Təhlil

"Xarici parıltı" altında ümumdünya böhran təhlükəsi - TƏHLİL

13:07 28-02-2018


İlin sonuna kimi ABŞ-da ciddi maliyyə böhranı başlaya bilər

 

Amerika fond bazarı, fond bazarı iştirakçıları və investorlar 1987-ci ildə səhm bazarında baş verən uçurumun bu ilin sonuna kimi təkrarlanmasına hazır olmalıdır. Müəyyən mənada gözlənilən bu bəyanatla Guggenheim Partners investisiya şirkətinin baş investisiya direktoru Skott Minerd çıxış edib.

 

Qeyd etmək lazımdır ki, Guggenheim Partners investisiya şirkəti dünya miqyasında fəaliyyət göstərir və fəaliyyətin əsas istiqamətləri investisiya, investisiya məsləhətləşmə və aktivlərin idarəedilməsi üzrə xidmətlərdir. Guggenheim Partnersin idarəsi altında təxminən 300 mlrd. dollar həmcində aktivlər var. Bu kiçik arayış göstərir ki, Guggenheim Partners şirkəti bazarın iri iştirakçılarından biridir və onun investisiyalar üzrə baş nümayəndəsinin proqnozları ən azı diqqətə layiqdir. Bəs bu proqnozun hansı əsaslar var?

 

İndiki vəziyyətlə 1987-ci ilin oktyabrı ilə eyniləşdirən xüsusiyyətlər ilk əvvəl ondan ibarətdir ki, həm o zaman, həm indi ABŞ-ın əsas fond indeksləri maksimal səviyyəyə çatıb, FES qeyri-müəyyən siyasəti, faiz dərəcələrin artırılması sonda effekt verməyib, nəticədə oktyabrın 19-da Dow Jones indeksi 22,6% enib ki, bu da ABŞ fond bazarında indiyə kimi qeydə alınan ən iri uçurumdur.

 

İndi nə müşahidə edirik? Beləliklə, yanvarın 26-da Dow Jones indeksi 26 617 bənd təşkil etməklə tarixi maksimuma çatıb ki, ondan sonra nisbi kiçik enmə müşahidə olunub ki, hazırda Dow Jones indeksi 25 115 bəndə bərabərdir. Müqayisə üçün, beş il əvvəl Dow Jones indeksi 14 000 bənd təşkil edib ki, bu da indeksin artım dinamikasına qiymət verməyə, bu tendensiyasının miqyasını anlamaq üçün vacibdir.

 

 

Tam oxşar dinamika S&P500 indeksi üzrə də müşahidə olunur:

 

 

Bu indeks barədə, FES-in qərarlarına gəlincə isə də 30 il əvvəl müşahidə olunan mənzərəni görürük. Belə ki, Federal Ehtiyat Sistemi ötən ilin dekabrından üç dəfə faiz dərəcələrinin qaldırılması barədə qərarlar qəbul edib. Amma Minerdin fikrincə, FES qənaətə gələcək ki, üç qaldırma kifayət etmir və hətta 2018-ci ildə daha dörd dəfə faizlər qaldırılsa belə, bu da kifayət etməyə bilər. Yəni fond bazarında spekulyativ əməliyyatlar yalnız artacaq, il ərzində beş-altı faiz qaldırılması lazım olacaq ki, FES buna getməyəcək. Çünki bu addım bütün monetar siyasətini alt-üst edə bilər. Faktiki söhbət ondan gedir ki, fond bazarında yaranmış "köpük" nə dərəcədə güclü və təhlükəlidir. Əgər onun "partlanması" iqtisadiyyata həqiqətən faciə gətirə bilərsə, bu zaman FES faiz dərəcələrini kəskin sürətlə artıracaq. Amma bu halda makroiqtisadi nəticələr o dərəcədə gözlənilməz və əlverişsiz ola bilər ki, "köpüksüz" də ölkəni, ardınca isə bütün dünyanı yeni maliyyə və iqtisadi böhrana sürükləyə bilər.

 

Qeyd etmək lazımdır ki, indi 1987-ci ildən fərqli olaraq daha bir mənfi məqam müşahidə olunur. Bu da onunla bağlıdır ki, səhm bazarında spekulyativ artmalarla yanaşı, ABŞ-ın xəzinə istiqrazları üzrə gəlirliyin artması müşahidə olunur. Bu proses ABŞ-ın dövlət borcalmaların idarə edilməsi xərclərini artırır və bununla da dövlət büdcəsinin kəsirini böyüdür. Bu yanaşı amil vəziyyəti pisləşdirə bilər, çünki inzibati müdaxilələrlə yanaşı maliyyə çatışmazlığı problemini bu və ya digər yolu ilə həll etmək lazım gələcək. Həmin vəziyyətin vergi islahatları və büdcəyə daxilolmaların azalması fonunda yaranması daha bir pis xəbərdir. Gözləmək olar ki, bu il fond bazarında "köpük" dinamikası ilə FES-in faiz dərəcələri artırma dinamikası artıq "yarışmaya" bənzəyəcək və bu yarışmada FES uduza bilər. Çünki "köpüyün" partlaması hər an baş verə bilər, preventiv tədbirlər isə adətən müəyyən vaxtdan sonra effekt verir.

 

Bundan başqa bazarda daha bir risk yarana bilər. Söhbət ondan gedir ki, bəzi aktivlər investisiya fondları tərəfindən faizlərin aşağı səviyyədə qalması ehtimalı ilə alınıb və faizlərin sürətli qaldırılması şəraitində həmin aktivlərin kütləvi satışları başlaya bilər. Bu riskli aktivlərin dəyərsizləşdirməsi bazar iştirakçıları və investorların alıcılıq qabiliyyətini aşağı salacaq.

 

Göründüyü kimi, ABŞ-ın fond bazarındakı "xarici parıltı"nın altında ciddi təhlükələr gizlənir və əgər iri investisiya fondu tərəfindən bu təhlükə artıq proqnoz kimi səsləndirilir, deməli təhlükə nəzəri deyil, realdır.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi



© APA 2018