Mədəniyyət xəbərləri

İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalının açılışı keçirilib

16:09 01-12-2017

İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalının açılışı keçirilib

Noyabrın 29-da Roma şəhərinin “Baglioni Hotel Regina” mehmanxanasında Azərbaycanın İtaliyadakı səfirliyi, İtaliya-Azərbaycan Ticarət Palatası və “Baglioni Hotel Regina” mehmanxanasının birgə təşkilatçılığı ilə İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalının təntənəli açılışı keçirilib.

 

Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, iki gün davam edəcək festivalın açılışında İtaliya hökumətinin, parlamentinin nümayəndələri, mədəniyyət, incəsənət, kulinariya aləminin tanınmış simaları, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bildirib ki, İtaliyada ilk dəfə keçirilən Azərbaycan Mətbəxi Festivalının təşkilində məqsəd Azərbaycanın zəngin mədəniyyətinin tərkib hissəsi olan və Azərbaycan xalqının əsrlər boyu formalaşmış tarixi dəyəri olan kulinariya ənənələrimizin italyanlara tanıdılmasıdır. M. Əlizadə Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf edən 2017-ci il ərzində səfirlik tərəfindən İtaliyada bir sıra mədəni tədbirlərin, o cümlədən Birinci Azərbaycan Kino Festivalının da keçirildiyini və bu tədbirlərin iki ölkənin xalqları arasında təmasların daha da yaxınlaşmasına xidmət etdiyini söyləyib.

 

İtaliyanın mədəniyyət və turizm nazirinin müavini Antimo Çezaro bu  ilin may ayında Bakıda keçirilmiş İV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb. Azərbaycan mədəniyyəti, incəsənəti, arxitekturası, mətbəxinə heyranlığını bildirən A. Çezaro Azərbaycanın multikulturalizm ənənələrini təqdir edib. Eyni zamanda Azərbaycan mətbəxinin zənginliyi və unikallığının da məhz ölkəmizdə mədəniyyətlərin qaynayıb-qarışmasının nəticəsi olduğunu qeyd edib. İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi isə festivalın keçirilməsinin Azərbaycan mətbəxi ilə yanaşı, Azərbaycanın ərzaq məhsullarının və “Made in Azerbaijan” brendinin də İtaliyada təqdim edilməsi üçün yaxşı imkan olduğunu vurğulayıb.  

 

Festivalda bir sıra Azərbaycan şirkətlərinin, o cümlədən “Gilan Qəbələ Konserv Zavodu”, “İsmayıllı Şərab 2 ASC”, “AzNar QSC” və “RaziRice” kimi şirkətlərin məhsulları nümayiş etdirilib. Məşhur italyan kulinariya jurnalisti və tənqidçisi Karlo Kambi Azərbaycan mədəniyyətinə valeh olduğunu söyləyib. K. Kambii Azərbaycanın kulinariya ənənələri, mətbəximizin tərkib hissəsi olan təamlarımızın xüsusiyyətləri, ölkəmizin kənd təsərrüfatı ənənələri, Azərbaycan şərablarının xarakterik cəhətləri barədə danışıb.

 

Peşəkar aşpazlar Abuzər Şirəliyev və Tural Bayramov milli mətbəximizin atributlarından biri “Şah Plov”u nümayiş etdiriblər. Festivalda milli komponentlərimizlə bəzədilmiş Azərbaycan süfrəsində 14 cür təam, habelə milli mətbəximizin özünəməxsus komponentləri olan nar şirəsi, şərbət növləri, zəfəran, sumax, eləcə də Azərbaycan istehsalı olan şərablar və çay təqdim edilib. Tədbirdə Azərbaycan və italyan musiqiçilərinin birgə ifasında Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub, eləcə də milli mətbəximizə aid materiallar paylanılıb.



© APA 2017