Siyasət xəbərləri

İlham Əliyev: “Ukrayna Azərbaycanın etibarlı tərəfdaşıdır” - YENİLƏNİB-1

12:23 17-02-2017

İlham Əliyev: “Ukrayna Azərbaycanın etibarlı tərəfdaşıdır” - YENİLƏNİB-1

Azərbaycan prezidenti İlham Əliyevin Münhendə Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko ilə görüşü olub.

 

APA-nın məlumatına görə, V. Kliçko ölkələrimiz arasında qədim tarixə malik dostluq münasibətlərinin olduğunu deyib.

 

Ukraynada çoxlu sayda Azərbaycan diasporunun nümayəndələrinin yaşadığını deyən Kiyevin meri mütəmadi olaraq onlarla görüşlərin keçirildiyini diqqətə çatdırıb.

 

Ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, qarşılıqlı biznes maraqlarının olduğunu deyən V. Kliçko SOCAR-ın Ukraynada uğurlu fəaliyyətini vurğulayıb, şirkətin və Azərbaycan diasporunun nümayəndələrinin Ukraynanın inkişafına mühüm töhfə verdiyini bildirib. Mer Kiyevdə Heydər Əliyevin adını daşıyan parkın şəhərin ən nümunəvi məkanlarından birinə çevrildiyini deyib.

 

Prezident İlham Əliyev Kiyevin dünyanın ən gözəl şəhərlərindən biri olduğunu, onun tarixi hissəsinin qorunmasının və şəhərin inkişafının böyük diqqət tələb etdiyini vurğulayıb, Bakı və Kiyev meriyaları arasında münasibətlərin möhkəmləndirilməsinin və qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətindən danışıb. Azərbaycan diasporunun Ukraynanın inkişafına töhfə verdiyini bildirən dövlət başçısı ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmləndiyini, Ukraynanın Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edib.

 

*** 12.19

 

Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev “MAN SE” şirkətinin baş icraçı direktoru Yoaxim Dris ilə görüşüb.

 

APA-nın məlumatına görə, görüşdə Y. Dris Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizdə irimiqyaslı layihələrin həyata keçirildiyini, nəqliyyat dəhlizləri ilə bağlı gedən proseslərdən məmnun qaldıqlarını, respublikamızda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib.

 

Prezident İlham Əliyev son illərdə Azərbaycanda müxtəlif sahələrdə yenilənmə işlərinin aparıldığını, ictimai nəqliyyatın müasirləşdirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü vurğulayıb. Dövlət başçısı əməkdaşlıq imkanlarının araşdırılması üçün “MAN SE” şirkətinin nümayəndələrini Azərbaycana səfərə dəvət edib.

 

*** 11.13

 

Azərbaycan prezidenti İlham Əliyev fevralın 17-də Münhendə Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko ilə görüşüb.

 

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Dövlət başçısı həmçinin MAN SE şirkətinin baş icraçı katibi Yoaxim Drislə görüşüb.

 



© APA 2017