Mədəniyyət xəbərləri

Tehranda Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı olub

21:38 04-07-2017

Tehranda Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı olub

Tehranda Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılış mərasimi keçirilib. APA-nın Tehran bürosunun məlumatına görə, açılış mərasimi iranlı və azərbaycanlı incəsənət xadimlərinin iştirakı ilə təşkil olunub.

 

Mərasimin açılışında İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi  Türkmna qonaqları salamlayıb və Azərbaycan dilində iki ölkənin dostluğuna həsr olunmuş şerlər oxuyub.

 

Daha sonra Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib və hamını İranda Azərbaycan mədəniyyəti günlərinin tədbirlərində iştirak etməyə dəvət edib. Sonra İranın islami irşad və mədəniyyət naziri Rza Salehi qonaqları salamlayaraq Azərbaycan və İranı iki dost ölkə, xalqlarını isə qardaş xalq adlandırıb.

 

Mərasimin davamında Azərbaycanla bağlı videoçarx yayımlanıb. Daha sonra Azərbaycan Xalq Çalğı Alətləri orkestrinin konserti olub. 

 

Bu gün həmçinin Tehranda miniatür kitablar və foto sərgisinin açılışı olub. Eləcədə Azərbaycan kino həftəsinə start verilib.  

 

Sabah Azərbaycan mədəniyyəti gGünləri çərçivəsində Azərbaycan Xalq Çalğı Alətləri orkestrinin İsfahan şəhərində konserti baş tutacaq.



© APA 2017