Təhlil

Aİ Polşa, Macarıstan və Çexiyanı sanksiyalarla hədələyir - TƏHLİL

10:31 20-06-2017

Aİ Polşa, Macarıstan və Çexiyanı sanksiyalarla hədələyir - TƏHLİL

Birliyin üç üzvü qaçqınları qəbul etmək barədə Avropa Komissiyası qərarının icrasından imtina edir

Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə qərarın və müvafiq referendumun nəticələri bir çox ekspertlər tərəfindən Aİ-nin dağılmasının başlanğıcı kimi qiymətləndirilirdi. Ekspertlər hesab edirdi ki, əgər bir ölkə müəyyən səbəblərə görə birlikdən çıxırsa, bu prosesin davamçıları da olacaq. O zaman Aİ-nin rəhbərliyi tərəfindən bir sıra addım atılıb ki, Brexit Aİ-nin parçalanmasına gətirib çıxarmasın, lakin ortada bir ziddiyyət var, çünki Aİ rəhbərliyi qəbul etdiyi qərarlarla İttifaqın gələcəyini sual altına ata bilər.

 

İyunun 13-də Avropa Komissiyasının iclası keçirilib, iclasda yekun sənəd qəbul edilib. Digər məsələlərlə yanaşı Avropa Komissiyası elan edib ki, Avropa İttifaqının qanunlarını pozduğuna görə Polşa, Çexiya və Macarıstana qarşı sanksiyalar tətbiq oluna bilər. Səbəb bu ölkələrin Aİ-nin qaçqınların qəbul edilməsi barədə qərarının icra etməməsidir. Avropa Komissiyasının yekun sənədində deyilir ki, bu üç ölkə 2015-ci ildə qaçqınların qəbul edilməsi barədə qərarı icra etmir. Xüsusən bildirilir ki, Macarıstan qaçqınların qəbul edilməsi proqramın qəbulundan sonra heç bir addım atmayıb, Polşa 2015-ci ilin dekabrından, Çexiya isə 2016-cı ilin avqustundan bir nəfər qaçqın belə qəbul etməyib. Qeyd edək ki, söhbət əsasən Şimali Afrika, Suriya, İraq və Əfqanıstandan Avropaya (ilk növbədə Yunanıstana və İtaliyaya) gələn qaçqınların Avropa İttifaqı ölkələri arasında mütənasib qaydada paylanması proqramında iştirakından gedir. Avropa Komissiyası həmçinin bildirir ki, həmin ölkələrə proqramı icra etməsi barədə dəfələrlə xəbərdarlıq edilib, amma bu müraciətlər nəticəsiz qalıb. Avropa Komissiyası bunu Avropa İttifaqına və Aİ üzvü olan ölkələrə qarşı hörmətsizlik, saymazlıq, Ai-nin qanunlarının pozulması və Aİ qarşısında öhdəliklərinin yerinə yetirilməməsi kimi qiymətləndirir.

 

Xatırladaq ki, Avropa İttifaqı 2015-ci ilin sentyabrında fövqəladə köçürülmə sxemi üzrə iki qərar qəbul edib. Qərarlara əsasən, Aİ ölkələri beynəlxalq yardıma ehtiyacı olan qaçqınları qəbul etməlidir və qərarları əhatə edilən qaçqınların sayı 98 255 nəfər təşkil edir.

 

Miqrasiya üzrə Avropa komissarı Dimitris Avramopulos bəyan edib ki, köçürülmə seçim predmeti deyil, mənəviyyat öhdəlikləri ilə yanaşı hüquqi qərardır. Bu qərar birgə qəbul edilib və istisnasız icra olunmalıdır. O həmçinin Çexiya, Macarıstan və Polşa tərəfindən addımların atılmamasının təəssüf doğurduğunu bildirib və bəyan edib ki, bu ölkələrə xəbərdarlıq edildiyini nəzərə alaraq Aİ-nin hüquqlarının pozulması barədə prosedurun başlanması barədə qərar qəbul edilib. Rəqəmlərə gəlincə o bildirib ki, iyunun 9-a kimi cəmi 20 869 nəfər köçürülüb ki, bu da İtaliya və Yunanıstandan köçürülməli olan qaçqınlar üzrə qəbul edilmiş öhdəlik rəqəmindən (160 min nəfər) çox azdır. Eyni zamanda komissar bəyan edib ki, həmin ölkələr mövqelərini dəyişsə, proseduralar barədə qərar geri çağırılacaq. Avramopulos bəyanatında deyir ki, Avropa fikrini təkcə təhlükəsizliyin təmin edilməsinə cəmləşdirməməlidir, həmçinin çətin problemlərin birgə həllində iştirak etməlidir. Köçürülməli insanlar isə, onun fikrincə, şübhəsiz müdafiəyə ehtiyacı olan insanlardır və onların qaydalı köçürülməsi həmçinin qeyri-leqal miqrasiyasının qarşısını alır. Üç ölkəyə qarşı sanksiyalara gəlincə, o deyib ki, qərarın qəbul edilməsi həm də onunla izah olunur ki, Avropa Komissiyasının təsir imkanları artıq tükənib. Polşa və Macarıstan yarım il ərzində bir qaçqın da qəbul etməyib, Çexiya cəmi 12 nəfəri köçürüb. Eyni zamanda o deyib ki, Avstriya və Slovakiya da köçürmədən imtina edirdi, amma Avropa Komissiyasının təzyiqi altında mövqeyini dəyişib və üzərinə müvafiq öhdəliklər götürüb.

 

Polşa, Macarıstan və Çexiyanın mövqeyinin bu qərardan sonra dəyişəcəyini gözləmək çətindir. Xüsusilə Polşanın. Burada qaçqınların qəbul edilməməsi barədə fikirlər qəti və dəyişməzdir.

 

Əks mövqe

 

Avropa Komissiyasının qərarına ilk reaksiya Polşanın xarici işlər nazirinin müavini Konrad Şımanskidən gəlib. O bildirib ki, Polşa qaçqınların qəbul etmədiyinə görə haqlı olduğunu Avropa Ədalət Məhkəməsi qarşısında müdafiə etməyə hazırdır: “Avropa Komissiyasının qərarı bizi miqrasiya siyasəti üzrə yekun siyasi kompromisin işlənməsindən uzaqlaşdıra bilər. Həmçinin Avropa İttifaqında fikir ayrılığını dərinləşdirə bilər”. Konrad Şımanski 2015-ci ilin sentyabrında qəbul edilmiş Aİ qərarını səhv adlandırıb. Eyni zamanda o bəyan edib ki, Polşa miqrasiya böhranı problemində Avropa həmrəyliyini bəyan edir ki, bu da Aİ-nin xarici sərhədlərin qorunması və humanitar məsələlərində dəstəyini gücləndirilməsinə aiddir.

 

Hökumətin mövqeyini hökumətin katibi Rafal Boxenek səsləndirib: “Biz Avropa Komissiyasının qərarına hörmətlə yanaşırıq, lakin onunla razı deyilik. Məcburi köçürülmə miqrasiya böhranının yaxşı həll yolu deyil ki, bunu da son ay və illərin hadisələri göstərib. Miqrantların köçürülməsi barədə hər növbəti qərar növbəti minləri, hətta milyon insanları həvəsləndirir ki, qayıqlara minərək həyatlarını təhlükə altına qoysunlar. Burada sistemli həlletmə vacibdir, kompleks tədbirlər lazımdır ki, Afrikanın şimalından insanlar qayıqlara minib dənizdə batmasınlar”.

 

Rafal Boxenek bəyan edib ki, Avropa institutlarının hesabatlarından belə çıxır ki, Avropanın sərhədlərində 6 milyon miqrant gözləyir və köçürmə barədə qərara tabe olmaqla bu insanları həyat faciəsindən xilas etmək olmayacaq. Katibin fikrincə, hazırda ilk növbədə sərhədləri möhkəmləndirmək, humanitar yardım vasitələrini gücləndirmək lazımdır. Polşa hakimiyyəti bu işləri əvvəldən görür. Əsas odur ki qüvvədə olan köçürmə mexanizmi nəticə vermir və Avropa Şurası tərəfindən yeni həlletmə yolları işlənməlidir. Bundan əlavə vurğulanır ki, qərarı icra etməyən tək Polşa deyil. Nəticədə planlaşdırılmış 160 min nəfər əvəzinə 20 min köçürülüb, bəzi ölkələr kiçik sayda miqrant qəbul edib ki, bütün bu Avropanı əhatə etmiş böhranı həll etmir. Gələcək addımlara gəlincə o bildirib ki, hökumət bütün sənədlərlə tanış olacaq və öz haqlı olduğunu sübuta yetirmək üçün bütün arqumentlərə əl atmağa çalışacaq. Boxenek bir daha vurğulayıb ki, bu günə kimi istifadə edilmiş metodlar son dərəcədə uğursuzdur. Maraqlı bir məqam da var. Boxenek bildirib ki, Polşa sanksiyalardan yaxa qurtarmaq üçün simvolik sayda qaçqın qəbul etməyəcək, çünki Varşava problemin kompleks həllində maraqlıdır, 100 miqrantın qəbul edilməsi heç nəyi dəyişməyəcək.

 

Hazırda müxalifdə olan Vətəndaşlıq Platforması Partiyasının mövqeyi maraqlı görünür. Partiyanın liderlərindən biri, keçmiş xarici işlər nazirinin müavini Rafal Tşaskovski bəyan edib ki, qaçqınların qəbul edilməsi barədə üzərinə götürdüyü öhdəliklərin Polşa tərəfindən yerinə yetirilməməsi nəticəsiz qalmayacaq. Onun sözlərinə görə, Polşa 6 min qaçqının qəbul edilməsi üzrə öhdəliyi götürüb. Lakin iki şərtlə. Polşa tələb edir ki, ilk növbədə bu qaçqınların şəxsiyyətləri təsdiq edilməlidir, ikinci növbədə isə həmin insanlar məhz Polşaya gəldiyini etiraf etməlidir. Onun fikrincə, Polşaya gəlmək istəyən 6 min qaçqın tapılmayacaq, söhbət cəmi bir neçə yüz nəfərdən gedə bilər.

 

Hər halda Avropa Komissiyası bir ay ərzində Polşanın mövqeyi dair rəsmi cavab gözləyəcək. Əgər Polşa yenidən qaçqınları qəbul etməkdən imtina etsə, sanksiyalarla üzləşəcək. İlk növbədə söhbət maliyyə sanksiyalardan gedə bilər. Məsələn, Avropa İttifaqının növbəti büdcəsinin qəbulunda Polşa üçün vəsaitlər, fondlar, proqramlar nəzərə çarpan dərəcədə azaldıla bilər. Hadisələrin iki variantı ola bilər: Polşa öhdəliklərini təsdiqləyə və qaçqınların yuxarıda qeyd olunmuş qaydalara əsasən (seçilmiş qaydada, şəxsiyyəti olan və əsasən Polşaya gəlmək, məskunlaşmaq istəyən insanlar qəbul etmə) köçürməsinə razılıq verir, ikincisi, Polşa qaçqınların qəbulundan prinsipial olaraq imtina edir. Nəticələr məlumdur: birinci halda hər şey öz yoluna qayıdacaq, ikinci halda – sanksiyalar.

 

Amma Polşadan başqa Çexiya və Macarıstan da öz sözünü deməlidir. Avstriya və Slovakiya öhdəliklərini təsdiq etsələr də, onların bu öhdəliklərə nə dərəcədə sadiq qalacağı sual altındadır. Görünən odur ki, Avropa İttifaqının qaçqınları məcburi qaydada üzv ölkələri arasında “paylaşdırmaq” və məcburi qaydada yerləşdirilmək mexanizmi Avropa İttifaqı ərazisində ciddi parçalanma yaradır. Aydın olub ki, üzv ölkələr “hamı bir nəfər kimi” hərəkət etmək niyyətində deyil, miqrasiya məsələsində milli maraqlar daha üstündür, ölkələrin iqtisadi, sosial, mədəni, təhlükəsizlik və digər səbəb və amillərin əsasında qaçqınların qəbul etmək istəməməsi niyyəti çox güclüdür.

 

Bu onu sübut edir ki, Avropa İttifaqı çərçivəsində məcburi qərarlar mexanizmi işləmir, gələcəkdə də işləməyəcək, yalnız müqavimət yaradacaq. Belə olan halda Aİ sanksiyalar tətbiq etmək əvəzinə idarəetmə, qərarların qəbul etmə mexanizmi və əsasən məcburiyyət dərəcəsini müəyyən edən mexanizmi yenidən işləməlidir. Təəssüf ki, Britaniya kimi Avropa İttifaqında üzvlük faydalarını tərəzinin bir gözünə, tam müstəqilliyi tərəzinin digər gözünə qoyaraq ikincini seçən ölkələrin sayı arta bilər. Bu halda Aİ birliyi qorumaq üçün qaydalarını dəyişdirməli olacaq, amma bu çox gec ola bilər. İndidən prioritet seçilməlidir.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

 

 

 



© APA 2017