər.

 

Görüşdə Özbəkistan və Azərbaycan arasında birbaşa uçuşların mövcudluğunu nəzərə alaraq, birgə turist paketlərinin hazırlanması, çarter reyslərin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı təkliflər səsləndirilib. Qonaq Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi ilə hüquqi baza əsasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.



© APA 2018