Mədəniyyət xəbərləri

Azərbaycan təmsilçisi Moldovada beynəlxalq festivalda çıxış edib

15:39 05-12-2017

Azərbaycan təmsilçisi Moldovada beynəlxalq festivalda çıxış edib

Kişinyovda dünyanın 18 ölkəsinin iştirakı və UNESCO-nun təşkilatçılığı ilə beynəlxalq mahnı, rəqs və model müsabiqəsi və istedadlı ulduzların festivalı keçirilib.

 

Azərbaycanın Moldovadakı səfirliyinin mətbuat xidmətindən APA-nın Moldovadakı müxbirinə verilən məlumata görə, festivalda Azərbaycanı Hüseyn İmanov təmsil edib.

 

O, Moldovanın məşhur bəstəkarı İon Aldea Teodoroviçin “Xalqın suverenliyi” mahnısını ifa edib və birinci yeri tutub.
Azərbaycan nümayəndəsinə dəstək məqsədi ilə tədbirdə Azərbaycanın Moldovadakı səfirliyinin məsul əməkdaşları və Moldovada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

 

H. İmanov Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov tərəfindən qəbul edilib. Görüş zamanı səfir H. İmanovun tədbir təəssüratları ilə maraqlanıb, gələcək işlərində uğurlar arzulayıb. Öz növbəsində təmsilçimiz səfirə onu qəbul etdiyi və səfirliyin onu dəstəklədiyi üçün öz minnətdarlığını bildirib. 


Qeyd edək ki, həmyerlimiz Hüseyn İmanov 6 yaşından səhnədə çıxış edir, Rusiyanın və beynəlxalq müsabiqələrin laureatıdır. H. İmanov Rusiyanın Kremlin hərbi orkestrinin ifaçısı olub, Rusiyanın estrada ifaçıları ilə bir səhnədə çıxış edib.



© APA 2017