Təhlil

"Cənub Qaz Dəhlizi": Nəinki Avropanın, ABŞ-ın da gözü Azərbaycandadır - TƏHLİL

15:58 24-02-2017

Azərbaycan qazı Avropa üçün vacibdir və "Köhnə qitə"nin qazın mənbələrinin diversifikasiyasına xidmət edəcək. Bir neçə il öncə bu, yalnız bir tezis idisə, hazırda bütün maraqlı tərəflərin məqsədidir. Bu faktın əhəmiyyətini daha da qabardan hadisələrdən biri də "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısının Bakıda keçirilməsidir. Tədbirdə səsləndirilən bəyanatların təhlili onu göstərir ki, layihənin reallaşmasını səbirsizliklə gözləyənlərin sayı çoxdur.


Toplantıda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, "Cənub Qaz Dəhlizi"nin əsas parçası olan TANAP layihəsi çərçivəsində işlərin 65%-i, "Cənub Qafqaz Boru Xətti" layihəsinin 80%-i, Trans-Adriatik Qaz Boru Xətti (TAP) layihəsinin 35%-i tamamlanıb. Ölkə başçısı əlavə edib ki, "Şahdəniz" yatağının 90%-i işlənilib. "2011-ci ildə Rəcəb Tayyib Ərdoğanla TANAP-a imza atdıq. İstanbuldakı imzalanma mərasimi dönüş nöqtəsi oldu. Bundan sonra digər anlaşmalar imzalandı. TANAP anlaşması olmasaydı, bu layihə reallaşmazdı", - deyə prezident vurğulayıb.

 

Ölkə başçısı onu da qeyd edib ki, TANAP layihəsinin icrası zamanı optimallaşdırma işləri aparılıb və layihənin xərcləri azaldılıb.

 

"Cənub Qaz Dəhlizi" layihəsinin icrasına heç nə mane ola bilməz. Layihənin icrasında gecikmələrə yol verilməməlidir. Ekoloji problemləri bəhanə edənlər ola bilər. Layihə çərçivəsində ekoloji tələblərə tam riayət olunur. Nəticənin müsbət olacağına əminəm. Bir daha qeyd edirəm ki, layihə vaxtında icra olunacaq", - deyə o bildirib. Prezident qeyd edib ki, bu cür toplantılar layihənin vaxtında və keyfiyyətli icra olunmasında xüsusi rol oynayır: “Ötənilki görüşdən sonra bir çox irəliləyiş olub. Azərbaycan "Abşeron" qaz yatağının da işlənilməsinə başlayıb. Bu, Azərbaycanın qaz potensialının yalnız “Şahdəniz”lə məhdudlaşmadığını göstərir. 21-ci əsrin layihəsi olan Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini qeyd etmək istəyirəm. Avropa maliyyə təşkilatlarının da layihənin icra olunmasında yaxından iştirak etməsi əhəmiyyətli olacaq.

 

Öz növbəsində energetika naziri Natiq Əliyev bəyan edib ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclasının keçirilməsi Azərbaycan üçün önəmli bir hadisədir. Nazir açıq bildirib ki, bu gün Avropa ölkələrinin gözü Azərbaycandadır. Və bu hər hansı bir şişirmə və ya sarkazm deyil. "Avropanın gözü Azərbaycandadır" deyərkən nazir Azərbaycan qazını nəzərdə tutur.

 

Natiq Əliyevin sözlərini Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç da təsdiqləyib: "Əslində bu layihənin bütün hissələrində irəliləyən addımlar barədə məlumatları eşitməkdən məmnun olduq. "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində olduqca böyük irəliləyişlər var. Bu gün biz layihəni üçüncü dəfə nəzərdən keçirdik. Bunun üçün də biz Azərbaycan hökumətinə, marşrut boyu yerləşən ölkələrin rəhbərlərinə, layihəni maliyyələşdirəcək maliyyə institutlarına öz təşəkkürümüzü bildiririk. "Cənub Qaz Dəhlizi" layihəsi marşrut boyunca yerləşən ölkələrə fayda verəcək və bu ölkələrin istehlakçıları bundan bəhrələnəcək. Layihənin icrası ilə bağlı ləngimələrlə bağlı narazılıqlar var idi. Lakin müasir dövrün çağırışları da nəzərə alınmalıdır. Biz bu narazılıqları İtaliya hökumətinə çatdırdıq. Hesab edirik ki, bütün "Cənub Qaz Dəhlizi" bütün iştirakçılar, xüsusilə də İtaliya üçün mühüm bir layihədir. Çünki bu qaz ilk olaraq  İtaliyaya çatdırılacaq. Biz istəyirik ki, ilk qaz 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılsın. Biz buna nail olacağıq". Avropa Komissiyasının yüksək rütbəli məmuru bəyan edir ki, hətta bəzi narazılıqlara baxmayaraq, İtaliya üçün bu qaz çox əhəmiyyətlidir. Hətta cənab Şefçoviç qeyd edib ki, narazılıqlar İtaliya hökuməti ilə müzakirə ediləcək.

 

Növbəti bəyanat isə göstərir ki, yalnız Avropanın deyil, eyni zamanda ABŞ-ın da gözü Azərbaycandadır. ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan deyir: "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra olunur və bu layihə ABŞ üçün strateji layihə olaraq qalır". Onun sözlərinə görə, bu layihə Avropanın enerji təhlükəsizliyi üçün mühüm layihələrdəndir: "Avropa istehlakçıları üçün "Cənub Qaz Dəhlizi" bir çox imkanlar açır. Bu, ilk növbədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, rəqabət baxımından sərfəli qiymətlər deməkdir. Biz bu istiqamətdə bu gün əldə edilən irəliləyişlərin şahidi olduq. Bəzi çağırışlar mövcuddur. ABŞ olaraq biz hesab edirik ki, birgə şəkildə bu çətinliklərin öhdəsindən gələcəyik və Xəzərdə hasil olunan karbohidrogenlərin Avropaya çatdırılmasına nail olacağıq".

 

ABŞ rəsmisinin bəyanatını yadda saxlayın. Bu məsələyə bir daha qayıdacağıq. Bundan öncə qeyd etmək yerinə düşər ki, Avropa Rusiya qazından asılılığını çoxdan çözmək istəyir və Azərbaycanla qurulan əməkdaşlığın təməlində dayanan əsas amil də budur. Məhz bunun üçün Azərbaycan qazı Avropa üçün qiymətsizdir. Rusiya isə bundan narahatdır. Məhz bu yerdə xanım Danniqanın bəyanatına qayıtmaq olar. Unutmaq olmaz ki, Avropa-Rusiya münasibətləri çoxdan gərgindir. Son zamanlar Rusiya mətbuatında daha bir mövzu aktiv şəkildə müzakirə olunur: ABŞ Avropanın Rusiya qazından asılılığının azaldılmasına yönələn bütün addımları dəstəkləyəcək. Heç şübhəsiz ki, belə layihələr arasında ilk yeri "Cənub Qaz Dəhlizi" tutur. Lakin bəziləri unudur ki, Azərbaycan qazı azı həcm baxımından Rusiya qazı ilə müqayisəolunmazdır. Rəqəmlərə nəzər salaq. Rusiya Avropaya ildə 200 mlrd. kubmetr qaz satırsa, Azərbaycan avropalı istehlakçılara il ərzində 10-20 mlrd. kubmetr qaz çatdıracaq. Azərbaycan qazı "Cənub Qaz Dəhlizi" layihəsinin marşrutu boyunca yerləşən ölkələrin daxili tələbatının ödənilməsinə yardım edəcək. Türkiyə, Albaniya, Bolqarıstan, Yunanıstan, İtaliya kimi ölkələrdə isə tələbat ilbəil artır. Bu baxımdan Azərbaycan qazının vacibliyi bir daha ortaya çıxır.

 

Maroş Şefçoviçin sözləri fikrimizi ifadə etsək, Azərbaycan enerji sektorunda Avropanın strateji tərəfdaşıdır. Fikrimizcə, tərəflər bunu əməldə də, yəni "Cənub Qaz Dəhlizi" kimi əhəmiyyətli layihənin icrası ilə isbat edir.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi



© APA 2017