Təhlil

Avropa İttifaqi kriptovalyutalara münasibəti niyə yumşaldır? - TƏHLİL

17:03 01-03-2018

Avropa İttifaqi kriptovalyutalara münasibəti niyə yumşaldır? - TƏHLİL

Fevralın 26-da Avropa Komissiyası Brüsseldə "Kriptovalyutalar - imkanlar və risklər" mövzusunda dəyirmi masa keçirilib. Sirr deyil ki, son aylar ərzində kritpovalyutalar və xüsusən də onların ən məşhuru olan "Bitcoin" dünyanın maliyyə bazarlarında inqilab yaradıb və yeni maliyyə alətinin meydana çıxması tənzimləyici orqanlarından yeni, tarazlaşdırılmış və operativ addımları tələb edir.

 

Avropa İttifaqı institutları, tənzimləyici orqanlar və üzv ölkələr tərəfindən yeni maliyyə texnologiyaları tərəfindən qoyulan yeni çağırışlarına necə reaksiya verməli, bu texnologiyaların yeni imkanlarından necə istifadə etməlidir? İlk növbədə qeyd edilib ki, kriptovalyutalar və "blockchain" texnologiyaları iqtisadiyyatın müxtəlif sahələrinə "toxunur" və ilk növbədə bu, maliyyə bazarlarına aiddir. Dəyirmi masada əsasən üç mövzuda müzakirələr aparılıb. Bunlar kriptovalyutaların maliyyə bazarlarına təsiri, investorların müdafiəsi və kriptovalyutaların yeni maliyyə aləti olduğu baxımından maliyyə bazarlarının bütövlüyünün təmin edilməsi və qorunmasıdır. Tədbirdə Avropa Komissiyasının hazırkı mərhələdə bu istiqamətdə əsas məqsədləri də ifadə olunub. Qeyd etmək lazımdır ki, gələcəkdə AK tərəfindən maliyyə texnologiyaları üzrə Tədbirlər Planının hazırlanması və onun G20 səviyyəsində qəbul edilməsi planlaşdırılır.

 

Faktiki olaraq, dəyirmi masanın keçirilməsi həmin Plan hazırlanması üzrə tədbirlərin bir tərkib hissəsidir. Tədbirdə çıxış edən AK-nın maliyyə sabitliyi, maliyyə xidmətləri və maliyyə bazarları üzrə vitse-prezidenti Valdis Dombrovskis bildirib ki, hazırda Avropa məkanı virtual valyutalar sahəsində hələ də kiçik bir rola malikdir. Buna görə də G20 ölkələri ilə müzakirə, vahid bir mövqe və sənədlərin qəbulu vacib hesab olunur. Dombrovskis bəyanatında AK-nın mövqeyini və əldə olunmuş nəticələri barədə danışıb.

 

Birincisi, Avropa Komissiyası bu qənaətə gəlib ki, “blockchain” texnologiyaları maliyyə bazarları üçün böyük imkanlar açır və dünya səviyyəsində rəqabət qabiliyyətini saxlamaq üçün Avropa bu yeniliyi qəbul etməlidir.

 

İkincisi, kriptovalyutalar ənənəvi mənada valyutalar deyil və onların dəyəri zamin edilmir ki, nəticədə onlar ciddi spekulyativ əməliyyatların predmetinə çevrilir. Həmin fakt istehlakçıları və investorları ciddi riskə "salır" və ilk növbədə söhbət investisiyalrının itirilməsindən gedir.

 

Üçüncüsü, kriptovalyutalarla bağlı müxtəlif risklər barədə istehlakçıları və investorları xəbərdar etmək son dərəcədə zəruridir və həmin xəbərdarlıqlar başa düşülən şəkildə, tez-tez, bütün tənzimləyici kanallar vasitəsi ilə edilməlidir.

 

Dördüncüsü, Avropa Komissiyası bildirir ki, virtual valyutaların yerləşdirilməsi və bu proses çərçivəsində investorlardan vasitələrin cəlb edilməsi innovasiya şirkətləri üçün bəzi problemlər yaradır. Həmin problemlər ilk növbədə şəffaflığın olmaması, emitentlər barədə məlumatların olmaması və ya mübahisəli, və ya tam olmamaması kimi məqamlardan ibarətdir.

 

Beşinci və ən vacib nəticə ondan ibarətdir ki, Avropa Komissiyası və üzv ölkələr virtual valyutaların hazırkı tənzimləmə rejimini və qanunvericiliklə əhatə edilməsi səviyyəsini qiymətləndirməlidir. Hələlik AK üzv olan ölkələrinə bəyan edir ki, Komissiya virtual valyutalar bazarlarını diqqət mərkəzində saxlayacaq, ölkələr isə tənzimlənmə rejimlərinin yenilənməsinə hazır olmalıdır. Hələlik, vəziyyəti qiymətləndirmə mərhələsinin davam etməsi və Avropa Komissiyasının kriptovalyutalar məsələsinə son dərəcədə ciddi yanaşması kimi dəyərləndirmək olar.

 

Əgər Avropa Komissiyası kriptovalyutalar haqqında Tədbirlər Planı hazırlasa, müvafiq tənzimləyici orqanlar tərəfindən tənzimləmə rejimində yeniliklər edilsə, bu, virtual valyutaların taleyinə dünya miqyasında təsir edəcək ikinci ciddi fakt olacaq. Birinci fakt ABŞ-ın Əmtəə fyuçerslərin ticarəti üzrə Komissiyasının ötən ilin sonunda qəbul etdiyi virtual valyutalar üzrə törəmə alətləri ilə ticarət edilməsinə verilən icazədir. Ümumilikdə isə hazırda virtual valyutalar "qadağan olunmayana icazə verilir" prinsipi əsasında fəaliyyət göstərir və ticarət edilir, amma bu vəziyyət nə tənzimləyici orqanları, nə də investorları qane etmir. Çünki virtual valyutalar bazarına əminlik lazımdır. Bu əminlik, müəyyənlik bazarda ilk növbədə kotirovkaların kəskin dəyişməsinin qarşısının alınmasına, şəffaflığın artırılmasına və konkret vahid tənzimləmə rejiminə tabe olunmasına xidmət edəcək.

 

Kotirovkaların dəyişmələri barədə daha ətraflı danışaq. Məsələn, “Bitcoin”in qiyməti son zamanlar ciddi volatillik nümayiş etdirir ki, nəticədə ilin əvvəlindən qiymət 17,1 min dollardan hazırkı 10,7 min dollara düşüb və ya 37,4% ucuzlaşıb. Səbəb? Heç kəs bu suala konkret, əsaslandırılmış cavab verə bilməyəcək. Əgər ABŞ öz məkanında hər hansı tənzimləyici təkmilləşdirmə qərarı qəbul edibsə, Avropada bu sahədə tam qanuni boşluq var.

 

Avropa Komissiyasının məsələyə ciddi yanaşması virtual valyutalar bazar iştirakçılrı arasında müəyyən nikbinlik yaratmalıdır, amma Avropada tənzimləmə mexanizmlər barədə qərarların çoxpilləli prinsipində qəbul edilməsi və bizim konkret halda onun G20 səviyyəsində müzakirə edilməsi həmin qərarın tez bir zamanda qəbuluna nikbinliyi kəskin azaldır. İnvestorlar gözləməli olacaq, çünki heç kəs bilmir ki, Avropa İttifaqı məkanında virtual valyutalar barədə konkret qərarlar nə vaxt qəbul ediləcək. Yaxud, dəyirmi masada səslənən fikirlər boş söz kimi qalmayacaq ki? AK rəhbərliyi məsələyə qətiyyətlə yanaşır - bu müsbət haldır, amma Aİ məkanında çoxlu üzv ölkələr var və onlar arasında fikir ayrılığı baş verə biləcək - bu mənfi haldır. Lakin virtual valyutalar üzrə Avropada konkretliyin əldə edilməsi lehinə bir məqam var - virtual valyutalar mövcuddur, “Bitcoin” artıq dünya miqyasında maliyyə aləti kimi çıxış edir və bununla bağlı vahid tənzimləmə rejimi yaradılmalıdır. Virtual valyutaların mövcudluğunu gözardı etmək vaxtı artıq keçib, Avropa tənzimləyiciləri bunu dərk edib müvafiq addımlar atmalıdır. Bu, virtual valyutaları üçün dünya miqyasında taleyüklü mərhələ olacaq.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi



© APA 2018