Təhlil

“Brext”in bumeranq effekti: Avropada mərkəzdənqaçma meylləri sıfıra enir - TƏHLİL

13:55 27-07-2017

“Brext”in bumeranq effekti: Avropada mərkəzdənqaçma meylləri sıfıra enir - TƏHLİL

Martda Avropa İttifaqının gələcək inkişaf yolları üzrə ictimai məsləhətləşmələrə başlayan Avropa Komissiyası bu günlərdə həmin məsləhətləşmələrin aralıq yekunları barədə məlumat yayıb. Əslində, məlumatda bir-iki rəqəmdən başqa "yekuna" bənzər bir şey yoxdur, amma məlumatın dərc edilməsinin məqsədi bu deyil. Avropa Komissiyası yalnız ictimayyətin diqqətinə çatdırmaq istəyir ki, həmin proses Avropanın gələcəyi üçün çox önəmlidir.

 

Halbuki, bu istək onsuz da aydındır. Məlumatda deyilir ki, martın 1-dən 270 mindən artıq insan müxtəlif məsləhətləşmədə iştirak edib. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bunu uğur sayır və avropalıları Aİ-nin gələcəyinin seçimində fəal iştirk etməyə çağırır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, martın 1-də Avropa Komissiyası tərəfindən Aİ-nin gələcəyinə dair beş ssenari təqdim edilib. Bu ssenarilər “Avropanın gələcəyinin Ağ Kitab”ını formalaşdırıb. Həmin sənədin hazırlanması və ümimilikdə mövzunun geniş miqyas almasının səbəbi Britaniyanın Avropa İttifaqından çıxması olub ki, Avropa Komissiyanını rəhbərliyi də bu hadisəyə çevik bir reaksiya verib. Əsas səbəb - Aİ ölkələrini birliyin sağlam olduğuna əmin etmək, onun gələcəyiolduğuna inandırmaqdır. Çünki “Brexit”dən sonra Avropada mərkəzdənqaçma tendensiyası olduqca güclənib.

 

Ağ Kitabda əks olunmuş ssenarilərə gəlincə, iki ssenari biri-biri ilə bağlıdır və radikal addımları nəzərdə tutmur. Faktiki olaraq, söhbət inersiya inkişafından və eyni zamanda vahid bazara istiqamətlənən inkişafdan gedir. Aİ rəhbərliyinin fikrincə, belə yanaşma inteqrasiyasına yönəldilən Avropa İttifaqının fəaliyyətinə tədricən yumşaq dəyişikliklərin daxil edilməsi, milli hakimiyyətlərin vahid bazarın genişləndirilməsinə istiqamətlənən addımlar atması, müəyyən dərəcədə hərbi qüvvələrin birləşdirilməsi, beynəlxalq məsələlərində vahid səslə çıxış etmək və s. Ibarətdir. Eyni zamanda burada sərhəd nəzarətə də diqqət yetirilib. Bu sahədə vurğulanır ki, nəzarət yaxşılaşdırılsa da, insanların sərhəd nəzarətinəndən keçməsi təmin edilməlidir. İnersiya ssenarisinə oxşar daha bir ssenaridə qeyd edilir ki, burada inkişaf öz ixtiyarına buraxılsa da, bəzi sahələrdə əməkdaşlığı gücləndirilmək zəruridir. Belə sahələrə Avropa sərhəd və sahil mühafizə sisteminin, xarici siyasəti üzrə vahid fikrin və nəhayət Avropa Müdafiə İttifaqının yaradılması daxildir. Dördüncü ssenari üzv ölkələr üçün daha böyük sərbəstlik nəzərdə tutur, amma bu ssenari üzrə inkişaf gedərsə, bu, ayrı-ayrı ölkələrin siyasət, hərbi, daxili təhlükəsizlik, vergi tutma, sosial məsələlərlə bağlı könüllü birləşmələrin yaradılmasına gətirib çıxara biləcək. Nəticədə bu sahədə Avropa ittifaqının vahid qərarları anlayışı tədricən itə bilər. Nəhayət, Avropa Komissiyasının rəhbərliyinin ən xoşuna gələn, güclü inteqrasiyasını nəzərdə tutan ssenari də var. Burada üzv ölkələr əvvəlkindən daha uzağa getməyə çağırılır. Faktiki olaraq, burada söhbət tədricən Avropa İttifaqının federallaşmasından gedir. Həmçinin bu ssenari, əlbəttə ki, bütün üzv ölkələrinin milli valyutalardan imtina edib avroya keçməsini də nəzərdə tutur. Ssenariyə əsasən, Avropa İttifaqı xarici siyasətdə bütün üzv ölkələri adından çıxış etməsi hüququ almalıdır. Həmçinin bu, xarici ticarətə və humanitar məsələlərə də aid edilir.

Ağ Kitabın ictimai müzakirələrə aid indiki məlumatda qəbul edilmiş fikir və rəyləri barədə heç nə yoxdur, hətta onların istiqaməti barədə heç nə deyilmir. Amma Avropada ümumi əhval-ruhiyəni nəzərə alsaq, bununla bağlı təhminən demək olar ki, fikirlər necədir. Beləliklə, tam əminliklə demək olar ki, hazırki situasiyada Avropada heç kim radikal dəyişikliklər istəmir, Britaniyanın Aİ-dən çaxması ilə əlaqədar üzləşdiyi çətinlikləri görərək, hətta müxalif siyasi qüvvələrdə belə mərkəzdənqaçma tendensiyası tədricən azalıb. Hətta o dərəcəyə çatıb ki, hazırda bu barədə heç danışan da yoxdur.

 

Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dən çıxması barədə referendumdan sonra bəzi ölkələrdə, o cümlədən Şərqi Avropa ölkələrində Britaniyanın nümunəsindən istifadə çağırışları səslənirdi. İndi bu səslər eşidilmir. Bunun bir neçə səbəbləri var və əsası məhz Britaniya nümunəsidir.

 

Birincisi, aydın olub ki, Avropa İttifaqı Britaniyasız da normal fəalliyyət göstərəcək. Bunun bir neçə əlamətdən görmək olar. Məsələn, Avropanın qiymətli kağızlar bazarı üzrə nəzarət İdarəsi, Avropa Bank İdarəsi, Avropa Sığorta və Pensiya Təminatı İdarəsi və digər maliyyə tənzimləyici orqanları misli görünməmiş fəallığı göstərərək bir-birinin ardınca müxtəlif tənzimləyici sənədləri qəbul edir ki, “Brexit”dən sonra maliyyə bazarların bütün seqmentləri normal fəaliyyət göstərsin. Eyni sözləri siyasi tənzimləyici orqanlar barədə də demək olar.

İkincisi, aydın olub ki, maliyyə qurumları da yaranmış vəziyyətlə ğözəl "bacaracaq". Məlumdur ki, London Avropanın maliyyə mərkəzlərindən biridir və burada Avropanın əksər nəhəng maliyyə qurumlarının həm baş ofisləri, həm bizneslərinin əsas hissəsi, həm ticarət meydançaları, həm kontraqentlərlə əqaləri yerləşir. Bir azdan sonra "yerləşirdi" demək olacaq, çünki artıq bütün bu maliyyə qurumları öz baş ofislərini və bizneslərinin əsas hissələrini kontinental Avropaya keçirməyə başlayır. Burada həmçinin onu qeyd etmək lazımdır ki, Aİ-nin müvafiq tənzimləyici orqanları çevik şəkildə normativ sənədlər qəbul edib ki, bu köçürmə təşkili və nizamlayıcı şəkildə həyata keçirilsin və eyni zamanda həmin sənədlərdə bildirilir ki, baş ofislərin mənşəyi məlum ölkələrə keçirilməsi məqsədəuyğun hesab olunur. Eyni zamanda potensial qərar qəbul edən mərkəzlər də "hərəkətdədir". Məsələn, Fransanın müvafiq requlyatoru Britaniyadan ofis, ticarət platforması və biznesini Parisə köçürmək istəyən maliyyə qurumlar üçün sadələşdirilmiş qeydiyyat sistemi qəbul edib ki, Paris onlar üçün digər potensial mərkəzlərdən daha cəlbedici olsun. Eyni zamanda artıq bir neçə iri maliyyə qurumları Frankfurta köçmək barədə qərar və planlarını açıqlayıblar. Bunu görən Britaniyanın maliyyə sektoruna nəzarət üzrə İdarəsi də adekvat addımları atıb və müxtəlif normativ aktları qəbul edir ki, bu axını mümkün qədər azaltsın. Məsələn, bu günlərdə İngiltərə Bankı və sözügedən İdarə köçürmələrlə məşğul olan qeyri-bank maliyyə qurumlarının vahid on-line rejimində hesablama sisteminə qoşulmasına imkan verən normativ sənəd qəbul edib.

 

Üçüncüsü, Böyük Britaniyanın baş naziri Tereza Meyin siyasi reytinqi ən aşağı səviyyəyə enib. Bunun, bəlkə də, müxtəlif digər səbəbləri var, amma ən əsası Brexit prosesinin gedişindən narazılıq, Aİ-nin rəhbərliyi ilə Brexitin gedişatı barədə danışıqların hər söz və nöqtədə maneələrlə üzləşməsi və gələcəkdə qeyri-müəyyənlik kimi amillərdir. Ehtimal etmək olar ki, əgər bir ili geri çəkmək olsaydı, bəlkə də indi britaniyalılar “Brexit”in leyihə səs verməzdirlər.

Bütün bunlar faktlardır və Avropanın həm əhalisi, həm siyasi və iqtisadi rəhbərliyi tərəfindən görünən və təhlil edilən proseslərdir. Nəticədə, Aİ-dən çıxmaq istəyənlərin sayı kəskin və yenə də kəskin şəkildə azalıb. Buna görə də gözləmək olar ki, Ağ Kitaba dair rəylər müsbət olacaq, amma yenə də deməliyik ki, avropalılar radikal dəyişiklikləri sevmirlər. Bu səbəbdən Ağ Kitabda yer alan hər hansı radikal addımlar çətin ki pozitiv qəbul olunsun. Çox güman ki, avropalılar indiki vəziyyəti saxlayan və iqtisadi, ticarət və əmək bazarı üzrə inteqrasiyasını gücləndirməyə istiqamətlənən bəndlərə "səs verəcək”. Gözləməyə çox qalmayıb - sentyabrın ortalarında Avropa Komissiyasının prezidenti Yunker öz illik məruzə-çıxışında sorğunun və məsləhətləşmənin təhlilini təqdim edəcək və Avropanın gələcək inkişafının əsas tezislərini açıqlayacaq.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi 



© APA 2017