Təhlil

Rəcəb Tayyib Ərdoğanın seçimi – TƏHLİL

17:39 10-11-2008

Rəcəb Tayyib Ərdoğanın seçimi – TƏHLİL
Ankara. Mayis Əlizadə - APA. Türkiyənin iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) ikinci adamı Dengir Mir Mehmet Fırat tutduğu vəzifələrdən istefa verdi.
Bundan sonra o, siyasi fəaliyyətini millət vəkili kimi davam etdirəcək. Fırat partiyadakı vəzifələrindən səhhətinə görə uzaqlaşdığını bəyan etsə də, buna çox az adamı inandıra bildi. Çünki müəyyən müddətdən bəri AKP-də “dalğaqıran” funksiyasını həyata keçirən Fırat kürdlərin yaşadığı cənub-şərq bölgələrindəki əşirət ierarxiyasında tutduğu yer və dövlət qurumlarına, cümhuriyyətə etdiyi hücumlarla daim gündəmdə qalmağı bacarırdı. Müxalifətin önəmli simalarından olan Cümhuriyyət Xalq Partiyası parlament qrupunun sədr müavini Kamal Kılıçdaroğlunun onunla bağlı ortaya çıxardığı sənəd-sübutlar baş nazir Ərdoğanın Fırat haqqında fikirlərində dəyişiklik yaratmışa bənzəmirdi. Müşahidələr göstərir ki, Mir Mehmet Fıratın AKP-nin ikinci adamı postundan ayrılmasının pərdə arxasında yatan səbəb iqtidar partiyasının cənub-şərq siyasətindəki köklü dəyişiklikdir.

Xatırlatmaq yerinə düşər ki, Avropa Birliyinin islahat tələbləri ilə “qaza gələn” hökumət başçısı 2004-cü ildə cənub-şərq bölgələrindəki çıxışlarında ölkədə kürd probleminin olduğunu qəbul edərək “alt kimlik-üst kimlik” məsələsini ortaya atmışdı. AB-nin alqışladığı “alt kimlik-üst kimlik” formulu ilk növbədə kürd məsələsindən siyasi məqsədlərlə istifadə etmək istəyənlərin iştahını açdı. 2007-ci il iyulun 22-də keçirilən parlament seçkisində AKP-nin cənub-şərq regionunda kürd təmayüllü partiyaya qarşı üstünlük əldə etməsi bölgədəki balansı dəyişdirərək oradakı mübarizəni AKP-DTP müstəvisinə çəkdi. 2009-cu ilin martında keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində R. T. Ərdoğanın Diyarbəkir bələdiyyə başqanlığını DTP-dən almaq üçün təlimat verməsi isə kürd məsələsi əsasında siyasət qurmaq iddiasında olanları daha da qıcıqlandırdı. Kürd təmayüllü Demokratik Toplum Partiyasına dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bu partiyanın terror təşkilatı ilə arasına məsafə qoymaması Mir Mehmet Fıratın DTP lideri Əhməd Türklə görüşüb bu məsələni onun qarşısında qaldırmasına qədər gedib çıxdı. Cavab neqativ oldu. Yaranmış vəziyyətdə həm dövlət qurumlarına durmadan lağ edən, həm də gələn ilin 29 martında keçiriləcək bələdiyyə seçkilərinə doğru gedən yolda AKP üçün faydalı olmayacağı anlaşılan Fıratın partiyanın ikinci adamı vəzifəsindən uzaqlaşdırılmasından başqa yol yox idi. AKP lideri və baş nazir R. T. Ərdoğan doğru addım atıb. Bəlkə çox önəmli vəzifələrini itirən Mir Mehmet Fırat bundan sonra onu tənqid edən media mənsublarını məhkəməyə vermək adətinden də vaz keçər.

İqtidar partiyasının ikinci adamı vəzifəsinə kürd mənşəli təcrübəli siyasətçi, keçmiş daxili işlər naziri Əbdülqadir Aksu gətirildi. Bəri başdan Tayyib Ərdoğanın bu addımının da doğru olduğunu vurğulamaq istərdik. 29 martdakı bələdiyyə seçkilərinə doğru gedən yolda Ə. Aksuya AKP-də çox önəmli bir kreslonun təslim edilməsi həm iqtidar partiyasının bu seçkilərə verdiyi önəmi göstərir, həm də AKP-nin cənub-şərq bölgəsində ciddi siyasət dəyişikliyinə getməsindən xəbər verir. Baş nazir Ərdoğan bir həftə əvvəl etiraz nümayişləri ilə müşayiət edilən cənub-şərq bölgələrinə səfərlərində bunun işarələrini də verdi: Tək bayraq, tək dövlət, tək vətən. İndiyə qədər AKP-ni qeydsiz-şərtsiz dəstəkləyən bəzi media yazarları Türkiyə baş nazirinin bu açıqlamasını etirazla qarşılasalar da, Ə. Aksunun AKP-nin ikinci adamı vəzifəsinə gətirilməsi də iqtidar partiyasının bölgədə ciddi siyasət dəyişikliyinə getməsi tezisini dəstəkləyən arqumentdir.

Kimdir Əbdülqadir Aksu? Kürd mənşəli olan Aksunun gəncliyindəki siyasi düşüncəsi ülküçülük olub. Turqut Özalın ortancıl qardaşı Qorqud bəy 1977-ci ildə daxili işlər naziri olarkən 33 yaşlı Ə. Aksunu Kahramanmaraş valisi vəzifəsinə gətirib. 1987-ci ildə Qaziantep valisi ikən Turqut Özal tərəfindən siyasətə dəvət edilən Ə. Aksu 21 illik fəaliyyəti ilə TBMM-nin ən təcrübəli siyasətçisi sayılır. İki dəfə daxili işlər naziri kreslosuna oturan Ə. Aksu 22 iyul 2007-ci ildə keçirilən seçkidən sonra kabinetdəki yerini sosiologiya professoru Bəşir Atalaya təhvil vermişdi. Etiraf etmək lazımdır ki, Ə. Aksunun daxili işlər naziri olduğu dönəmlərdə cənub-şərq bölgələrində vəziyyət daha sabit görünürdü ki, burada onun bölgəni yaxşı tanıması və hadisələrə təsir gücünün yüksək olmasının önəmli rolu vardı. Dövləti yaxından tanıyan Ə. Aksu digər qurumlar, xüsusilə Silahlı Qüvvələrlə ahəngdar çalışan bir siyasətçidir. Ona görə də 29 martdakı bələdiyyə seçkilərinə doğru gedən yolda cənub-şərqdəki AKP-DTP mübarizəsində Ə. Aksu faktorunun iqtidar partiyasının lehinə önəmli faktor olacağını gözləyə bilərik. 29 martda AKP cənub-şərq bölgələrində müvəffəqiyyət qazanarsa, bu, terrora və terror təşkilatı ilə arasına məsafə qoymağı bacarmayan partiyalara da ağır zərbə olacaq. Türkiyəyə ən çox lazım olan şey də elə budur.


© APA 2018