Təhlil

Millət vəkili: "Türkiyəyə qarşı belə tərbiyəsizliyə yol verilməməli idi" - SORĞU

13:25 18-11-2017

Millət vəkili:

“NATO-nun Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə Cümhuriyyətinin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının düşmən hədəfi kimi göstərilməsi hər şeydən öncə bir millətin dəyərlərinə qarşı hörmətsizlik kimi başa düşülməlidir”.

 

Bunu APA-ya açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

 

H. Babaoğlu deyib ki, Türkiyə ilə NATO-nun 65 ildir müttəfiq olduğu nəzərə alınsa, bu münasibəti izah etmək bir qədər də çətinləşir: “Ancaq bu çətin məsələnin çox sadə izahı var. Bu isə ondan ibarətdir ki, Türkiyə NATO üçün Varşava Blokuna qarşı geostrateji mövqeyinə görə müttəfiq seçilmişdi. Bu hərbi siyasi və hərbi ideoloji blokun dağılmasından isə artıq əsrin dörddə biri qədər vaxt keçib. Yeni geostrateji şərtlər formalaşıb. Hətta iş o yerə gəlib çatıb ki, bu gün Varşava Blokunu yaradan ölkənin siyasi varisi Rusiya ilə Türkiyə arasında sürətlə irəliləyən strateji əməkdaşlıq müşahidə olunur. Bunun səbəbi isə son illərdə NATO-nun Türkiyəyə münasibətdə müttəfiq kimi deyil, daha çox Türkiyənin təhlükəsizliyini təhdid edən hərbi-siyasi mərkəz kimi çıxış etməsi, Yaxın Şərqdə baş verən mühüm tarixi proseslərdə öz müttəfiqinin maraqlarını israrla gözardı etməsidir. Belə olduqda isə Türkiyə məcburən yeni müttəfiqlər axtarışına çıxmalıdır. Ancaq hələ bu da hamısı deyil. 2000-ci illərin əvvəllərində NATO-nun təlimlərinin birində NATO-nun yeni Yaxın Şərq və Şimali Afrika layihəsinin xəritəsində Türkiyə ərazisində bir neçə qondarma dövlət göstərilmişdi. Hadisələr sübut etdi ki, belə hallar təsadüfi baş vermir. Çünki sonrakı mərhələdə biz Şimali Atlantika Blokunun Müsəlman Şərqində apardığı hibrid müharibələrdə Türkiyəni də parçalamağa cəhdlər etdiyinin şahidi olduq. Bu gün də Türkiyə təkcə təlimlərdə hədəf deyil, elə real hərbi-siyasi proseslərdə  üzvü olduğu hərbi blokun hədəflərindən biridir. Bunu Türkiyədə də gözəl bilirlər. Ancaq 2000-ci illərdə zəif olduqlarına görə belə sərt reaksiya verə bilmirdilər. Bu gün isə qardaş Türkiyə Cümhuriyyəti belə mənəviyyatsız həmlələrə layiqincə cavab vermək gücündədir. Türk xalqı və hökuməti 15 iyul 2016-cı il hadisələrində ən təhlükəli və ən mənəviyyatsız müdaxiləyə layiqincə cavab verməyi bacardı”.

 

NATO rəhbərliyinin üzr istəməsinə gəlincə, millət vəkili hesab edir ki, bunun səmimi olduğuna kimisə inandırmaq çətindir: “Çünki belə hallar sistematik olaraq baş verir. Ona görə də Türkiyə yalnız özünə güvənməli, yeni geosiyasi şərtlərin tələblərinə uyğun olaraq regionda yeni güc mərkəzi formalaşdırmalıdır. Çünki postbipolyar  dünya nizamı sona çatır. Hazırda multipolyar yəni çoxqütblü dünya nizamının yaranmasına doğru gedirik. Niyə də bu çoxqütblü nizamda Türkiyə və müttəfiqləri yeni güc mərkəzi olmasınlar?!”.

 

NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti R. T. Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarını qoyan şəxslərin işdən azad edildiyini qeyd edən millət vəkili Fazil Mustafa isə Türkiyəyə qarşı belə bir tərbiyəsizliyə yol verilməməli olduğunu vurğulayıb: “Bu hadisə haqlı olaraq Türkiyədə müəyyən etirazlar doğurub. Bu məsələdə Türkiyənin mövqeyi haqlı idi və bu haqlı mövqeyə görə də NATO Türkiyədən üzr istədi. Məsələni çox dərinləşməyə qoymadılar. Amma bu, yaxşı bir presedent deyil. Çünki hər bir xalqın öz dəyərləri, atributları, dövləti təmsil edən şəxslər var. Onlara qarşı hörmətsizlik yolverilməzdir”.

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə baş verən hadisənin təsadüfə bənzəmədiyini söyləyib: “Düzdür, guya təlimdə Rəcəb Tayyib Ərdoğan və Atatürkün fotolarını hədəf kimi qoyanlar işdən azad edilib. Hətta NATO-nun baş katibi üzr də istəyib. Amma belə hallar əvvəllər də olub. Bu hadisənin özü Qərbdəki müəyyən dairələrin Türkiyəyə yanaşmasını ortaya qoyur. Əgər əvvəllər Rəcəb Tayyib Ərdoğanı hədəf alırdılarsa, indi Türkiyə dövlətinin qurucusu Atatürkü də hədəf alıblar. Bu o deməkdir ki, söhbət tək Ərdoğana nifrətdən deyil, ümumiyyətlə, Türkiyəyə, Türkiyə dövləti ilə bağlı nə varsa, ona nifrətdən gedir. Belə şəraitdə də əlbəttə, Türkiyə siyasətini korrektə edir. Təsadüfi deyil ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, o cümlədən Türkiyə prezidenti dərhal türkiyəli hərbiçiləri NATO-nun həmin təlimindən geri çağırdılar. Sonra da deyirlər ki, Türkiyə niyə Qərbdən uzaqlaşır, Rusiya ilə yaxınlaşır, Şərqə yönəlir?! Qərbdə Türkiyəyə, Türkiyənin qurucularına qarşı belə nifrətin olduğu üçün Ankara xarici siyasətində ciddi korrektlər edir. Məsələn, ABŞ indi deyir ki, Türkiyə niyə Rusiyadan “S-400” Zenit-Raket Kompleksi alır, NATO artıq Türkiyəyə belə raketlər satmamalıdır. Axı Türkiyə ilk öncə belə raketləri ABŞ-dan, Avropa İttifaqı ölkələrindən istəyirdi, satmadılar. Türkiyə də məcbur olub, müdafiə xarakterli belə raketləri Rusiyadan aldı. Türkiyə bu halda nə etməli idi? Yaxud Türkiyəni 60 ildir ki, Avropa İttifaqının qapısında gözlətdirirlər, halbuki bu illər ərzində çoxlu sayda kiçik və böyük dövləti Avropa İttifaqına üzv qəbul ediblər. Bu, Türkiyəni alçaltmaq deməkdir. Belə olan halda Türkiyə nə etməlidir? Təbii ki, Türkiyə alternativ yollar axtarmalıdır. Ona görə Qərb əslində bu cür əməllərinə görə Türkiyəni qınamamalıdır. Qərb düşünməlidir ki, niyə Türkiyə Qərbdən uzaq düşüb, bu gün Rusiya ilə belə sıx yaxınlaşır, silahları Rusiyadan alır. Bunun əsas səbəbkarı Qərb özüdür. Ərdoğan hakimiyyətə yeni gələndə, canı qəlbdən Türkiyəni Avropa İttifaqına üzv qəbul etdirmək istəyirdi, bir çox şərtləri də yerinə yetirdi, əvvəllər aparılmayan bir çox islahatları apardı. Amma gördü ki, bir şərti yerinə yetirdikcə, iki şərt irəli sürürlər, iki şərt yerinə yetirdikcə, əlavə beş şərt irəli sürürlər. Başa düşdü ki, Türkiyəni Avropa İttifaqına üzv qəbul etmək istəmirlər. Ona görə də Ərdoğan bu cür qurumlardan üz döndərdi. Qərbin Türkiyəyə yönəlik bu siyasəti dəyişməyənə qədər Türkiyənin Qərbə doğru addım atacağını gözləmək çətindir” . 

 

Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib. Türkiyə prezidenti R. T. Ərdoğan hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb. NATO-nun rəsmi açıqlamasında R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabitin artıq işdən azad edildiyi bildirilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi, onun da işdən kənarlaşdırıldığı açıqlanıb. NATO baş katibi Yens Stoltenberq Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib. NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.



© APA 2017