Xəbər

BMT və FHN-in birgə layihəsi üzrə hesabat seminar keçirilib - FOTO - VİDEO

11:44 21-05-2014

BMT və FHN-in birgə layihəsi üzrə hesabat seminar keçirilib - FOTO - VİDEO

Bakı. Könül Kamilqızı – APA. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı və Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” adlı birgə layihəsi üzrə hesabat seminarı keçirilib.

APA-nın xəbərinə görə, seminarda layihə üzrə 2013-cü ildə görülmüş işlərin yekununa dair hesabat verilib, gələcək tədbir və planlar üzrə müzakirələr aparılıb.

 

Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının proqramlar üzrə meneceri Məzahir Əfəndiyev bildirib ki, bu gün ölkədə texnogen vəziyyətin yaxşılaşdırılması, mövcud problemlərin, xüsusilə iqlim dəyişiklikləri, sel daşqınları ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan hökuməti, xüsusilə Fövqəladə Hallar Nazirliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir. M. Əfəndiyev qeyd edib ki, BMT İP FHN ilə yaxından əməkdaşlıq edərək yüksək səviyyəli işlərin həyata keçirilməsinə böyük ümidlər bəsləyir: “Azərbaycanda iqlim dəyişikliyi kontekstində sel daşqınları, su çatışmazlığı kimi problemlərin həllində beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, yerli və beynəlxalq mütəxəssislərin birgə fəaliyyətinin qurulması istiqamətində fəaliyyət həyata keçirilməkdədir. 2 ildən çox müddət ərzində 15-20 yerli və beynəlxalq mütəxəssislərlə birgə Böyük Qafqazın cənub ətəyində olan ərazilərdə çöl araşdırma işləri həyata keçirilib. Bu işlərin həyata keçirilməsində əsas məqsəd xüsusilə dağ ərazilərində yaşayan insanların texnogen problemlərdən, iqlim dəyişikləri nəticəsində baş verə biləcək kataklizmlərdən qorunmasıdır”.

 

Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov isə çıxışında bildirib ki, məqsədyönlü sosial-iqtisadi strategiyaya əsaslanan islahatların bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilməsi bütün sahələrdə olduğu kimi, ölkədə təbii fəlakətlərin və texnogen mənşəli qəzaların nəticələrinin aradan qaldırılması və suların idarə edilməsi sektorunda da çoxsaylı layihələrin reallaşdırılmasına səbəb olub. Nazir müavini qeyd edib ki, belə layihələrdən biri də Nazirlər Kabinetinin sərəncamına əsasən BMT-nin İnkişaf Proqramı və Fövqəladə Hallar Nazirliyi arasında həyata keçirilən Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsidir. Onun sözlərinə görə, 2012-ci ildən həyata keçirilən layihənin məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının su çatışmazlığı, sel və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır.



© APA 2018