Təhlil

Türkiyənin Qərb-Rusiya qarşıdurmasının fəsadlarından qorunmaq cəhdi - Qafqaz Sabitlik Paktı - TƏHLİL

14:56 09-09-2008

Türkiyənin Qərb-Rusiya qarşıdurmasının fəsadlarından qorunmaq cəhdi - Qafqaz Sabitlik Paktı - TƏHLİL
Bakı. Vüqar Məsimoğlu-APA. Gürcüstanda baş verən son proseslər uzun müddətdən bəri gizli şəkildə davam edən Qərb-Rusiya qarşıdurmasını açıq müstəviyə keçirib. Fövqəlgüclər arasında davam edən gərginliyin hələlik yeganə real fəsadı budur – Türkiyə bu qarşıdurmanın mərkəzində qalıb.
Həm Qərbin, həm də Rusiyanın təzyiqlərini kürəyində hiss edən Ankara özünü bölgədə diplomatik fəallığını artırmaqla müdafiə etməyə çalışır. Bu baxımdan Türkiyənin irəli sürdüyü Qafqaz Sabitlik Paktı təşəbbüsünü özünümüdafiə üsulundan başqa cür qiymətləndirmək mümkün deyil.

Qafqaz Sabitlik Paktı nədir?

Təəssüf ki, nə təşəbbüsün müəllifi olan Ankara, nə də yeni platformada iştirakı nəzərdə tutulan ölkələr bu təşəbbüsün detallarını açıqlamırlar. Bu baxımdan bəlkə də ən səxavətli izahı Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib. Türkiyəli həmkarı Əli Babacanla apardığı müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandıran Lavrov Qafqaz Sabitlik Paktının ASEAN tipli bir qurum kimi nəzərdən keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, Ankaranın irəli sürdüyü təşəbbüs iki mərhələli prosesi nəzərdə tutur. Birinci mərhələdə Türkiyə və Rusiyanın qarantiya hüququ altında bölgə dövlətlərinin – Azərbaycan, Gürcüstan, Ermənistan - əməkdaşlıq imkanlarının araşdırılacağı platforma yaradılır, bu mexanizmlər formalaşdıqdan sonra qərarların qəbulu təşəbbüsü bu üç ölkənin ixtiyarına verilir.

Lakin nə Sergey Lavrov, nə Türkiyə rəsmiləri, nə də təşəbbüsü dəyərləndirən digər ölkələr bu qədər ciddi problemləri olan beş ölkə arasında əməkdaşlıq mexanizmlərinin necə tapacaqlarına aydınlıq gətirməyiblər. Eyni zamanda “Bu ölkələrin hamısının iştirak etdiyi çoxlu sayda ən müxtəlif iqtisadi (məs. QDİƏT) və siyasi birliklərin olduğu halda, yeni bir platforma yaradılmasına nə ehtiyac var?” sualı da cavablandırılmamış qalıb. O zaman Qafqaz Sabitlik Paktı ideyası nədən irəli sürülüb? Bu sualı cavablandırmaq üçün ilk növbədə iştirakçı dövlətlər arasında münasibətləri, bölgədə qüvvələr balansını, maraqlar mübarizəsini və günün reallıqlarını dəyərləndirmək lazımdır.

“Beşlik”, yoxsa güc mərkəzlərinin ittifaqı?

Əslində bu pakt beş ölkənin deyil, münaqişə vəziyyətində olan iki ittifaqın qarşılıqlı problemlərinin çözülməsi olaraq nəzərdən keçirilir. Bu ittifaqlardan biri strateji müttəfiqlik münasibətlərinə malik Rusiya və Ermənistan, ikincisi isə mühüm iqtisadi və siyasi tellərlə bir-birinə bağlı olan Türkiyə, Gürcüstan və Azərbaycan təşkil edir. Bu baxımdan Qafqaz Sabitlik İttifaqını “beş ölkənin birliyi” kimi deyil, “3+2” formatında düşünülmüş birlik kimi nəzərdən keçirmək daha düzgündür.

Paktın münaqişələr xəritəsi

Regionda mövcud problemlər ayrı-ayrı dövlətlər arasında deyil, məhz bu ittifaqlar arasında təşəkkül tapıb:
1) Rusiya - Gürcüstan (hərbi münaqişə, Gürcüstanın ərazi bütövlüyünün pozulması, ölkədə mövcud separatçı rejimlərin müstəqilliyinin Rusiya tərəfindən tanınması, sıfır səviyyəsinə enən siyasi və iqtisadi münasibətlər)
2) Rusiya - Türkiyə (NATO gəmilərinin boğazlardan keçərək Qara dənizə buraxılması səbəbilə yaşanan diplomatik gərginlik, iqtisadi münasibətlərin minimuma endirilməsi, Türkiyənin antirusiya blokunda yer alması)
3) Ermənistan - Türkiyə (Türkiyəyə qarşı ərazi iddiaları, 1915-ci il hadisələrinin “erməni soyqırımı” olaraq tanıdılması istiqamətində aktiv diplomatik fəaliyyət, sərhədlərin bağlı olması, siyasi, iqtisadi, diplomatik münasibətlərin sıfıra endirilməsi)
4) Ermənistan – Azərbaycan (Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi, iki ölkə arasında heç bir formada əlaqələrin mövcud olmaması)


Birinci maneə - münaqişələr

Bunlar beş dövlət, yaxud “üçlər” və “ikilər” arasında hazırda davam edən münaqişələrdir. Təbii ki, buraya hələ açıq konflikt səviyyəsinə çatmamış Ermənistanın Gürcüstana ərazi iddiaları, Rusiya-Azərbaycan münasibətlərində lokal gərginlikləri də (Qəbələ RLS ətrafında durum, Azərbaycanın Rusiyanın Avropanın enerji inhisarçılığını minimuma endirəcək layihələrdə iştirakı və s.) əlavə etmək olar.

Göründüyü kimi, Qafqaz Sabitlik Paktında iştirakı nəzərdə tutulan beş ölkədən yalnız Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Gürcüstan-Türkiyə, Rusiya-Ermənistan münasibətlərində ciddi problemlər mövcud deyil. Belə olan təqdirdə bu ölkələri bir araya gətirəcək, siyasi, iqtisadi əməkdaşlığı genişləndirəcək əməkdaşlıq mexanizmlərinin tapılması ehtimalı sıfıra bərabərdir.

İkinci maneə - İran faktoru

Qafqaz Sabitlik Paktının əleyhinə olan daha bir məqam. Bu təşəbbüs faktiki olaraq İranın Cənubi Qafqazda gedən proseslərə təsir imkanlarının məhdudlaşdırılması demək olacaq. İranın bölgədə ciddi maraqları mövcuddur, bu ölkə Paktın potensial üzvü kimi nəzərdən keçirilən beş ölkədən üçü ilə həmsərhəddir və bu ölkələrlə ciddi iqtisadi və siyasi əlaqələrə malikdir. Həm rəsmi Tehran, həm böhran vəziyyətlərində İrandan kifayət qədər asılı vəziyyətdə olan Ermənistan, həm də az qala bütün dünyanı qarşısına almış və ciddi anlamda müttəfiqlərə ehtiyacı olan Rusiya bu ölkənin Qafqazda güc mərkəzləri arasında münasibətləri normallaşdırmaq kimi nəzərdən keçirilən Qafqaz Sabitlik Paktından kənarda qalmasına razı olmaz.

Həm də İranın bu platformada iştirakı isə heç əvvəldən nəzərdə tutulmayıb. Belə bir cəhd olsa belə, yeni pakt formalaşdırmaq ideyasının gerçək müəllif olan Qərb bu cür ciddi siyasi layihədə İranın iştirakına heç bir vəchlə razı olmaz. Bu mənada İran faktoru Qafqaz Sabitlik Paktı ideyasının gerçəkləşməsi qarşısında ikinci ən böyük maneə sayıla bilər (təbii ki, iştirakçı dövlətlər arasında mövcud gərgin münasibətlərdən sonra).

O zaman bu qədər ciddi maneələrin mövcud olduğu halda regionda Rusiya və Türkiyənin qarantiya hüququ ilə Cənubi Qafqaz ölkələrinin əməkdaşlıq platformasının yaradılması ideyası niyə irəli sürülüb? Bununla bağlı müxtəlif təxminlər irəli sürmək olar, amma ən real görünən variant Türkiyənin Rusiya-Qərb qarşıdurmasının fəsadlarından sığortalanmaq niyyətidir.

Qərbə cavab - Türk iqtisadiyyatını çökdürmək

Bir amili nəzərdən qaçırmaq olmaz. Gürcüstanda baş verən hadisələrdən sonra Rusiya və Qərb arasında yaranmış gərginliyin yeganə zərəri Türkiyəyə dəyib. Rusiya Türkiyəni Montro sazişinin müddəalarını pozmaqda, NATO gəmilərinin Qara dənizə daxil olmasına qanunsuz olaraq icazə verməkdə suçlandırıb və faktiki olaraq Ankaraya qarşı iqtisadi embarqo tətbiq edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov türk mallarının ölkəyə idxalına qoyulan qadağanı siyasi deyil, texniki səbəblərdən qaynaqlandığını, bu problemin tezliklə aradan qaldırılacağını bildirsə də, faktiki olaraq bir aydan artıqdır ki, türk malları Rusiya bazarına daxil ola bilmir. Moskva hətta Avropadakı azad iqtisadi zonalardan satın alınaraq gətirilən türk mallarının da idxalına qadağa qoyub. Bu addım Türkiyəyə hər gün on milyonlarla dollar zərər vurur. Türkiyənin ən gəlir gətirən iki sahəsinin - turizm və enerji sektorunun ciddi şəkildə Rusiyadan asılı olduğunu nəzərə alsaq, Moskvanın Ankaraya qarşı nə qədər təzyiq etmək imkanına malik olduğunu təsəvvür etmək çətin deyil.

Qafqaz Sabitlik Paktı - diplomatik manevr

Gerçəklik budur – Rusiya Qərbin iqtisadi təcrid siyasətinə qarşı ata biləcəyi çox az cavab tədbiri var ki, bu siyahının da başında Türkiyə iqtisadiyyatına zərbə vurmaq durur. Bu təhlükəni anlayan Ankara tələm-tələsik Qafqaz Sabitlik Paktı təşəbbüsünü irəli sürməklə a) Qərb-Rusiya qarşıdurmasının tərəfi olmadığını, b) bölgədə gedən proseslərə Qərbdən tamamilə fərqli prizmadan baxdığını nümayiş etdirməyə çalışır.

Ankaranın Rusiyanın bölgədə gerçək müttəfiqi olan Ermənistanla münasibətlərin qurulmasında maraqlı olduğunu nümayiş etdirmək cəhdlərinin bir məqsədi də budur. Bu səbəbdən Qafqaz Sabitlik Paktını ciddiyə almaq, bu təşəbbüsü bütün problemlərdən tək çıxış yolu kimi dəyərləndirmək absurddur. Bu addım heç bir real nəticəyə hesablanmayan özünüsığorta cəhdindən, diplomatik manevrdən başqa bir şey deyil.


© APA 2018