Təhlil

Anti-Brexit: Britaniya yenidən Avropa İttifaqı sıralarına qayıtmağa hazırlaşır? - -TƏHLİL

14:07 29-11-2017

Anti-Brexit: Britaniya yenidən Avropa İttifaqı sıralarına qayıtmağa hazırlaşır? - -TƏHLİL

Britaniyada artıq ciddi şəkildə Brexitdən imtina məsələsi müzakirə olunur

Bir il əvvəl Böyük Britaniyanın Avropa İttifaqından çıxması Avropa üçün faciə kimi görünürdü. Yarım il əvvəl aydın oldu ki, Aİ Britaniyanın çıxmasını, Britaniya isə Aİ-dən çıxmağı minimal itkilərlə (bəlkə də hətta müəyyən fayda ilə) "həzm" edəcəklər. İndi əksər fikirlər belədir ki, Aİ üçün Brexit prosesi həqiqət ciddi zərər vurmadan ötüb keçəcək, Britaniyanı isə ciddi problemlər gözləyir.

 

İngiltərənin İqtisadi və Sosial Araşdırmalar üzrə Milli institutu bəyan edib ki, Krallıqda iqtisadi geriləmə birbaşa olaraq Brexitlə bağlıdır. İnstitutun hesablamalarına görə, Brexitə görə yaranmış geriləmə nəticəsində ölkənin hər ev təsərrüfatı ildə 600 funt sterlinq zərərə düşəcək. Əgər Britaniya Aİ-də qalmağa səs versəydi, indi ev təsərrüfatlarının gəlirləri ən azı 2% artıq olacaqdı. İnstitutun hesablamalarında iqtisadi geriləmə anlayışı kimi iqtisadi artımın azalması nəzərdə tutulur. Belə ki, İnstitut hesab edir ki, bu və gələn il Böyük Britaniyanın iqtisadi artımı 1,5% təşkil edəcək. Müqayisə üçün: 2016-cı ildə Britaniyanın iqtisadi artımı 1,6%, 2015-ci ildə 2,1%, 2014-cü ildə 3,3% təşkil edib. Əyani olaraq azalma müşahidə olunur və bu azalma ötən ildən (Aİ-dən çıxması barədə referendum ilindən) başlayıb. Müxtəlif təhlillər aparılıb və onlar həm makroiqtisadi göstəricilərdə, həm sosial məsələlərdə, həm maliyyə bazarında - hər mənada Britaniyada problemlərin yarandığını göstərir.

 

Aİ ölkələrinin vətəndaşlarının Brexitdən sonra sərbəst işləmək imkanından məhrum olması bəzi sənaye sahələrdə ciddi problemləri yaradacaq, çünki bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı, emal, bəzi xidmət sahələrində əsas olaraq kontinental Avropadan əmək miqrantları (xüsusən yaşayış səviyyəsi nisbətən aşağı olan Şərqi və Cənubi Avropa ölkələrindən) işləyir. Brexit nəticəsində maliyyə mərkəzləri Londondan Frankfurt, Paris, Brussel və bəzi digər Aİ şəhərlərinə köçürülür, əksər iri maliyyə və transmilli maliyyə korporasiyalar qərargahlarını və əksər maliyyə əməliyyatları mərkəzlərini Londondan kontinental Avropaya köçürür. Deutsche Bank, HSBC, UBS və digər nəhəng maliyyə korporasiyaları minlərlə iş yerlərini Londondan Aİ-yə keçirmək niyyətindədir (daha dəqiq - keçirmək məcburiyyətindədir, çünki əksər əməliyyatlar və qərargahlar oraya keçirilir). Belə misallar çoxdur.

 

Brexitin Aİ üçün ciddi problemlərin olmadığını dərk etdiyindən sonra, Britaniya hökumətinin öz qərarından geri çəkilməyəcəyini başa düşən Ai rəhbərliyi Brexit üzrə danışıqlara təşəbbüs etdilər. Hətta Aİ istəyir ki, proses mümkün qədər tez başa çatdırılsın ki, keçid dövrü qısa olsun. Oktyabrın 31-də Brexit üzrə danışıqlara dair Aİ qrupunun rəhbəri Mişel Barnye bəyan edib ki, Brexit üzrə danışıqları sürətləndirməyə hazırdır və gözləyir ki, danışıqların növbəti raundu "yaxın saat və günlərdə" yenidən başlayacaq. Nəticədə artıq Britaniya tərəfi Brexitin nə dərəcədə düzgün olub-olmaması barədə düşünməyə başlayıb. Əvvəl prosesə müxalif olan Leyboristlər Partiyası bəyan edib ki, əgər layihəyə müxtəlif dəyişikliklər edilməzsə, Brexit üzrə növbəti qanun layihəsinin əleyhinə səs verəcəklər. Ümumilikdə, Leyboristlər Partiyası "yumşaq Brexit" deyilən variantın tərəfdarlarıdır ki, həmin variant həm mərhələliyi, həm də müəyyən məsələlərdə kompromis mövqeləri nəzərdə tutur.

 

Bloomberg agentliyində çox maraqlı bir təhlil dərc edilib, burada Brexitdən imtina üçün siyasi imkanları təhlil edilir, üç mümkün yol qeyd edilir. Hər variant Tereza Meyin baş nazir postunu tərk etməsinə əsaslanır ki, bu da ya öz təşəbbüsü ilə, ya da öz Mühafizəkar Partiyanın  nümayəndələri tərəfindən həyata keçirilməlidir. Ondan sonra isə üç variant təhlil edilir.

 

Birincisi onunla əsaslandırılır ki, bu partiya içərisində baş verənlərin fonunda leyboristlər növbədənkənar seçkilərdə qalib gəlir. Həmin proses pisləşən iqtisadi vəziyyətlə, müəssisələrin kontinental Avropaya keçirilməsi və kütləvi sosial aksiyalarla müşahidə olunur. Nəticədə sosial təzyiqi və həmkarlar ittifaqlarının təzyiqi altında hakimiyyətə gələn leyboristlər təkrar referendum (oxu - Brexiti ləğv edilməsi üzrə) elan edir.

 

İkinci variant ondan ibarətdir ki, bu nəticəyə təzyiqlər altında məhz mühafizəkarlar özləri gəlirlər. Əgər Meyin gedişindən sonra partiya hakimiyyətdə qala bilsə, Brexit məsələsində leyboristlərlə kompromisə gedir və sərt Brexit ideyasından "əl çəkir".

 

Üçüncü variant daha radikaldır. Bu varianta əsasən Avropa ilə yenidən birləşmək lehinə olan yeni partiya yaradılır və sosial narazılıqlar və iki partiya arasında mübahisə fonunda üçüncü partiya hakimiyyətə gəlir. Hər üç variantın gedişi çərçivəsində Britaniyada siyasi problemlərə görə danışıqlar mütəmadi olaraq dayandırılır. Bu da Aİ-də narazılıq yaradır və öz növbəsində Britaniyada siyasi gərginliyi daha da kəskinləşdirir.

 

Bütün variantları birləşdirən bir amil var: iqtisadi və sosial vəziyyətin pisləşməsi, müəssisələrin kontinental Avropaya kütləvi şəkildə köçməsi, Avropa İttifaqının prosesə sakitcə tamaşa etməsi və bir tərəfdən danışıqları sürətləndirmək niyyətini, digər tərəfdən isə Britaniyanın Avropa İttifaqına qayıtmaq imkanına baxılmasına hazır olduğunu bəyan etməsi (paradoksal görünsə də, siyasətdə belə bir-birini istisna edən mövqe tutmaq mümkündür - müəl.) və nəhayət hər üç variantda Brexitin ya referendum yolu, ya da parlamentin qərarı ilə ləğv edilməsi. Belə Anti-Brexit əhval-ruhiyyəsi Britaniyada, deyəsən, o dərəcədə güclüdür ki, belə təhlil "ağılsız və əsassız" görünmür.

 

Britaniya artıq indidən Aİ ilə danışıqları müxtəlif səbəb və əsaslar taparaq ləngidir. Bəhanələr ya ekologiya məsələləri, ya Aİ-yə ödəniləcək kompensasiya məbləği, ya istənilən digər mübahisəli məqamla bağlı ola bilər. Necə deyərlər, istəyən bəhanə də tapar. Aİ isə öz növbəsində xatırlamağa unutmur ki, Brexitin son tarixi 2019-cu ilin mart ayıdır ki, o vaxta qədər bütün məsələlər həll olunmalı və Böyük Britaniya rəsmi, formal və faktiki şəkildə Aİ-dən çıxmalıdır. Ya da o vaxta qədər rəsmən Brexitdən imtina edib Aİ-də üzvlüyünü bərpa etməlidir...

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

 

 



© APA 2017