Mədəniyyət xəbərləri

Əbulfəz Qarayev İsfahan əyalət başçısı ilə görüşüb

23:36 05-07-2017

Əbulfəz Qarayev İsfahan əyalət başçısı ilə görüşüb

İyunun 5-də  İranda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbulfəz Qarayev İsfahan əyalət başçısı Rəsul Zərgərpurla görüşüb.

 

APA-nın Tehran bürosunun məlumatına görə,  Ə.Qarayev  görüşdə  iki ölkənin əlaqələrinin daim  inkişaf etdiyini bildirib.

 

Nazir deyib ki, iki ölkənin tarixi və mədəni əlaqələri gələcək inkişaf üçün  mühüm potensial  yaradıb: “Azərbaycan və İran xalqı arasında mədəni əlaqələr sülh və dostluq üzərində qurulub.  Azərbaycandan İsfahana çox sayda turistlər səfər edəcək.  Gələcəkdə  Azərbaycanın böyük şəhərləri  və İsfahan arasında əməkdaşlıq üçün daha da yaxşı münasibətlər qurulacaq”. Ə.Qarayev Rəsul Zərgərpurun İsfahan ilə Azərbaycanın şəhərlərindən birinin   qardaş  şəhər olması təklifini alqışlayıb və deyib ki,  bu təklif  iki ölkənin səfirliyi vasitəsi ilə gündəmdə saxlanılacaq.  

 

Görüşdə İsfahan əyalət başçısı Rəsul Zərgərpur  bildirib ki,  Azərbaycan və İran mədəniyyəti arasında oxşarlıq o qədərdir ki, hər iki ölkədən turistlər qarşı tərəfə səfər edərkən özlərini  vətənlərində  hiss edir:  “İsfahan Azərbaycanla  mədəniyyət,  iqtisadiyyat, elm və texnologiyalar sahəsində əməkdaşlıq etməyə hazırdır və biz bu əlaqələrin inkişafında maraqlıyıq. Azərbaycanın turizm şirkətləri İsfahana səfər edərək əyalətin  turizm potensialı ilə tanış ola bilər.  Azərbaycanda İsfahan əyalətinin  mədəniyyət günlərinin keçirilməsinə də hazırıq.  İsfahanın təcrübəli  incəsənət ustalarını, xüsusi ilə  əl işləri sənayesindəki ustaları Azərbaycana göndərə bilərik”.  



© APA 2017