Təhlil

Politoloq: "Trampın məktublarında ABŞ-Azərbaycan münasibətlərində yeni dönəmin başlandığına işarə edilir"

17:02 31-05-2017

Politoloq:

“ABŞ prezidenti Donald Tramp qısa zaman ərzində azərbaycanlı həmkarı İlham Əliyevə ikinci məktubunu göndərib. ABŞ prezidenti birinci məktubunda İlham Əliyevi və Azərbaycan xalqını 28 May – Respublika günü münasibətilə təbrik etmişdi. Donald Tramp bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar da məktub göndərib. Bu iki məktubda isti mesajlar yer alıb”.

 

Bunu APA-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

 

E. Şahinoğlu bildirib ki, D. Tramp 28 May–Respublika günü münasibətilə göndərdiyi məktubda Azərbaycanın ABŞ-ın dəyərli tərəfdaşı olduğunu, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin möhkəmləndirilməsinə sadiq olduqlarını qeyd edib, eyni zamanda Azərbaycan prezidenti ilə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini vurğulayıb: “Donald Trampın bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ünvanladığı məktubda da oxşar cümlələr yer alıb. ABŞ prezidenti bildirib ki, ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir, prezident İlham Əliyevlə işləməyə hazırdır. Donald Tramp ABŞ-ın Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verdiyini, Azərbaycanın inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəklədiyini də xüsusi qeyd edib. Göründüyü kimi, bütün bunlar isti mesajlardır. Bu cümlələr nədən xəbər verir? Bütün respublikaçı prezidentlər kimi Donald Tramp da geosiyasi maraqları ön plana çəkir. Bu maraqlar baxımından Vaşinqton Azərbaycanın bölgədə oynadığı rola müsbət qiymət verir. Donald Tramp həm də biznesmendir və demək onu Azərbaycan kimi ölkələrlə əməkdaşlıqdan əldə olunacaq siyasi və iqtisadi qazanc da maraqlandırır”.

 

Politoloq Qabil Hüseynli də APA-ya açıqlamasında ABŞ prezidentinin mesajlarını yüksək qiymətləndirib: “ABŞ-ın ən böyük əhəmiyyət verdiyi strateji bölgələrdən biri də Cənubi Qafqaz, Azərbaycan və Gürcüstandır. Azərbaycanın xüsusi çəkisi bu yöndə daha ağırdır. Azərbaycan Avropa və Asiya qitələrinin birləşdiyi bir nöqtədə yerləşir, Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsində çox önəmli rol oynayır. Söhbət tək neftdən yox, həm də “mavi yanacaq”dan gedir. ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir. ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir. Bu yaxınlarda isə qədim İpək Yolu dəmir yol kimi, yəni Bakı-Tiflis-Qars dəmir yolu işə düşəcək. Bu dəmir yolu iki qitəni daha möhkəm tellərlə birləşdirəcək. Bu nöqteyi-nəzərdən Qərb, o cümlədən ABŞ üçün ölçüyə gəlməz dərəcədə artmaqdadır. ABŞ və Qərb dünyası nəinki Cənubi Qafqazdan çıxır, əksinə, daha möhkəmlənmiş surətdə özünün bütün strukturları, NATO, iqtisadi əməkdaşlıq telləri və digər strukturlarla bu bölgəyə daha əzmlə gəlir”.

 

Politoloq Donald Trampın Azərbaycan prezidentinə göndərdiyi hər iki məktubu yüksək dəyərləndirdiyini vurğulayıb: “Bu, ABŞ-ın yeni administrasiyasının bölgə problemlərinə yanaşmasının ifadəsidir. ABŞ əvvəlki dövrlərdə olduğu kimi, öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. Bu siyasət iki ölkə arasında faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur. Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı müraciətlərdə əks olunmuş fikirlərdə ölkələr arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığına işarə edilir. Donald Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirib. ABŞ prezidenti Azərbaycanı ABŞ-ın dəyərli tərəfdaşı hesab edir və son 25 ildə qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin daha da gücləndirilməsini arzu edir. ABŞ Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləyir və alqışlayır, habelə iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyir. ABŞ prezidenti Azərbaycan və ABŞ xalqlarının rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını səmimiyyətlə arzulayır. ABŞ və Azərbaycan birgə səylərlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışır”.

 

Politoloq bildirib ki, Trampın məktublarında Dağlıq Qarabağ münaqişəsinin həllinin vurğulanması diqqət çəkir: “Bu, onu göstərir ki, ABŞ bölgədə bəzi dövlətlərin təkbaşına “at oynatması”na imkan verməyəcək və nəticə etibari ilə münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli formada həll edilməsi üçün səylərini əsirgəməyəcək. ABŞ prezidentinin məktubları yüksək dəyərləndirməyə ehtiyacı olan vacib hadisədir. Hesab edirəm ki, ABŞ-Azərbaycan əlaqələrinin durmadan inkişaf etməsi hər iki ölkənin siyasi və iqtisadi maraqlarına tam uyğundur”.



© APA 2017