Təhlil

Barak Obamanın qalibiyyəti: Vaşinqtonun Cənubi Qafqaz siyasəti və “erməni soyqırımı”na baxışları dəyişəcəkmi? - TƏHLİL

15:59 05-11-2008

Barak Obamanın qalibiyyəti: Vaşinqtonun Cənubi Qafqaz siyasəti və “erməni soyqırımı”na baxışları dəyişəcəkmi? - TƏHLİL

Bakı. Vüqar Məsimoğlu-APA. ABŞ-da prezident seçkiləri gözlənilən nəticə ilə başa çatdı. Partiyadaxili seçkilərdə Hillari Klinton kimi ciddi rəqibə qalib gəlməklə prezident seçkilərində respublikaçı Con Makkeynlə layiqli mübarizə vəd edən Barak Obama demokratların ona bəslənən ümidlərini doğrultdu. Amerika seçkilər tarixinin qanunauyğunluqlarından biri demokratlarla respublikaçıların hakimiyyətdə bir-birini növbəli şəkildə dəyişməsidir. Bu baxımdan respublikaçıların 8 illik hakimiyyətindən sonra bu gün keçirilən seçkilərdə demokratların qalib gələcəyi ehtimalı böyük idi.

Bu ehtimal özünü ən yüksək səviyyədə doğrultdu – demokratlar təkcə Ağ Evi deyil, Konqresinin hər iki palatasında üstünlüyü ələ keçirdilər. ABŞ-da prezident seçkilərinin tək sürpriz sayıla biləcək nəticəsi bəlkə də demokratların revanşı qaradərili prezidentliyə namizədlə qazanması idi. Barak Obamanın qaradərili olması onun seçkilərdə qələbəsinə mane olmadı, çünki qalib gələn şəxs qaradərililərin namizədi deyil, Demokrat Partiyasının namizədi idi. ABŞ-a növbəti 4 il ərzində qaradərili prezident rəhbərlik edəcəyi bir gerçəklikdir, Obamanın seçkilərdə qalib gəlməsi artıq yaxın tarixi keçmiş sayıla bilər. Bundan sonra cavab axtarılası suallar seçkilərin nəticələrinin dünyada gedən proseslərə, ABŞ-ın beynəlxalq aləmdəki roluna, əsasən də Cənubi Qafqaz və Türkiyə siyasətinə necə təsir etməsidir.

Bir gerçəklik var - seçkilərin nəticələri ABŞ-ın xarici siyasətində, o cümlədən Cənubi Qafqazla bağlı mövqeyində ciddi dəyişikliklərə səbəb olmayacaq. Barak Obama və onun siyasi müşavirlərinin seçkilərdən sonra verdiyi açıqlamalar xarici siyasi kursun cüzi dəyişikliklərlə davam etdiriləcəyini göstərir. Demokrat namizədin siyasi müşaviri Seleste Uollander xarici siyasətdə əsas prioritetlərin Rusiya ilə əməkdaşlıq imkanlarının axtarılması, kütləvi qırğın silahının yayılmasının qarşısını almaq, İranın nüvə proqramının həlli və Avropa Birliyinin dünyanın siyasi düzənində, xüsusilə Rusiya ilə münasibətlərdə rolunun artırılmasından ibarət olduğunu açıqlayıb.

Yeni hökumət də sələfi kimi dünya miqyasında terrorizmə qarşı mübarizəni davam etdirəcək, Barak Obama prezident seçilər-seçilməz bunu bəyan edib və ölkənin həm Əfqanıstan, həm də İraqda hərbi iştirakını davam etdirəcəyinə işarə vurub. Barak Obama dövründə ölkənin xarici siyasət kursunda gözlənilən yeganə dəyişiklik yalnız Afrika qitəsi ölkələrinə daha diqqətlə yanaşılması ola bilər. Hər halda demokratların öz sələflərinin istər Yaxın Şərq məsələsinə, istər ərəb dünyası ilə münasibətlərə, istərsə Cənubi Qafqaz siyasətinə ciddi korrektələr edəcəyi gözlənilmir.

Amerikalı seçicinin şüuru hər iki seçkidən bir ciddi dəyişikliklərə məruz qalır və bu səbəbdən respublikaçıların 8 illik hakimiyyətindən sonra demokrat namizədin (qara dərili olsa belə) qalib gəlməsi təbiidir. Demokratlarla respublikaçılar arasında ciddi fərq sosial proqramlara münasibətlə bağlıdır. Demokratlar daha sosialyönümlü siyasi xətt yürütməyə üstünlük verir, respublikaçıların əsas hədəfi isə iri kapitalın maraqlarını müdafiə etmək, ölkənin təhlükəsizlik məsələlərini ön plana çıxarmaqdır.

Ümumdünya maliyyə böhranı, Corc Buşun hakimiyyəti dövründə hərbi xərclərin fantastik dərəcədə artması, sosial problemlərin (ilk növbədə işsizlik və inflyasiya) çoxalması demokratların qələbəsini labüd edib. Ciddi dəyişikliklərə ehtiyac duyan, sosial problemlərin həllini istəyən cəmiyyət üçün hakimiyyətdə olan şəxsin rənginin heç bir fərqi yoxdur və amerikalı seçici hansısa siyasi qüvvəyə deyil, öz problemlərinin həllinə səs verdiyini bu gün isbatlayıb. Bu baxımdan növbəti dönəmdə Obama administrasiyası əsas ağırlığı sosial proqramların üzərinə salacaq. Təbii ki, demokratların hakimiyyəti dövründə xarici siyasət, təhlükəsizlik, dünyaya siyasi hegemonluq məsələləri arxa plana keçməyəcək, lakin Barak Obama yaxın dövrlər ərzində ölkənin üzləşdiyi sosial-iqtisadi problemlərə daha yaxından diqqət yetirəcək.

ABŞ-da hakimiyyət dəyişikliklərini bu şəkildə xarakterizə etmək olar: “Respublikaçılar hərbi xərcləri artıraraq Birləşmiş Ştatları hədəfə doğru aparır, lakin bu addım zaman keçdikcə iqtisadi böhrana səbəb olur. Bu böhran hakimiyyətdə demokratların respublikaçıları əvəzləməsinə gətirib çıxarır. ABŞ-ın xarici siyasətdə uğurlarını mühafizə edən demokratlar sosial problemlərin həllini diqqət yetirirlər”. Bu baxımdan Obama hökumətinin əsas missiyası ABŞ-ın xarici siyasi uğurlarını qorumaq və sosial problemləri həll etməkdir. Buna görə də yeni hakimiyyətin xarici siyasət kursunda ciddi bir dəyişiklik olacağını gözləmək əbəsdir. O cümlədən Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində, ABŞ-Azərbaycan münasibətlərində də ciddi bir dəyişiklik gözləmək düzgün deyil.

Bu rakursda hər hansı dəyişikliyin olması üçün ABŞ dövlətinin mahiyyəti dəyişməlidir, çünki bu ölkənin xarici siyasətini fərdlər deyil, dövlət maraqları formalaşdırır. Analoji fikri ABŞ Konqresinin qondarma “erməni soyqırımı”nı tanıması ehtimalına nəzərən də söyləmək olar. Hakimiyyətdə demokratların, yaxud respublikaçıların olmasından asılı olmayaraq, Konqresin “erməni soyqırımı”nı tanıması ABŞ-Türkiyə münasibətlərini arzuolunmaz həddə çatdıra bilər. Bu tanıma faktı onsuz da Yaxın Şərqdə düşdüyü labirintdən çıxa bilməyən, bölgədə fəaliyyətini (xüsusilə, İraq, İran, Suriya üçbucağında) əhəmiyyətli dərəcədə Türkiyənin dəstəyi hesabına yürüdən Vaşinqton üçün əlavə problemlərin yaranması deməkdir. Məhz bu səbəbdən indiyə kimi ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, qondarma “erməni soyqırımı” tanınmayıb və ermənilərin bu arzusunun da həyata keçməsi üçün yuxarıda qeyd olunduğu kimi, ABŞ dövlətinin mahiyyəti dəyişməlidir.


© APA 2018