Mədəniyyət xəbərləri

Londonun “FeMusa” orkestrinin rəhbəri: “Qəbələdə belə möhtəşəm auditoriya ilə qarşılaşaçağımı təsəvvür etmirdim”

17:45 02-08-2017

Londonun “FeMusa” orkestrinin rəhbəri: “Qəbələdə belə möhtəşəm auditoriya ilə qarşılaşaçağımı təsəvvür etmirdim”

“Mən artıq 27 ildir ki, Londonda yaşayıram və “FeMusa” Kamera Orkestrini də 2008-ci ildə orada təşkil etmişəm. İlk dəfədir ki, Qəbələ Beynəlxalq Musiqi Festivalına dəvət almışam. Bu festival çox yüksək səviyyədə təşkil edilib”.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu “FeMusa” kamera Orkestrinin yaradıcısı və bədii rəhbəri, Böyük Britaniyada yaşayan azərbaycanlı gənc musiqiçi, beynəlxalq müsabiqələr laureatı Nəzrin Rəşidova deyib. O, rəhbərlik etdiyi musiqi qrupunda 11 ölkədən olan gənc qızların təmsil olunduğunu və onların Qəbələ festivalında uğurla çıxış etdiyini bildirib: “”FeMusa”nın musiqiçiləri burada öz bacarığını nümayiş etdirdi. Mən doğma vətənimdə keçirilən festivalda iştirakıma görə çox sevinirəm. Mən Qəbələdə belə möhtəşəm tamaşaçı auditoriyası ilə qarşılaşaçağımı, böyük diqqət görəcəyimi təsvir etmirdim. Festivalın təşkilatçılarına təşəkkür edirəm”.

 

Rəhbərlik etdiyi musiqi qrupunun fəaliyyəti barədə danışan Nəzrin Rəşidovanın sözlərinə görə, 9 il öncə Londonda istedadlı qadın musiqiçilərin iştirakı ilə təşkil olunan və peşəkar beynəlxalq kamera orkestri sayılan “FeMusa” daim müasir dövrün bəstəkarlarının əsərləri ilə çıxış edir. “FeMusa” 1950-ci ildən sonra Londonda yaradılan il qadın orkestridir. Üç yaşından Londonda yaşayan azərbaycanlı musiqiçi Oman və Parisdə də konsertlər verib.           



© APA 2017