Mədəniyyət xəbərləri

İsrail səfiri: “Qəbələ musiqi festivalı çox yüksək səviyyədə təşkil edilib”

11:42 03-08-2017

İsrail səfiri: “Qəbələ musiqi festivalı çox yüksək səviyyədə təşkil edilib”

“Mən əvvəllər Qəbələdə bir neçə dəfə olmuşam, lakin bu Beynəlxalq Musiqi Festivalında ilk dəfədir iştirak edirəm. Burada artıq 4 konsertə tamaşa etmişəm. Qəbələdə, gözəl təbiət qoynunda tanınmış orkestrlərin və solistlərin ifasında canlı musiqi dinləmək çox xoşdur”.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Qəbələ festivalında iştirak edən İsrailin ölkəmizdəki səfiri Dan Stav deyib.

 

Səfir Azərbaycan və İsrail musiqiçilərinin birgə çıxışının onu valeh etdiyini bildirib: “Həmçinin, konsertdə İtaliyanın “La Scala” Akademiyasının uşaq xorunun üzvü olan 9 yaşlı Canluicci Sartori (tenor) Azərbaycanın xalq mahnısı olan “Sarı gəlin”i çox gözəl ifa etdi. Bu mənim çox xoşuma gəldi”.

 

Səfir Dan Stav bu festivalda İsraili təmsil edən musiqiçilərdən Dmitri Yablonski, Mixail Slatkin, Janna Qandelmann və Oksana Yablonskayanın ifasını dinlədiyini bildirib. İsrailli diplomat bu festivalın çox yüksək səviyyədə təşkil edildiyini qeyd edib: “Konsertdə dünya şöhrətli musiqiçilərin ifasından zövq aldım. Qəbələ festivalının təşkilatçılarına təşəkkür edirəm”.



© APA 2017