Təhlil

"Beyin mərkəzi": Ən mötəbər reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşması davamlı olacaq - TƏHLİL

15:55 03-11-2017


Cari ildə Dünya İqtisadi Forumu tərəfindən nəşr olunmuş "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı" nda Azərbaycan iki pillə irəliləyərək 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdır. Bu artımın residual xarakter daşımaması, eyni zamanda, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında da öz əksini tapmaqdadır. Belə ki, qeyd edilən hesabat üzrə də Azərbaycan bu ilki göstəriciyə əsasən daha 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlməyə nail olmuşdur. Burada onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan bu hesabat üzrə 8 pillə irəliləməklə yanaşı, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşdirilmişdir.

 

 

 

Qeyd edilən hesabatlar üzrə Azərbaycanın irəliləməsində əsas rolu Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes mühiti üzrə aparılan uğurlu iqtisadi islahatlar olmuşdur. Faktiki olaraq dünyanın iki ən nüfuzlu iqtisadi yönümlü hesabatında Azərbaycanın inamla irəliləməsi ölkəmizdə aparılan davamlı və sistemli islahatların uğuruna dünya ictimaiyyətinin verdiyi yüksək qiymətdir. Ölkəmizin reytinqinin yaxşılaşması Azərbaycana investisiya axını, iqtisadiyyatın rəqabətqabiliyyətinin artması, qeyri-neft ixracının genişləməsi və yeni iş yerləri deməkdir. 

 

“Doing Business” hesabatının nəticələri

 

31 oktyabr 2017-ci il tarixində “Doing Business 2018” hesabatı açıqlanmışdır. Sözügedən hesabatın əsas məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsi və onun yeni təsərrüfat subyektlərinin yaradılmasına və biznes əməliyyatlarının aparılmasına olan təsirlərinin ölçülməsidir. Buna nail olmaq üçün 11 indikator və 45 alt-indikatordan istifadə edilir ki, ölkələrdə olan biznes proseslərinin səmərəliliyi və effektivliyi əks olunsun. Burada qeyd etmək vacibdir ki, 2003-cü ildən etibarən buraxılan “Doing Business” hesabatına əlavə edilmiş əmək bazarının səmərəliliyi indikatoru biznesin aparılması indeksində öz əksini tapmır. Sözügedən hesabatın hazırlanması zamanı 4 əsas informasiya mənbəyi: müvafiq qanunlar və qanunvericilik aktları, respondent-sahibkarlarla aparılmış sorğuların nəticələri, ölkənin hökuməti və Dünya Bankının regional əməkdaşları tərəfindən verilən məlumatlardan istifadə edilir. 

 

Ümumi şəkildə qeyd etsək, "Doing Business 2018" hesabatında Azərbaycanın mövqeyi 10 indikatordan aşağıdakı altı indikator üzrə güclənib: elektrik enerjisinin əldə edilməsi (3 pillə), əmlakın qeydiyyata alınması (1 pillə), kiçik investorların hüquqlarının qorunması (22 pillə irəliləyərək 10-cu yer), vergilərin ödənilməsi (5 pillə irəliləyərək 35-ci yer), müqavilələrin icrası (6 pillə irəliləyərək 38-ci yer) və müflisləşmənin həlli (39 pillə irəliləyərək 47-ci yer). Beləliklə, Azərbaycanın ən böyük irəliləyişi müflisləşmənin həll edilməsi və kiçik investorların hüquqlarının qorunması kateqoriyaları üzrə əldə edilmişdir. Əksəriyyət indikatorlar üzrə irəliləyiş son dövr ərzində aparılmış iqtisadi islahatların hesabına təmin edilmişdir.

 

 

 

Aparılmış İslahatlar

 

Azərbaycanda sözügedən hesabata daxil olan 10 indikatordan 4 indikator üzrə aparılmış iqtisadi islahatlar “Doing Business” tərəfindən qeydə alınmışdır. Qeyd edək ki, Azərbaycanla münasibətdə 2009-cu ildən sonra ilk dəfə 4 indikator üzrə islahat qeydə alınıb. İslahat qeydə alınan indikatorlar və müvafiq islahatlar aşağıda verilir:

 

Müflisləşmənin həll edilməsi - Bağlanan müəssisələrin iflas prosedurlarının daha da sadələşdirilməsi istiqamətində 2017-ci il 25 aprel tarixində “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilmişdir. Belə ki, Azərbaycan müflisləşmə proseslərini kreditorlar üçün daha əlverişli etməklə və proseslərdə daha yaxından iştirakını təmin etməklə, iflas dövründə müqavilələrin işlənilməsinin təminatını artırmış və başlanğıcdan sonrakı maliyyələşməni yerine yetirməklə müflisləşmənin həllini asanlaşdırmışdır.

 

Müqavilələrin icrası - Sahibkarların məhkəmələrə elektron formada rüsum ödəyə bilməsi üçün müvafiq elektron ödəniş sistemi yaradılmış və bununla da Azərbaycan müqavilələrin həyata keçirilməsini daha da asanlaşdırmışdır.

 

Kreditlərə çıxış - Sahibkarların maliyyə resurslarına əlçatanlığını təmin etmək istiqamətində aparılan islahatlar çərçivəsində 2016-cı il 28 oktyabr tarixli “Kredit büroları haqqında” və 2017-ci il 2 may  tarixli “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Belə ki, Azərbaycan sözügedən qanunvericilik dəyişikliklərini qəbul etməklə kredit məlumatlarına girişi daha da yaxşılaşdırmağa nail ola bilmişdir.

 

Kiçik investorların hüquqlarının qorunması - Kiçik investorların hüquqlarının qorunması istiqamətində Azərbaycan Respublikası Mülki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə 25 aprel 2017-ci il tarixində dəyişikliklər edilmiş, sözügedən investorların hüquqlarının qorunması ilə bağlı bir sıra müddəalar əlavə olunmuşdur. Bununla da Azərbaycan əsas korporativ qərarlarda  tərəfdaşların hüquqlarını və rollarını artırmaqla minoritar investorların mühafizəsini gücləndirməyə, onların hüquq və nəzarət funksiyalarını daha da artırmağa və daha güclü korporativ strukturlaşmanın təmin olunmasına nail olmuşdur.

 

Korporativ şəffaflıq tələblərinin artırılması istiqamətində qanunvericiliyin qəbul edilməsi tərəfdaşlara gündəmin qəbulu üçün əlavə səlahiyyət verilməsi və şirkətlərdə idarə heyətinin üzvlərinin gördükləri işlər üzrə hesabatlılığı, icra təminatını və audit hesabatlarının açıqlanması kimi faktorları özündə ehtiva edir ki, bu da nəticə etibarilə korporativ şəffaflıq indeksi üzrə Azərbaycanın mövqeyinin daha da yüksəldilməsinə şərait yaratmışdır.

 

Azərbaycan,  kreditorları əlavə təhlükəsizlik tədbirləri ilə təmin etmək və onların maraqlarına təsir edən vacib qərarlarda iştirakını təmin etmək üçün də hüquqi çərçivədə vacib düzəlişlər etmişdir. Bunlar sırasında debitorların maliyyə məsələləri ilə bağlı istənilən vaxt məlumat tələb etmək hüququnun təmin edilməsi kimi məqamları qeyd etmək yerinə düşər. Bundan başqa, kreditorlara  iddiaları qəbul etmək və ya imtina etmək qərarına etiraz etmək hüququ verilmişdir. Nəticədə, aşağıda verilmiş qrafikdə müşahidə edildiyi kimi minoritar investorların hüquqlarının qorunması kateqoriyası üzrə Azərbaycan nüfuzlu qonşu ölkələrinin, Avropa və Mərkəzi Asiya regionun, eləcə də İƏİT ölkələrindən daha güclü ranqa nail olmuşdur.  

 

 

 

Eyni zamanda, 2016-cı il 16 dekabr tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. Burada 45 istiqamət üzrə 202 əlavə və dəyişikliklər sözügedən qanuna edilmişdir ki, bu da öz növbəsində verginin ödənilməsi indikatoru üzrə Azərbaycanın mövqeyinin daha da artmasında öz töhfəsini vermişdir.

 

Xüsusilə vurğulamaq lazımdır ki, bir sıra istiqamət üzrə islahat tədbirlərinin aparılmasına baxmayaraq “Doing Business” tərəfindən islahat kimi qeydə alınmamışdır. Burada əsas səbəb, “Doing Business” in ölkələrdə aparılmış iqtisadi islahatların qeydə alınma prosesidir.  

 

“Doing Business» in qeydə alınma prosesi

 

 

 

Belə ki, təkmilləşdirilmiş qanunvericiliyin implementasiyası və yeni yaradılmış şərait və imkanlardan sahibkarların istifadəsi və bununla müsbət rəyin verilməsi zəruridir. Bir sıra islahatların “Doing Business 2018” hesabatında öz əksini tapmasına baxmayaraq aşağıda təqdim edilmiş islahatlar ölkəmizin biznes mühitini yaxşılaşdırmışdır və növbəti hesabatlarda iqtisadi islahat kimi qeydə alınması gözlənilir.

 

Tikintiyə icazələrin verilməsi – 16 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir ki, tikinti layihələrinin həyata keçirildiyi ərazilər üzrə ərazi-tikinti planlarının rolu artmışdır. Belə ki, ərazi üzrə ümumi tələbləri nəzərdə tutan bu planlar fərdi qaydada tikinti layihələrinin layihələndirilməsini, şəhərsalma normativlərinin əvvəlcədən nəzərə alınmasını xeyli asanlaşdırılmışdır. Bundan əlavə, bütün texniki şərtlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən sifarişçinin tikintiyə icazə müraciəti əsasında “ASAN” sistemi vasitəsilə 10 gün ərzində əldə edilməsi və sifarişçiyə təqdim olunması mümkün olmuşdur.

 

Sərhəddə ticarət - 10 aprel 2017-ci il tarixli “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı ilə ölkədə istehsal olunmuş müxtəlif məhsulların ixracı üçün fitosanitar, məişət və keyfiyyət sertifikatlarının tələbi aradan qaldırılmışdır. Burada onu da qeyd etmək lazıdır ki, idxal zamanı məişət sertifikatı artıq tələb edilmir. 

 

Elektrik şəbəkəsinə qoşulması - 4 may 2016-cı il tarixli “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmişdir. Yeni yaradılmış qurum tərəfindən məişət abonentlərinin elektrik, su, qaz şəbəkəsinə qoşulması ilə əlaqədar müqavilələrin bağlanması və texniki şərtlərin verilməsi, elektrik, su və qaz sayğaclarının quraşdırılması, dəyişdirilməsi və bu kimi xidmətlər artıq göstərilir. Sözügedən mərkəzin fəaliyyəti kommunal xidmətlər göstərən təşkilatlarla ünsiyyətindəki bürokratik əngəllər aradan qaldırılaraq asanlıq, açıqlıq və şəffaflıq prinsipləri əsasında qurulmuşdur. Bu mərkəzlərin yaradılması kommunal xidmətlərin göstərilməsi sahəsində böyük islahatdır.

 

Qeyd edilənlərlə yanaşı, eyni zamanda, Azərbaycan kredit hesabatı üçün tənzimləyici çərçivəsini daha da təkmilləşdirmişdir. Bu da öz növbəsində yaxın gələcəkdə yeni kredit bürolarının, eləcə də kredit zəmanət fondunun yaradılmasına imkan yaratmışdır. Belə ki, “2018 Doing Business Hesabatı” nda maliyyə resurslarına çıxış imkanı biznesin aparılması üçün ən problemli amillərdən biri kimi göstərilib. Bununla əlaqədar qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr Fərmanı ilə Kredit Zəmanət Fondunun yaradılması nəzərdə tutulmuşdur.

 

Kredit Zəmanət Fondu sahibkarların kommersiya banklarından milli valyuta ilə aldıqları kreditlərə təminat verən və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxs kimi çıxış edəcək. Nəticədə, real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığı bərpa olunacaq,  bankların dayanıqlığı güclənəcək və əks-dollarlaşmanı stimullaşdıracaq. Kredit Zəmanət Fondu və Kredit büroların fəaliyyətə başlaması, islahatların qeydə alınma prosesi nəzərə alınaraq “Doing Business” hesabatının kreditə əlçatanlıq kateqoriyasında əhəmiyyətli irəliləyiş gözlənilə bilər.  

 

“Qlobal Rəqabətlilik” hesabatı

 

Burada onu da qeyd etmək yerinə düşər ki, “Qlobal rəqabətlilik” hesabatı üzrə də oxşar tendensiya müşahidə olunmaqdadır. Belə ki, bu ilki hesabat üzrə Azərbaycan 12 indikator göstəricisindən 9-u üzrə öz mövqeyini daha da yaxşılaşdıra bilmişdir. Bunlar arasında xüsusi olaraq vurğulanmalı məsələlərdən biri hesabat çərçivəsində təqdim edilmiş qlobal çağırışlardan biri olaraq dünya ölkələrində institusional struktur islahatlarının həyata keçirilməsi zamanı müşahidə olunan çətinliklərdir. Bu göstərici üzrə Azərbaycanın mövqeyinə nəzər yetirilsə, Azərbaycanın bu il daha 15 pillə irəliləyərək 33-cü  yerdə qərarlaşdığının şahidi olmaq olar ki, bu da dünyanın ən qabaqcıl göstəriciləri sırasına aiddir. Bundan əlavə, əmtəə bazarlarının effektivliyi göstəricisi üzrə 19 pillə irəliləyərək 31-ci yerdə, əmək bazarlarının effektivliyi göstəricisi üzrə isə 9 pillə irəliləyərək 17-ci yerdə qərarlaşmağa nail olunmuşdur ki, bunlar kifayət qədər böyük uğur kimi qiymətləndirilməlidir.

 

Eyni zamanda,  hazırda dünyada 4-cü sənaye inqilabı ilə əlaqədar olaraq innovasiyalar sahəsində çağırışlar mövcuddur və dövlətlər innovasiyalarla çağırışlar sahəsində mübarizə aparmaqda bir qədər çətinlik çəkirlər. Azərbaycan bu göstəriciyə görə də dünyada ən qabaqcıl yerlərdən birində 33-cü yerdə qərarlaşmışdır. Hətta bu kateqoriya üzrə alt göstəricilərə nəzər yetirilən zaman hökumət tərəfindən qabaqcıl texnologiyaların tədarükü və ya istifadəsi faktoru üzrə Azərbaycanın dünyada 14-cü yerdə qərarlaşdığını görmək mümkündür ki, bu da dövlət qurumları tərəfindən təqdim edilən xidmətlərin çatdırılması zamanı digitallaşdırma, elektronlaşdırma prosedurlarının əhatə dairəsinin artırılması, vahid pəncərə sistemlərinin tətbiq dairələrinin genişləndirilməsi, ASAN xidmət mərkəzlərinin sayının artırılması, Azərbaycanın Rəqəmsal Ticarət qovşağı kimi rolunun formalaşdırılması və s . kimi davamlı dövlət siyasətinin məntiqi nəticəsi kimi qeyd oluna bilər. 

 

Bu göstəricilər içərisində vurğulanmalı ən əsas irəliləyişlərdən biri də biznesin mürəkkəbliyi indikatoru üzrə Azərbaycanın daha 20 pillə irəliləyərək dünyada biznes mühitinin xarakteristikalarına görə 40-cı yerdə qərarlaşmasıdır. Dövlət başçısı tərəfindən yerli məhsulların istehsalının genişləndirilməsi, idxal əvəzləyici, ixrac təşviq edici məhsul istehsalına yönəldilmiş dövlət siyasətinin həyata keçirilməsinin vacibliyi, rəqabət qabiliyyətli emal və istehsal proseduralarına keçidin önəmi haqqında dəfələrlə qeyd olunmuşdur. Belə ki, bu məqsədlə, təkcə paytaxt Bakıda deyil, eyni zamanda bölgələrdə də mühüm infrastruktur yaradılmış, xidmətlərə çıxış asanlaşdırılmış, lisenziyalar minimuma endirilmiş, yoxlamalar ləğv edilmiş və güclü ixracat-təşviqi mexanizminin tətbiq edilməsinə başlanılmışdır. Xüsusilə, sevindirici hallardan biri kimi biznesin mürəkkəbliyi indikatorunun alt göstəricilərinə nəzər yetirildiyi zaman istehsal prosesinin mürəkkəbliyi və istehsal edilmiş məhsulların rəqabətqabiliyyətlilik göstəricisinin və ən əsası məhsulların dəyər zəncirlərinə qoşula bilmə imkanlarının artaraq ölkəmizin mövqeyinin ən qabaqcıl 30-40 ölkələri arasında yer alması ilə nəticələnməsi, bu sahədə həyata keçirilən təşviq mexanizmləri siyasətinin bəhrəsi kimi ayrıca qeyd olunmalıdır.

 

Yekun

 

Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərdə irəliləməsi bilavasitə cənab Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. Burada “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və  beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamının nəticəsində bir sıra istiqamətlər üzrə mövcud vəziyyətin yaxşılaşdırılması və zəruri islahatların aparılması sahəsində nailiyyətlər əldə edilmişdir. Bundan əlavə, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi nəticəsində bir neçə sahədə müsbət tendensiyalar nümayiş edilir. Qeyd olunan mühüm fərmanların icrası ilə yanaşı çoxsahəli islahatların aparılmasının davamiyyətini nəzərə alaraq növbəti illərdə Azərbaycan mövqeyinin daha da gücləndirilməsi gözlənilməlidir.  

 

 

Ayaz Çaparlı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil və Analitik-İnformasiya Departamentinin rəhbəri



© APA 2017