Mədəniyyət xəbərləri

Əbülfəs Qarayev Yevlaxda vətəndaşları qəbul edib

15:17 28-11-2017

Əbülfəs Qarayev Yevlaxda vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax şəhərləri, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.

 

Mədəniyyət Və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı olub.

 

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydə alınıb.

 

Nazir Əbülfəs Qarayev jurnalistlərə bildirib ki, qəbullar zamanı vətəndaşlar tərəfindən irəli sürülən təşəbbüslər yerlərdə mədəniyyət və turizm işinin daha səmərəli təşkilinə zəmin yaradır. Nazir tarixi-mədəni irsin qorunması, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı məsələləri xüsusi qeyd edib: “Budəfəki görüşdə də vətəndaşlarımızın mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində maraqlı təklifləri oldu. Xüsusilə Qarabağın tarixinin ölkəmizə gələn xarici turistlərə dəqiq şəkildə çatdırılması kimi həssas məsələlərin qaldırılması çox sevindirici haldır. Eyni zamanda bölgədə turizmin inkişafı ilə bağlı təkliflər səsləndi”.

 

 



© APA 2018