Təhlil

Avropada sosial müavinətlə yaşamaqla işləmək arasında məcburi seçim - TƏHLİL

10:24 10-10-2017

Avropada sosial müavinətlə yaşamaqla işləmək arasında məcburi seçim - TƏHLİL

Britaniya və Almaniya əmək miqrantlarına münasibəti yumşaldır, Fransa isə miqrasiya qanunlarını sərtləşdirir

Son iki-üç il Avropa İttifaqı üçün həqiqi bir sınaqdır. Proseslərin mahiyyəti dəyişmir, problemlər bitmək əvəzinə miqyasını genişləndirir, say baxımından çoxalır. Bunun səbəblərindən biri Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıdır, digəri Avropa İttifaqının əsas idarəedici orqanlarından biri olan Avropa Komissiyasının özüdür. Çünki bir çox hallarda Qərb Avropa ölkələrinin, yumşaq desək, tövsiyələrinin ardınca gedir.

 

Başdan başlayaq. Polşa mətbuat agentliyi (Polska Agencja Prasowa - PAP) məlumat yayıb ki, Böyük Britaniya hökuməti yaxın aylar ərzində  geniş tərkibli üç rəsmi görüş keçirmək niyyətindədir. Artıq bu görüşlərin ilkin müzakirə gündəliyi də məlumdur. Birinci görüş Londonda, daha iki görüş ölkənin digər regionlarında nəzərdə tutulur. Əsas mövzu - “Brexit”dən sonra Aİ vətəndaşlarının Britaniyada qalmaq və işləmək üzrə hüquq sisteminin müzakirəsidir və bu istiqamətində Polşanın rəsmi və qeyri-rəsmi təşkilatları ilə əməkdaşlığın qurulmasıdır. Böyük Britaniyanın daxili işlər naziri Ember Rudd "Rzeczpospolita" qəzetinə müsahibəsində bəyan edib ki, görüşlərin məqsədlərindən biri təxminən bir milyonluq Polşa icmasına “Brexit”dən sonra ölkədə qalmağın vacibliyini çatdırmaq və bu istiqamətində lazımı işlərin görülməsi barədə danışmaqdır. Qeyd edək ki, son aylarda Britaniyada polyaklara qarşı bir neçə təxribat aktları baş verib və ümumilikdə Polşa icmasının nümayəndələri artıq belə bir fikrə düşməyə başlayıblar ki, onlara bu neqativ yanaşma məhz hökumətdən "qaynaqlanır". Hökumət bu fikirləri tam dağıtmaq istəyir və polyakların “Brexit”dən sonra da ölkədə qalmasının tərəfdarı olduğunu icmaya çatdırmaq niyyətindədir.

 

Faktiki söhbət ondan gedir ki, polyaklara yanaşma “Brexit”in nəticələrindən və hakimiyyətin dəyişməsindən asılı olmayaraq, müsbət qalır. Xatırladaq ki, 2015-ci ilin sentyabrında Böyük Britaniyanın keçmiş baş naziri Kameron müsahibələrindən birində bəyan etmişdi ki, polyaklar adalarda həmişə xoşla qarşılanacaq. Niyə bu məsələ aktualdır, niyə məhz Polşa, niyə biz ümumilikdə buna fikir veririk? Bu suallara verilən cavab qısa bir təhlil tələb edir.

 

Beləliklə, niyə Polşa barəsində söz açmışıq? Birincisi, Polşa Avropa məkanında ən iri iş miqrasiya mənbəyidir. İkincisi, Polşa hökuməti vətəndaşlarının xaricdə iş və qalma məsələsinə son dərəcədə ciddiyyətlə yanaşır ki, nəticədə qəbul edən Qərb ölkələr də polyaklara həmin ciddi, korrekt və davamlı yanaşır. Üçüncüsü, Böyük Britaniyada bir milyona yaxın polyak yaşayır və işləyir və bu baxımından müddətli miqrasiya sahəsində polyaklar adalarda aparıcı yerdədir. Nəhayət, dördüncüsü, əgər Britaniya məhz Polşa ilə əmək miqrasiyası və ölkədə qalma məsələlərində sivil həll yolunu tapsa, bu onu göstərəcək ki, Britaniyada “Brexit”dən sonra bütün ölkələrlə müvafiq olaraq sivil və hüquqa əsaslanan əməkdaşlıq quracaq.

 

“Brexit” Polşa ictimaiyyətində ciddi narahatlıq yaranıb. Artıq cəmiyyətdə polyaklar Böyük Britaniyanı tərk etməli olacaqlar kimi fikirlər səslənməyə başlayıb, hətta proses artıq başlamaq üzrədir. Səbəb odur ki, “Brexit”dən sonra Aİ vətəndaşları adalarda qalmasını rəsmiləşdirməli olacaqlar, vizalar bərpa olunacaq, iş üçün icazələr tətbiq ediləcək ki, bu dəyişikliklər orada işləyən Aİ vətəndaşlarını qorxudur. Böyük Britaniya əmək miqrantlarının ölkədən getməsi ilə razı deyil və bunun qarşısını almaq üçün əlindən gələni etmək niyyətindədir. Çünki oradakı iqtisadçılar və hökumət başa düşür ki, siyasi məsələlərlə yanaşı əmək miqrantlar ölkə iqtisadiyyatına ciddi fayda verir ki, işlədiyi əsasən istehsal sahələrində artımın ciddi hissəsi məhz əmək miqrantları hesabına formalaşır.

 

Oxşar fikri artıq iki ildir ki, Almaniya da bütün Avropaya və dünyaya çatdırmaq istəyir. Söhbət ondan gedir ki, Almaniya məhz əmək miqrantların iqtisadiyyata xeyr məsələsi, siyasi və humanitar məsələləri önə çəkməklə Yaxın Şərq və Şimali Afrikadan qaçqınları qəbul etməyə razıdır və bu prosesi Aİ miqyasında yaymaq istiqamətində çalışır. Fikir tamamilə düzdür, amma qaçqınların qəbul etməsinə əleyhinə olanların fikrincə, qaçqınlar işləmək fikirlərində deyil və sosial müavinətlərin hesabına dolanmaq istəyirlər. Şərqi Avropa ölkələri, ilk növbədə Polşa Almaniyanın qaçqınlar üzrə miqrasiya siyasətini nəticəsiz hesab edir və ona qarşı çıxaraq, qaçqınları qəbul etməkdən imtina edir. Həmçinin burada hər hansı bir müqayisə yersiz olardı, çünki Polşa vətəndaşları Britaniya, Almaniyaya, Fransa, Belçika, Hollandiya kimi ölkələrinə məhz əmək fəaliyyəti üçün müvəqqəti gedirlər, qaçqınlar isə ən inkişaf etmiş ölkələrdə sosial miqrant statusunda qalmaq istəyir.

 

Britaniya və Almaniyadan fərqli olaraq Fransa əmək miqrasiyası məsələsində digər mövqedir. Belə ki, Fransada yeni prezident və yeni hökumət hakimiyyətə gələndən sonra ilk məsələlərdən bir Şərqi Avropa ölkələrindən əmək miqrasiyası problemi olub. Fransa prezidenti Makron yerli iş qüvvəsindən istifadə etmək baxımından əmək miqrasiyasını məhdudlaşdırmaq üzrə bir neçə bəyanatlarla çıxış edib və artıq konkret addımlar atmaqdadır. Bu, Fransa iqtisadiyyatına hansı təsir edəcək - böyük sualdır. Məsələn, Fransanın aqrar sənayesinin iri nümayəndələri, aqrar şirkətlərinin rəhbərləri dərhal çıxış edərək bəyan ediblər ki, əgər Şərqi Avropa ölkələrindən gələn əmək miqrantları olmasa, Fransanın aqrar sektorunu ciddi problemlər gözləyir. O cümlədən, bu ilin may ayında Fransanın aqrarilərin konfederasiyası bəyan edib ki, polyak mövsümi işçiləri Fransanın çiyələk istehsalı sahəsini faktiki olaraq xilas edirlər, onlarsız bu sektor ləğv olunacaq. Bu bəyanat hökumətin planlarına cavabdır. Belə ki, əgər hökumətin fikrincə, əmək miqrantları yerli işçiləri iş yerlərindən faktiki olaraq məhrum edir, vəziyyətlə daha yaxından tanış olan aqrarilər isə bilirlər ki, yerli əhali, yerli işçilər aqrar sahədə işləməyə getmir. Miqrantlar aqrar sahədən kənarlaşdırılsalar, (məcburiyyət qarşısında) aqrar sahələrin bir neçə sektorlarında ciddi istehsal enişi gözlənilir. İnzibati məhdudiyyətlər azmış kimi, Fransanın təşəbbüsü ilə Avropa Komissiyası yeni sənəd qəbul etməyə hazırlaşır. Bu sənəd ezam edilən işçilərə aiddir. Belə ki, Avropa Komissiyası belə bir sənəd qəbul etməyə hazırlaşır ki, Aİ ərazisində bir ölkədən digər ölkəyə göndərilən işçinin əmək haqqı və sosial paketi göndərildiyi ölkənin "rəqəmlərinə" uyğun olmalıdır. Söhbət ondan gedir ki, məsələn, Fransaya işçi göndərən təşkilat göndərilən işçisi üçün Fransada uyğun vəzifə üçün nəzərdə tutulmuş əmək haqqı verməlidir və uyğun sosial paket təşkil etməlidir. Əsas məqsəd Şərqi Avropadan əmək miqrasiyanı məhdudlaşdırılmasıdır. İlk baxımından Avropa Komissiyasının təşəbbüsü işçilərin xeyrinədir, amma işçi göndərən təşkilatın ezamiyyət xərcləri kəskin artır, çünki əgər, məsələn, Şərqi Avropada əmək haqqının miqdarı bir saata 3-5 avro təşkil edirsə, Qərbi Avropada bu rəqəm ən azı 10-12 avroya bərabərdir. Nəticədə, ilk baxışdan sosial bərabərsizliyin ləğv edilməsinə yönəldilən təşəbbüs əslində əmək miqrasiyanın məhdudlaşdırılmasına istiqamətlənir, çünki Aİ məkanında bəzi sahələrdə əmək ezamiyyətləri illərlə davam edir. Bununla da əmək miqrasiya məsələsində Aİ-də süni şəkildə ciddi qeyri-bərabərlik yaranır, daha dəqiq yaradılır ki, bu da Şərqi Avropa ölkələrinin Aİ-dən narazılıq səviyyəsini yalnız artırır.

 

Bütün bu proseslərin fonunda Böyük Britaniyanın əvvəldə qeyd etdiyimiz təşəbbüsü yalnız təqdirə layiqdir. Maraqlıdır, əgər Aİ məkanında Şərqi Avropadan əmək miqrasiyası üzrə tələblər bu dərəcədə sərtləşdirilsə, Böyük Britaniya isə (Polşa nümunəsində) əksinə rejimi yumşaltsa, kim qazanclı çıxacaq? Bəlkə əmək miqrasiyası hesabına əldə edilən fayda “Brexit” nəticəsində yaradılacaq iqtisadi geriləmənin tempini müəyyən dərəcədə azaldacaq?

 

Vahab Rzayev, APA Analitik Mərkəzi



© APA 2017