Mədəniyyət xəbərləri

İlhamə Quliyeva Məmməd Quliyevi dəstəklədiyini etiraf edib

17:26 04-05-2007

İlhamə Quliyeva Məmməd Quliyevi dəstəklədiyini etiraf edib

“Mən Moskvada azərbaycanlı şair və dramaturq Miryusif Mirnəsiroğlunun yaradıcılığının 55 illiyinə həsr olunmuş yubiley tədbirində həqiqətən də iştirak etmişəm. Həmin tədbirdə tək mən yox, bir neçə sənətkar olub. Tədbirdə böyük məmnuniyyətlə çıxış etmişəm. Mən sərbəst insanam və hara istəsəm gedə bilərəm. Ayaz Mütəllibovun həmin tədbirdə iştirak etməsi və mənim onunla görüşməyim barədə yazılanlar isə ağ yalandır”. Bunu APA-ya göndərdiyi açıqlamasında müğənni İlhamə Quliyeva Moskvada Ayaz Mütəllibov və Bakının keçmiş prokuroru Məmməd Quliyevlə görüşməsi, həmçinin M. Quliyevi “Azərbaycan xalqının böyük oğlu” adlandırması barədə “Yeni Müsavat” qəzetində dərc edilənlərlə bağlı qeyd edib. Həmin yazıya görə, Moskvada tədbirin keçirildiyi “Kür” kafesi Ayaz Mütəllibova məxsusdur. Burada çıxış edən İ. Quliyeva isə A. Mütəllibov və M. Quliyevlə görüşüb. Müğənni M. Quliyevin ünvanına xoş sözlər deyəndən sonra isə bununla razılaşmayan bir neçə nəfər məclisi tərk edib.
İ. Quliyeva “Ayaz Mütəllibovun olduğu küçədən belə keçmək” istəmədiyini vurğulayıb: “Həmin tədbiri “İnteraz” lentə köçürüb, kim istəsə baxa bilər”. Amma İ. Quliyeva Məmməd Quliyevi dəstəklədiyini danmayıb: “Məmməd Quliyev kimi insanlar Rusiyada prezident İlham Əliyevi dəstəkləyir, böyük hörmət bəsləyir. Bu adamlar hər zaman dövlətin, prezidentin qulluğunda durmağa hazırdırlar. Bu sözləri onların dilindən dəfələrlə eşitmişəm”. /APA/


© APA 2018