Təhlil

Neft qiymətlərinə təsir göstərən faktorlar və gələcək üçün qiymət proqnozu - TƏHLİL

11:27 24-05-2018

Neft qiymətlərinə təsir göstərən faktorlar və gələcək üçün qiymət proqnozu - TƏHLİL

Neft dünyada 33% ilə ən çox istehlak edilən yanacaq mənbəyidir. Belə ki, neftdən əldə edilən benzin, dizel və təyyarə yanacağı digər fosil yanacaq növləri ilə asanlıqla əvəz edilə bilmir. Ənənəvi istifadə şəklindən fərqli olaraq, neft, gündəlik məişətdə istifadə etdiyimiz bir çox kimyəvi məhsulun da əsas xammal ehtiyacını təmin edir. Tükənən təbii sərvət olmasına baxmayaraq, qlobal neft ehtiyatları son 10 ildə 27% artaraq, 1 trilyon 710 milyard barelə çatıb. Bu ehtiyatların, təqribən, 51 il dünya neft tələbatını qarşılaya biləcəyi proqnozlaşdırılır. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına əsasən, neft, 2030-cu ildə qlobal enerji istehlakının 30%-ni təşkil edərək, ən çox istifadə edilən yanacaq növü olmağa davam edəcək.

 

 Şəkil 1. Qlobal enerji istehlakı (2016)

 

Mənbə: BP Dünya Enerji Statistikaları, İyun 2017

 

Ancaq, kömürdən fərqli olaraq, neft dünyada qeyri-bərabər paylanılıb. Bu istiqamətdə, qlobal neft ehtiyatlarının 47.7%-i Yaxın Şərq ölkələrinin payına düşür.

 

Şəkil 2. Neft ehtiyatlarının dünya üzrə paylanması

 

Mənbə: BP Dünya Enerji Statistikaları, İyun 2017

 

Qlobal əmtəə olması səbəbi ilə neft qiymətləri dünya birjalarında müəyyənləşir. Neft ixrac edən ölkələr, əsasən, neft qiymətlərinin artmasını, idxal edən ölkələr isə azalmasını arzu edir. Ancaq, neft qiymətləri, bir sıra faktorlardan asılı olaraq, tez-tez dalğalanmalara məruz qalır. Bu istiqamətdə, neft qiymətlərinə təsir göstərən əsas faktorlar aşağıdakı kimidir.

 

  1. Tələb və təklif: Neft qiymətləri, əsasən, tələb və təklif arasındakı fərqə görə müəyyənləşir. Əgər tələb təklifi üstələyirsə, bu qiymətlərin yuxarı doğru artmağına, əks təqdirdə isə azalmağına səbəb olur.  Bu çərçivədə, son 10 ildə qlobal neft hasilatının, təqribən, 12%, istehlakının isə 13% artdığı müşahidə olunur.

 

              Qrafik 1. İllərə görə dünya neft hasilatı və istehlakı

 

Mənbə: BP Dünya Enerji Statistikaları, İyun 2017

 

Yuxarıdakı qrafikdə göründüyü kimi, tələb və təklif son 10 ildə, təqribən, eyni səviyyədə artıb, hətta, tələb təklifi bu müddət ərzində 1% üstələyə bilib. Ancaq, buna baxmayaraq, qiymətlərdə 2014-cü ilin İyun ayından etibarən kəskin azalma müşahidə edilib. Burada, təbii olaraq, belə bir sual ortaya çıxır ki, əgər tələb təklifi üstələyibsə, niyə qiymətlər yüksəlmək əvəzinə aşağı düşüb? Neft qiymətlərinə təsir göstərən ən mühüm faktorlardan biri də anbarlarda saxlanılan neft ehtiyatlarıdır. Əgər anbarlarda saxlanılan neft ehtiyatları artarsa, neft qiymətləri aşağı düşəcəkdir. Bu istiqamətdə, ABŞ, qiymətlərə təsir göstərə bilən ölkələr içərisində ən əhəmiyyətlisidir. Belə ki, ABŞ 1973-cü ildə baş verən qlobal neft böhranından sonra, strateji neft ehtiyatları saxlamağa başlayıb. Ancaq, bu ehtiyatlarda, əsasən, 2014-ci ildən sonra sürətli artım müşahidə edilib.

 

Qrafik 2. İllərə görə ABŞ-ın toplam neft ehtiyatları (strateji neft ehtiyatları daxil)

 

Mənbə: ABŞ Enerji İnformasiya İdarəsi

 

ABŞ-ın şist neft hasilatının son 10 ildə sürətlə artması, bunun müqabilində isə istehlakının azalması anbarlarda saxlanılan neft ehtiyatlarını artırıb. Belə ki, 2006-2016-cı illər arasında, ABŞ neft hasilatı, təqribən, 80% artıb, istehlakı isə 4% azalıb.

 

Qrafik 3. ABŞ-ın illərə görə neft hasilatı və istehlakı

 

Mənbə: BP Dünya Enerji Statistikaları, İyun 2017

 

Digər tərəfdən, ABŞ, yüksək maya dəyərinə hasil etdiyi şist neftini ucuz qiymətdən satmaq yerinə, anbarlarda saxlayıb, qiymətlərin əlverişli olacağı zamanlarda satmağı üstün tutub. Bu istiqamətdə, neft qiymətlərinin azalmağa başladığı 2014-cü ildən 2016-cı ilə qədər, ABŞ-ın anbarlarda saxladığı neft ehtiyatları, təqribən, 15% artaraq, 1016 milyon bareldən 1167 milyon barelə yüksəlib. Bütün bu faktorlar, təbii olaraq, ölkədə saxlanılan neft ehtiyatlarının artmasına səbəb olub.

 

  1. Maya dəyəri: Neft hasilatının maya dəyəri neft qiymətlərinin azalıb-çoxalmasına səbəb ola bilməkdədir. Məsələn, Yaxın Şərq ölkələrində neft hasilatının maya dəyəri nisbətən ucuz olduğu halda, Meksika və ABŞ-da daha bahalıdır. Hətta, ABŞ-da şist neft hasilatı, orta hesabla, 40-50 dollar arasında dəyişməkdədir. Dolayısıyla, ucuz neft yataqları tükəndiyi zaman, bu, birbaşa neft qiymətlərinə təsir göstərəcək. Digər tərəfdən, neft qiymətlərinin yüksək olması, eyni zamanda, yüksək texnologiya və böyük vəsaitlər tələb edən sahələrin inkişaf etdirilməsinə imkan yaradır. ABŞ-dakı şist neft inqilabının baş tutmasının ən böyük səbəblərindən biri də, məhz, qiymətlərin uzun müddət yüksək seyr etməsi olub.
  2. İqtisadi artım: İqtisadi artım neft qiymətlərinə müsbət təsir göstərən ən önəmli amillərdən biridir. İqtisadi artımla birlikdə, neft tələbatı artır, bu da, öz növbəsində, qiymətlərin yüksəlməsinə səbəb olur. Əgər ölkələrin iqtisadi artımı zəifləyərsə, neft qiymətləri də, bunun müqabilində, aşağı düşəcək.
  3. Böhran: Neft hasil edən ölkələrdə baş verən böhranlar qlobal neft qiymətlərinə təsir göstərir. Məsələn, 2008-ci ildə Əfqanıstan və İraqda baş verə biləcək müharibələrə görə, neft qiymətləri 136 dollara yüksəlmişdi. Digər tərəfdən, 2011-ci ildə Ərəb ölkələrində baş verən qeyri-müəyyənlik bu ölkələrə qoyulan investisiyaların həcmini azaltmış, bu da, öz növbəsində, qiymətləri 100 dolların üzərinə çıxartmışdı.
  4. Təbii fəlakət: Neft qiymətlərinin yüksəlməsinə təsir göstərən amillərdən biri də təbii fəlakətlərdir. Məsələn, 2005-ci ildə ABŞ-da meydana gələn Katrina qasırğası ABŞ-dakı günlük hasilatın 19% azalmasına, nəticə olaraq, qlobal neft qiymətlərinin 3 dollar bahalaşmasına səbəb olmuşdu. Bundan başqa, 2011-ci ildə Missisipi çayında baş verən tufan, qiymətləri dalğalandırmışdı.

Yuxarıdakı faktorlar çərçivəsində, gələcək neft qiymətləri ilə bağlı proqnoz aşağıda izah edilib. Bildiyiniz kimi, neft qiymətləri son aylarda artmağa davam edir. Bu istiqamətdə, mövcud və gələcək neft qiymətlərinə təsir göstərən faktorlar aşağıdakı kimidir.

  1. Tələb təklifdən sürətlə artmağa başlayıb. Belə ki, BP-nin statistikalarına əsasən, dünyada neft hasilatı 2016-cı ildə 0.5% artdığı halda, istehlak 1.6% artıb. Bu istiqamətdə, ABŞ-da son 10 ildə, ilk dəfə olaraq, neft hasilatı 2016-cı ildə 3.2% düşüb, nəticə olaraq, ABŞ-ın anbarlarda saxladığı neft ehtiyatları 19 milyon barel azalaraq, 1167 milyon bareldən 1148 milyon barelə geriləyib. Hasilatın azalması və istehlakın artmasına təsir edən ən böyük amillərdən biri də ucuz neft qiymətləri olub. Ucuz neft qiymətləri bir çox ölkənin istehlakını artırıb, yeni investisiyaların isə azalmasına səbəb olub. BEA-nin hesablamalarına görə, 2015-ci ildə qlobal neft investisiyaları 25%, 2016-cı ildə isə 26% azalıb. Bu da, dünyada, təqribən, 350 milyard dollardan çox investisiyaların dayanmasına səbəb olub.
  2. ABŞ-ın ən böyük banklarından biri olan “Citi” bankın proqnozlarına görə, OPEK-dəki 5 ölkə - Liviya, Nigeriya, Venesuela, İran və İraqın neft hasilatında 2018-ci ildən etibarən azalma müşahidə ediləcək. Bu da, bazarda təklifin azalmasına səbəb olacaq.
 

OPEK-in Vyanadakı Baş Qərargahı

 

3. OPEK və qeyri-OPEK ölkələri arasında günlük 1.8 milyon barel neft hasilatının azaldılması istiqamətində 2017-ci ilin Yanvar ayında bağlanılan və 2018-ci ilin sonuna qədər uzadılan müqavilə neft qiymətlərinə müsbət təsir göstərib. Digər tərəfdən, OPEK və qeyri-OPEK ölkələri öz öhdəliklərini əsasən 2017-ci ilin Avqust ayından etibarən artıqlaması ilə yerinə yetirib. Bu göstərici 2018-ci ilin Yanvar və Fevral aylarında müvafiq olaraq 137% və 147% təşkil edib.

4.Dünya iqtisadiyyatında canlanma müşahidə edilir. Belə ki, 2017-ci ildə dünya iqtisadiyyatı 3% böyüyüb. Dünya Bankının proqnozlarına görə gələn il qlobal iqtisadi artım 3,1% təşkil edəcəkdir.

5. ABŞ-ın Texas və Florida ştatlarında baş verən qasırğalar, ABŞ neft hasilatına ciddi təsir göstərib. Texas ştatının ən böyük şəhəri olan Hyuston ABŞ enerji sənayesinin mərkəzi hesab edilməkdədir. Belə ki, ABŞ neft hasilatının 30%-dən çox hissəsi burada yerləşir və ABŞ-ın strateji neft ehtiyatlarının çoxu bu şəhərdə saxlanılır. Qasırğa nəticəsində, Meksika körfəzində neft hasilatında 22%, digər ifadə ilə günlük 379 min barel azalma müşahidə edilib.

 

Hyuston şəhəri, “Harvi” qasırğasından sonra, 2017-ci il

 

6. Son zamanlar dünyada baş verən geosiyasi hadisələr neft qiymətlərinin sürətıli artmasına, nəticədə 80 dollarlıq həddi ötməsinə səbəb olub.

Nəticə olaraq, neft qiymətlərinin son aylarda artmasına həm iqtisadi faktorlar, həm də geosiyasi faktorlar təsir göstərib. 2014-2016-cı illərdə qiymətlərinin azalması fonunda, qlobal istehlak artmış, bunun müqabilində, neft yataqlarına qoyulan investisiyalarda azalmalar müşahidə edilmişdir. Bu da öz növbəsində bazarda tələbatın artmasına, təklifin isə azalmasına səbəb olmuşdur. Bütün bu faktorlar bizə göstərir ki, neft qiymətləri bu şərtlər altında yaxın gələcəkdə ən az, indiki səviyyədə qalmağa davam edəcək.

 

 

Energetika üzrə ekspert Emin Axundzadə

APA Analitik Mərkəzi



© APA 2018