Mədəniyyət xəbərləri

Murad Dadaşov “Ağ Lama” adlı yeni televiziya layihəsinə başlayacaq

17:44 22-11-2017

Murad Dadaşov “Ağ Lama” adlı yeni televiziya layihəsinə başlayacaq

Azərbaycanın əməkdar artisti, şoumen Murad Dadaşov yeni layihəyə start verir.

 

Murad Dadaşovun APA-ya verdiyi məlumata görə, “Ağ Lama” adı altında həyata keçiriləcək layihə yumoristik xarakterlidir: “Layihəyə qatılmanın şərtləri çox asandır. “Ağ Lama” yumoristik şousunun onlayn seçim mərhələsinə istənilən mövzuda stand up, monoloq, parodiya, mahnı və ya sadəcə, səhnəciklər hazırlayaraq, həm tək, həm də duet şəklində qatılmaq mümkündür. Əvvəla, iştirakçı yuxarıda sadalananlar arasından uyğun olan janrı 1 dəqiqəlik video şəklində tanıtım məqsədi ilə video@aglamashow.com mail ünvanına və ya 050 347 50 00 nömrəsinin Whatsapp xidmətinə göndərməlidir. Eyni zamanda iştirakçı ilə təkrar əlaqə saxlamaq üçün şəxsi koordinatlarını da qeyd etməlidir. Əsas odur ki, videonun vaxtı 1 dəqiqədən artıq olmasın və orada iştirakçı özünü təqdim etməklə bərabər, həm də çıxışını tam şəkildə nümayiş etməyi bacarsın. Onlayn seçimdə məqsəd, ilk baxışdan iştirakçının performansını dəyərləndirməkdir. Videolar layihənin təşkilati heyəti tərəfindən müəyyən vaxt ərzində hərtərəfli incələnəcək, daha sonra nəticə barədə iştirakçıya şəxsən məlumat veriləcək. Onlayn seçim mərhələsinin müddəti dekabr ayının 10-dək nəzərdə tutulub”.

 

“Ağ Lama” yumoristik layihəsində yarışmanın şərtlərinə gəlincə, M. Dadaşov əlavə edib ki, layihənin hər buraxılışında seçim turundan keçən 5 iştirakçı çıxış edir: “Ümumilikdə oyun 2 mərhələdən ibarətdir. İlkin mərhələ 5 iştirakçı ilə zalda olan tamaşaçılardan 5 nəfər arasında baş verir. Müəyyən məbləğdə pul uduşu və bu uduşu əldə etmək üçün vaxt təyin olunur. Bizim ölçü vahidimizə görə 1 saniyə 1 Azn dəyərindədir. İştirakçı həmin məbləğə sahib olmaq üçün tamaşaçını güldürməyə çalışmalıdır. Buna nail olsa, məbləği o qazanır. Əks halda təyin olunmuş pul uduşunu tamaşaçı əldə edir və yerindəcə həmin məbləği götürür. İştirakçı qalib olduğu təqdirdə isə məbləğ şounun Uduş Fonduna yatırılır. Uduş Fondundakı vəsaitin miqdarı birinci mərhələdə qalib olan iştirakçıların sayından asılıdır. İlkin mərhələdə iştirakçılar hamısı Uduş Fondundakı yatırım üçün komanda olaraq yarışırlarsa, ikinci mərhələdə artıq hər kəs yığılan məbləğ uğrunda tək şəkildə mübarizə aparır. Birinci mərhələdən keçən iştirakçılar növbəti mərhələdə artıq peşəkar münsiflərin qarşısında çıxış edirlər. Onlar iki nəfərdən ibarət təcrübəli münsiflər heyətini güldürməyə çalışır. Yarışmanın sonunda münsiflər kimin onları daha çox güldürdüyünə qərar verir. Qalib olan iştirakçı Uduş Fondunda olan məbləği əldə edir. Əgər qalib bir nəfərdən çoxdursa, o zaman bu pul uduşu onların arasında bərabər şəkildə bölünür”.

 

 



© APA 2018