Təhlil

Kriptovalyuta: Ödəniş vasitəsi, yoxsa investisiya aləti? - TƏHLİL

15:51 31-10-2017

Kriptovalyuta: Ödəniş vasitəsi, yoxsa investisiya aləti? - TƏHLİL

Kriptovalyuta pul deyil, pulun arxasında real aktivlər dayanmalıdır

Bir müddət əvvəl son zamanlar çox populyarlaşan, iqtisadi dairələr və ictimaiyyət arasında səs-küyə səbəb olan kriptovalyutalar barədə təhlil (maarifləndirici yazı) dərc etmişdik. Hələ o zaman məlum idi ki, biz bu mövzuya hələ də qayıdacağıq. İki səbəbə görə. Birincisi, həmin sahə yeni olduğuna görə ildırım sürəti ilə dəyişikliklərə məruz qalır, ikincisi isə, bu prosesin inkişafa, yaxud tənəzzülə səbəb olacağından asılı olmayaraq ictimaiyyəti kriptovalyutalar barədə məlumatlandırmaq vacibdir.

 

Nəzəri reallıq

 

Bu dəfəki yazımızın da iki əsas səbəbi var: kriptovalyuta Azərbaycana artıq "şəxsən" gəlib - bu birincisi, dünya maliyyə sistemində kriptovalyuta sahəsi hələ də sağdır - bu ikincisi.

 

Kriptovalyutalar barədə yenidən geniş məlumat vermək ehtiyac bilmirik, yuxarıda qeyd etdiyimiz yazı ilə tanış olmaq kifayətdir. Lakin bəzi məqamlara qısaca yenidən toxunmağı lazım bilirik. Əsas xarakteristikalar barədə. Kriptovalyuta (məxfi valyuta) xüsusi proqram təminatı olanda virtual valyuta kimi emissiya edilib və istənilən şəxsə satılır. Satış ixtisaslaşdırılmış internet məkanında yerləşən ticarət meydançası vasitəsi ilə həmin günə olan real valyutalara qarşı məzənnə əsasında həyata keçirilir. Hələlik məntiqdən kənara çıxan bir şey yoxdur. Lakin mahiyyəti anlamaqla bağlı problemlər sonradan yaranır: kritpovalyutanı faktiki olaraq istənilən şəxs "hasil" edə bilər və hətta kütləvi şəkildə emissiya edə bilər. Bunun üçün xüsusi proqram təminatı lazımdır. Bütün bu prosesləri həmin ticarət meydançaları və kriptovalyuta sahəsində çalışan texnoloji şirkətlər təmin edir. Burada təhlilçilərin sözü ilə desək, "boz sahələr" yaranır. Əgər kriptovalyuta puldursa, onun emissiyası dövlət orqanlarının preroqatividir, əgər sadəcə ödəniş vasitəsidirsə, onda ona valyuta adını vermək olmaz. Nəhayət kriptovalyutanın məzənnəsi tam olaraq süni, yaratma xarakteri daşıyır. Yenə də, əgər kriptovalyuta puldursa, onun arxasında real aktivlər durmalıdır: real valyutaların arxasında dövlətlərin aktivləri, təminatı, sərvəti, dövlətçiliyi və s. durur. Kritovalyutanın arxasında isə yalnız unikal kodlaşdırılmış xüsusi proqramla yaradılmış məlumat vahidi durur ki, həmin məlumat vahidi kriptovalyuta vahididir. Faktiki olaraq, kriptovalyutanın arxasında heç nə durmur.

 

Bizim fikrimizcə, kriptovalyutalara valyuta adını vermək düzgün deyil, bitcoin, litecoin, baytcoin və s. kriptovalyutalar ödəniş vasitələridir. Ödəniş vasitələri isə istənilən şəkildə ola bilər - dünyanın ən etibarlı valyutası olan dollar və ya avrodan başlamış supermarket tərəfindən buraxılan güzəştli kuponlara qədər. Məsələn, həmin kupon. Tutaq ki, supermarket məhdud miqdarda, amma məhdudiyyətsiz müddətə güzəşt kuponları buraxıb və hansısa sistem tətbiq edir ki, müddətdən asılı olaraq həmin kupon artan güzəştlərə hüquq verir (əvvəl 5%, bir müddətdən sonra 7%, 10% və s.). Eyni zamanda kuponda alış-verişin minimal miqdarda dəyişkəndir. Bütün belə xarakteristikalara malik olan adi güzəşt kuponu bir anda ödəniş vasitəsinə çevrilir və eyni zamanda onun təkrar bazarı da yarana bilər - pula ehtiyacı olan saxlayıcı kuponu nəzərdə tutulmuş "xeyirdən" bir qədər ucuz sata bilər. Növbəti addım isə o ola bilər ki, hansısa digər subyekt həmin kuponları ödəniş vasitəsi kimi qəbul edir. Kriptovalyuta da əslində valyutaya aid heç bir xarakteristika yoxdur, amma ödəniş vasitəsi və əsasən də investisiya aləti kimi uğurla çıxış edir.

 

Mütəxəssislərin fikrincə, bu amil kriptovalyuta üzrə real tənzimləyici mexanizmin və tələblərin olmadığından irəli gəlir. Yəni, nəzəriyyə baxımından zəruri proqram təminatına malik olan istənilən şəxs kriptovalyutanın emitenti ola bilər. Bəziləri zarafat olaraq deyirlər ki, nəzəri baxımından dünyada insanların sayına bərabər valyutaların mövcudluğu istisna deyil. Zarafatdır, amma düşünməyə əsas verir. Mütəxəssislər mübahisə edərək kriptovalyutaların real valyutalardan fərqini, üstünlüyünü, mənfi cəhətlərini araşdırmağa davam edirlər, lakin, fikrimizcə, belə təhlil əsassızdır: kriptovalyutaların pulla bərabərləşdirmək tam olaraq səhvdir, onların tərəfdarları çox şeyi deyə bilər, amma pulun arxasında real aktivlər durmalıdır.

 

Hələlik kriptovalyuta yalnız investisiya aləti və ödəniş vasitəsidir və yaranan kimi bazardan yoxa çıxmasa, həmin səviyyədə də qalacaq. Belə yanaşmanı dövlət orqanları və maliyyə və iqtisadi tənzimləyiciləri də bölüşür. ABŞ-ın Federal Ehtiyat Sistemi, Qiymətli kağızlar üzrə Komissiyası, törəmə qiymətli kağızları üzrə tənzimləyicisi, Avropa qiymətli kağızlar bazarı üzrə nəzarət İdarəsi, Avropa İttifaqının monetar sahəsi üzrə tənzimləyiciləri, Yaponiya, Çin, digər iri ölkələrin tənzimləyiciləri kriptovalyutaları ya qiymətli kağızlar, ya da investisiya aləti hesab edir. Çin bu sahədə daha radikal addımları atmaq niyyətində olaraq, kriptovalyutataların buraxılmasını və dövriyyəsini qadağan etmək istəyir. Hər halda indi müxtəlif internet resurslarında, ticarət meydançalarında yüzlərlə kriptovalyutaların valyutalara qarşı cari məzənnələri dərc edilir: İlk növbədə isə real valyutalara, əsasən də dollara qarşı. Məsələn, ən məşhur kriptovalyuta olan “Bitcoin”in məzənnəsi 6,200 dollara bərabərdir və yalnız onu göstərir ki, bu investisiya alətinə dünyada yüksək tələbat müşahidə olunur, çünki həm emissiyanın həcmi məhduddur, həm “Bitcoin”in istifadə sahələri günbəgün genişləndirilir. Hazırda bir sıra internet-mağazaları kriptovalyutaları, ilk növbədə “Bitcoin”i ödəniş vasitəsi kimi qəbul edir, amma (və budur əsası!) mal və xidmətlər real valyutada nominallaşır, sadəcə ödənişi “Bitcoin”lə aparmaq olar. Nə vaxt ki, avtosalonda avtomobilin satış qiymətini 20 min dollar deyil, 3,3 “Bitcoin”  müəyyənləşdirsələr, onda demək olacaq ki, “Bitcoin” valyutadır, hazırda isə bu, ödəniş vasitəsi və eyni zamanda böyü riskə malik olan və gələcəyi məlum olmayan investisiya alətidir.

 

Biz niyə geri qalaq?

 

azcoin.az - burada Azərbaycanda ilk kriptovalyuta barədə məlumatı tapmaq olar. Bu, Azərbaycanda kriptovalyutanın buraxılması və dövriyyəsinin təşkili üzrə pilot layihəsidir. Gələcək və perspektivləri hələlik o dərəcədə dumanlıdır ki, saytda təqdim edilmiş məlumat yaranan suallara aydınlıq gətirə bilmir. Amma əslində təəccüblü bir şey yoxdur - bütün dünyada kim istəsə kriptovalyuta buraxa bilir, Azərbaycanda niyə olmasın? Sual ondadır ki, həmin kriptovalyuta nə kimi təqdim ediləcək. Əgər pul vasitəsi kimi təqdim olunursa, tənzimləyici orqanlar buna tez bir zamanda "son qoyacaq". Əgər ödəniş vasitəsi kimi (məsələn, ticarətdə, xüsusən də internet-ticarətində ödəniş kimi qəbul edilmə imkanları yaransa, müxtəlif razılaşmalar bağlanılsa) təqdim olunursa, nəzəri baxımdan perspektivi ola bilər. Amma Azərbaycan əhalisini mentalitetini nəzərə alınmaqla, bu da mənasız bir təşəbbüs sayıla bilər. Nəhayət, investisiya aləti kimi təqdim olunursa, bəlkə də gələcəyi var, çünki əlavə qazanc imkanları yaradacaq. Bunun üçün isə kotirovka sistemi tətbiq edilməli, likvid bazar yaradılmalı, dinamik məzənnə dəyişikləri baş verməlidir. Əsas məsələ isə tələbatdır. Layihənin müəllifləri bu barədə hansı ideyalara malikdir, bilinmir. İlk mərhələdə tələbatı yaratmaq lazımdır, yalnız sonra təkrar bazar özütənzimləmə qaydaları ilə fəaliyyət göstərməyə başlaya bilərlər. Hələlik onu demək olar ki, yeni investisiya alətinə ictimaiyyət arasında böyük maraq var, bu marağın real addımlara çevrilməsi üçün “Azcoin”dən real hərəkətlər tələb olunacaq. Dünyanın əsas kriptovalyutalarının təcrübəsini tətbiq etməklə, ilk məzənnəni elan etmək, proqram təminatını əlçatan etmək, likvidliyi təmin etmək - və digər məsələlər tez bir zamanda həllini tapmalıdır. Elektron ödənişlərin həyata keçirilməsi, internet-mağazalarda alış-veriş etmə imkanı kimi imkanların təqdim edilməsi ictimaiyyətə böyük "təsir" etməyəcək, çünki Azərbaycanda bur cür ödəmələr geniş yayılmayıb. Hələlik real cəlbetmə cəhəti kimi investisiya imkanları görünür, çünki reallıq belədir ki, ictimaiyyəti indi əlavə qazanc imkanı ilə cəlb etmək olar. Kriptovalyutaların digər xaraktestikaları, imkan və üstünlükləri isə tələbatın yaranması üçün yalnız yanaşı əlamətlər kimi qəbul ediləcək.

 

Vahab Rzayev

APA Analitik Mərkəzi



© APA 2017