Mədəniyyət xəbərləri

İranda Azərbaycan Mədəniyyət Günləri keçirilir

10:36 05-07-2017

İranda Azərbaycan Mədəniyyət Günləri keçirilir

“Azərbaycan və İran arasında iqtisadi, enerji, yük daşımaları, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq gündən-günə inkişaf edir”. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Azərbaycanın turizm və mədəniyyət naziri Əbulfəs Qarayev Tehranda Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimində çıxışında deyib. O bildirib ki, hər iki ölkə  beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən UNESCO, Beynəlxalq Turizm Təşkilatı və digər təşkilatlarda bir-birini dəstəkləyir və iki ölkənin əməkdaşlığı qarşılıqlı turist səfərlərinin artmasına da təsir göstərir: “Novruz tətili günlərində minlərlə İran vətəndaşı Azərbaycana, minlərlə Azərbaycan vətəndaşı isə İrana səfər etdi. Bizim üçün sevindirici haldır ki, Bakı şəhəri  İran vətəndaşlarının istirahət məkanına çevrilib”.
 

Nazir xatırladıb ki, sonuncu dəfə İranda Azərbaycan Mədəniyyət Günləri  2010-cu ildə keçirilib, 2011-ci ildə isə Azərbaycanda İran Mədəniyyət Günləri təşkil olunub: “İki ölkənin və xalqların mədəni əlaqələrinin inkişafı üçün geniş potensial var. Azərbaycan Mədəniyyət Günlərinin İranda keçirilməsi iki ölkə və xalq arasındakı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir”. 

 

Daha sonra APA-nın Tehran müxbirinin sualını cavablandıran Ə. Qarayev   bu proqramların təşkili üçün İran prezidentinə və bu işdə əməyi olan bütün şəxslərə təşəkkür edib: “Bizim nümayəndə heyəti çox çeşidli bir proqram hazırladı və mən ümidvaram ki, bu günlər ərzində iranlılar Tehranda və İsfahanda Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaqlar. Düşünürəm ki, Azərbaycan Mədəniyyət Günləri yeni bir dalğanın başlanğıcıdır. Və biz gələn il ərzində İranın Mədəniyyət Günlərini Azərbaycanda keçirməyə hazırıq”.



© APA 2017