Təhlil

“Bitcoin”: Pullarınızı itirməyin min üsulu - TƏHLİL

11:12 25-12-2017

“Bitcoin”: Pullarınızı itirməyin min üsulu - TƏHLİL

Dekabrın əvvəlində ABŞ-ın Fyuçers kontraktları ilə ticarəti üzrə Komissiyası Çikaqo əmtəə birjasına (Chicago Mercantile Exchange Inc. (CME) və CBOE Futures Exchange (CFE) birjasına "Bitcoin" üzrə fyuçers kontraktları ilə, Cantor Exchange broker şirkətinə isə "bitcoin" üzrə binar opsionları ilə ticarət etməsinə icazə verib. Dekabrın ortalarında sözügedən ticarət əməliyyatlarının icrasına başlanılıb. Dərhal "bitcoin"in kotirovkaları rekordlar yenilənməyə başlayıb və qiymətlər 18-19 min dollar səviyyəsinə çatıb. Bu fakta əsaslanan bəzi analitiklər "Bitcoin"in qiymətinin yaxın zamanlarda hətta 40 min dollara çatacağı proqnozlaşdırırdı, lakin reallıq tam əksini göstərdi. Belə ki, ötən həftə ərzində "Bitcoin"in qiyməti təxminən 30% ucuzlaşıb və qiymətlər 14 min dollar səviyyəsinə enib.

 

Ticarətə gəlincə, ticarətin ilk günündə 4 minə yaxın yanvar fyuçersləri satılıb, ümumilikdə tələbatın yüksək olduğu qeyd olunur. Lakin eyni zamanda birjalarda "Bitcoin" üzrə törəmə qiymətli kağız və digər alətlərin ticarət edilməsi müəyyən risklər daşıyır. Söhbət, məsələn, ondan gedir ki, yanvar fyuçerslərin icra olunma müddəti yanvarın 17-dir və bazarın bəzi təcrübəli iştirakçıları arasında bu kontraktların icra ediləcəyinə şübhələr var. Bundan əlavə "Bitcoin" üzrə törəmə alətlərinin dövriyyəyə buraxılması "Bitcoin"in ümumiyyətlə strukturunu dəyişə bilər. Belə ki, "Bitcoin"in sayı məhduddur, amma fyuçers kontraktlarının sayı, nəzəri baxımından, qeyri-məhdud ola bilər. Nəticədə, bazarda təklifin artımı baş verir. Nəhayət, unutmaq lazım deyil ki, fyuçers kontraktları spekulyativ əməliyyatları üçün ideal bir alətdir (əlbəttə ki, qanunvericilik çərçivəsində). Yəni bazara "qoşulan" və "qoşula biləcək" iri, nəhəng ticarət iştirakçılarının maraqlarını proqnozlaşdırmaq çətindir. Bu iştirakçıların məsələn, ucuzlaşdırmağa "oynamaq" ehtimalı da böyükdür.

 

Ümumiyyətlə "Bitcoin" və digər kriptovalyutalara qarşı dünyada münasibət müəyyən deyil. Belə ki, bir sıra ölkə və regionlarında (əsasən, Şərqdə) kriptovalyutaların dövriyyəsi ya məhdudlaşdırılır, ya da qeyri-qanuni elan edilir. Almaniya Bundesbankın rəsmiləri bəyan edirlər ki, avrozonada mərkəzləşdirilmiş qaydada rəqəmli valyutaların dövriyyəyə buraxılması ehtimalı yoxdur. Avropanın qiymətli kağızlar üzrə nəzarəti İdarəsi, Böyük Britaniyanın maliyyə sektorunun tənzimlənməsi İdarəsi, Honkonq qiymətli kağızlar və fyuçerslər Komissiyası və bəzi digər nəhəng tənzimləyici orqanları kriptovalyutaların alınması üzrə investorları ehtiyatlandırırlar, dəfələrlə müvafiq bəyanatları dərc edib və edir də. Göründüyü kimi daha liberal yanaşan (fyuçerslərin dövriyyəsinə icazə verilməsini nəzərə alaraq) ABŞ-ın bütün maliyyə tənzimləyiciləri investorlara müvafiq xəbərdarlıq etməyə və onları kriptovalyutalarla əməliyyatların yüksək riskli olduğu barədə xəbərdarlara davam edirlər.

 

Mütəxəssislər vurğulayır ki, "Bitcoin" və digər kriptovalyutalar ciddi maliyyə qurum və institusional investorlar arasında hələ inam və etibarlıq qazanmalıdır ki, buna hələ uzun müddət vaxt lazımdır. Faktiki olaraq, hazırda söhbət ondan gedir ki, "Bitcoin" üzrə fyuçers bazarına nəhəng, dünya miqyaslı və transmilli investisiya qurumları nə vaxt daxil olacaq? Sadə desək bununla da "Bitcoin" üzrə fyuçers bazarını tam formalaşdırılmış hesab etmək olacaq, o vaxtadək, fikrimizcə, "bitcoin" bazarı məhdud sayda qrup və ya qrupların süni varlanma alətidir. Fyuçers kontraktları üzrə ticarətin "işə salınması" "Bitcoin"in nəinki yeni rəsmi səviyyəyə, faktiki olaraq leqallaşdırılmasına çıxması deməkdir, hətta "Bitcoin"in institusiolaşdırması və stabilləşməsi istiqamətində böyük bir addımdır. Bu baxımından kotirovkanın səviyyəsi ümumiyyətlə vacib deyil, vacib olan "Bitcoin"in yeni səviyyəyə çıxmasıdır. Lakin bu proses asanlıqla keçməyəcək, əksinə "Bitcoin"i bəzi sarsıntılar gözləyir və kotirovkaların volatilliyi yalnız onların biridir. Bəzi mütəxəssislər "bitcoin"in qiymətinin 8 min dollara kimi ucuzlaşmasını gözləyirlər, amma vəziyyət, dediyimiz kimi, bazara iri "oyunçuların" çıxması ilə dəyişə bilər. Bu sahədə nə isə proqnozlaşdırmaq həqiqətən çətindir, bəzi nəhəng investisiya qurumları buna görə gözləmə taktikası seçib. Digərləri isə hələ də məsələyə bədbin yanaşır. Məsələn, dünyanın ən iri investisiya bankı olan “Goldman Sachs”da hesab edirlər ki, "Bitcoin"in hətta indiki 300 mlrd. dollar, bütün kriptovalyuların isə 600 mlrd. dollar səviyyəsində olan bazar kapitallaşması dünya miqyası baxımından o dərəcədə də ciddi deyil - müqayisə üçün qızılın dünya səviyyəsində bazar kapitallaşması 8 trln. dollara yaxındır. Vəziyyəti fyuçers kontraktları dəyişməlidir, çünki fyiçers bazarı, dediyimiz kimi, qeyri-məhdud ola bilər. Amma bunun üçün baza aktivi kimi çıxış edən "Bitcoin" öz davamlılığını sübut etməlidir. Bu istiqamətində yanvar fyuçers kontraktlarının uğurlu icra edilməsi növbəti vacib və ciddi addım olacaq.

 

"Bitcoin" bazarının yeni səviyyəyə çıxmasına həmçinin dünya miqyasında təsirli hesab olunan maliyyə tənzimləyicilərinin qərarları da öz rolunu oynamalıdır. Hələlik ABŞ, Avropa və Asiyanın nəhəng maliyyə tənzimləyicilərin addımların ehtiyatlı adlandırmaq olar - bir tərəfdən kriptovalyutalar qadağa olunmur (Çin və bəzi ölkələri istisna olmaqla), digər tərəfdən onlar üzrə əməliyyatları üzrə investorlara dəfələrlə risklər barədə xəbərdarlıqlar verilir, üçüncü tərəfindən kriptovalyutalar üzrə əməliyyatları və dövriyyəsinə dair hər hansı stimullaşdırılma qərarları qəbul edilmir, lakin dördüncü tərəfdən məhdudlaşdırıcı addımlar da (məsələn, qısa mövqelərin saxlanması üzrə limitləri sahəsində) qəti və sərt deyil.

 

Nəticədə, belə bir təsəvvür yaranır ki, dünyada "Bitcoin"lə nə etmək" lazım  olduğunu bilməyənlərin sayı bilənlərin sayından daha çoxdur. Əlbəttə ki, belə olan halda pərakəndə investorlar arasında qeyri-müəyyənlik yaranır ki, bu da öz növbəsində kriptovalyutalar üzrə  ixtisaslaşdırılan investisiya fondlarının da taleyini sual altına qoyur. Çünki onların gələcəyi həm öz məsuliyyətliliyindən, həm də baza aktivin sağlamlığından asılıdır. Bu sahədə hələlik "Bitcoin" və digər kriptovalyutaların etibarlı olduğunu sübut edə bilməyib, fyuçers kontraktları bu vəziyyəti düzəltməkdə yalnız bir və yalnız yeni, təcrübədən keçməmiş alətdir. Buna görə də "Bitcoin"dən ehtiyatlananları sayı çoxdur. Vəziyyəti dünyanın ən məşhur və etibarlı informasiya, təhlil və qiymətləndirmə agentliyi olan “Bloomberg”də dərc edilmiş bir məqalənin başlığı çox gözəl əks etdirir: "Bitcoin And Friends Offer 1000 Ways to Lose Your Money" (Bitcoin və onun dostları Sizə pullarınızı itirməyin 1000 yolunu təklif edir). Bu cür fikirləşənlərin sayı çoxdur ki, buna görə də "Bitcoin"i etibarlı, davamlı və uzunmüddətli maliyyə aktiv olduğunu sübut etməsi üçün uzun və çətin yol gözləyir...

 

Vahab Rzayev, APA Analitik Mərkəzi



© APA 2018