Siyasət xəbərləri

Azərbaycan BMT-də Gürcüstanı növbəti dəfə dəstəkləyib

10:56 13-06-2018

Azərbaycan BMT-də Gürcüstanı növbəti dəfə dəstəkləyib

BMT Baş Assambleyasının 72-ci sessiyasında Gürcüstanın irəli sürdüyü qətnamə qəbul olunub.
 
APA-nın yerli bürosunun məlumatına görə, "Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrindən olan məcburi köçkün və qaçqınların statusu barədə" qətnaməni 81 ölkə dəstəkləyib.
 
Azərbaycan da Gürcüstanla bağlı qətnamənin lehinə səs verən ölkələrin arasındadır.
 
Qətnamənin əleyhinə isə 16 ölkə səs verib. Gürcüstanı dəstəkləməyən ölkələrə Rusiya, Belarus, Ermənistan, Kuba, Venesuela, Burundi, Laos, Nauru, Nikaraqua, Filippin, Cənubi Sudan, Vyetnam, Zimbabve və digər ölkələr daxildir. 62 ölkə isə bitərəf qalıb.
 
Gürcüstanın Xarici İşlər Nazirliyi qətnaməni dəstəkləyən ölkələrə minnətdarlıq bildirib.
 
Qeyd edək ki, 2008-ci ildən etibarən BMT Baş Assamleyasında Gürcüstanın işğal altındakı ərazilərdən olan məcburi köçkün və qaçqınların öz torpaqlarına qaytarılması ilə bağlı qətnamə qəbul olunur. Azərbaycan davamlı olaraq qətnaməni dəstəkləyir, Ermənistan isə sənədin əleyhinə səs verir. 



© APA 2018