Mədəniyyət xəbərləri

Leyla Əliyeva Xalq artisti Tofiq Quliyevin 100 illik yubiley gecəsində iştirak edib

00:35 08-11-2017

Leyla Əliyeva Xalq artisti Tofiq Quliyevin 100 illik yubiley gecəsində iştirak edib

Noyabrın 7-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubiley gecəsi keçirilib.

 

Heydər Əliyev Fondundan APA-ya verilən məlumatına görə, Fondun vitse-prezidenti Leyla Əliyeva yubiley gecəsində iştirak edib.

 

Heydər Əliyev Fondu yubileylə əlaqədar Xalq Artisti Tofiq Quliyevin yaradıcılığına həsr olunan “Musiqidə döyünən ürək” adlı multimedia toplusu hazırlayıb. Yubiley gecəsindən əvvəl Heydər Əliyev Mərkəzinin foyesində multimedia toplusunun təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov topluda Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyevin yaradıcılığının geniş təhlil edildiyini və bəstəkar haqqında görkəmli şəxsiyyətlərin fikirlərinin, xatirələrinin yer aldığını bildirib. “Biz artıq iki ilə yaxındır ki, Tofiq Quliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşırdıq və nəticə etibarilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə çox gözəl bir layihə ərsəyə gəldi”, - deyən Anar Ələkbərov layihənin reallaşması üçün böyük işçi qrupunun yaradıldığını diqqətə çatdırıb. Təqdimat mərasimində məlumat verilib ki, şəxsi və dövlət arxivlərinin materialları əsasında hazırlanan toplu Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında kitab-albomdan, bəstəkarın bədii filmlər üçün mahnıları, fortepiano üçün əsərləri, indiyədək səslənməmiş simfonik orkestr üçün əsərlərindən ibarət dörd cildlik not kitabları, 212 əsəri özündə cəmləşdirən fleş-kart dəstindən ibarətdir.

 

Daha sonra Heydər Əliyev Mərkəzinin Auditorium zalında təntənəli mərasim başlayıb. Əvvəlcə bəstəkarın oğlu, kinorejissor və ssenarist, Xalq Artisti Eldar Quliyev və qızı, yubiley konsertinin bədii rəhbəri Lalə Quliyeva çıxış edib. Çıxışlardan sonra Xalq Artisti Tofiq Quliyevin ömür yolundan və yaradıcılığından bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilib.

 

Konsert proqramında bəstəkarın müəllifi olduğu mahnılar, kinofimlərə yazdığı instrumental musiqilər, caz musiqiləri, simfonik orkestr üçün əsərləri ifa olunub. Yubiley gecəsində Tofiq Quliyevin məşhur, dillər əzbəri olan mahnıları ilə yanaşı, uzun müddətdir səslənməyən kompozisiyaları da təqdim edilib.

 

Konsertdə Xalq artistləri Fidan və Xuraman Qasımovalar, Azər Zeynalov, Samir Cəfərov, Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Əməkdar artistlər Aygün Bəylər, Azərin, Tünzalə Ağayeva, Sərxan Sərxan, İlqar Muradov, Emil Əfrasiyab, Elçin Əzizov, İsfar Sarabski, rusiyalı vokalçı Yana Melikayeva, tarzənlər – Əməkdar Artist Sahib Paşazadə, Şəhriyar İmanov, nağara ifaçısı Emin Cəbrayılov, skripkaçılar Elvin Qəniyev, Ceyla Seyidova, həmçinin Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, “Qaya” ansamblı, “Natiq” ritm qrupu və “Qaytağı” qrupu çıxış ediblər.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bəstəkarın oğlu, Xalq Artisti Eldar Quliyev və qızı Lalə Quliyeva ilə görüşüb. Leyla Əliyeva yubiley gecəsinin yüksək səviyyədə təşkil edildiyini, gecədə səslənən əsərlərin Tofiq Quliyevin yaradıcılığının parlaq nümunələri olduğunu, bu əsərlərin hamı tərəfindən sevildiyini deyib. Leyla Əliyeva bildirib ki, yubiley gecəsindəki ab-havadan həm babası, ulu öndər Heydər Əliyev, həm də bəstəkarın özü məmnun qalardı. Tofiq Quliyevin övladları yubiley gecəsinin təşkilində prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyini yüksək qiymətləndirdilər və minnətdarlıqlarını ifadə ediblər.



© APA 2017