Siyasət xəbərləri

Bakıda “Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq simpozium keçirilib

11:48 23-12-2017

Bakıda “Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq simpozium keçirilib

Bu gün Bakıda “Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.

 

APA-nın xəbərinə görə, beynəlxalq simpozium Azərbaycan Türkiyə Evi (ATEV), “Yeni çağ” Media Qrup və Türkiyə və Azərbaycan İş adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə keçirilir.

 

Simpoziumda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Rusiyadan olan ictimai-siyasi xadimlər, tanınmış ekspertlər, telejurnalistlər iştirak edir.

 

ATEV sədri Tənzilə Rüstəmxanlı bildirib ki, simpoziumun keçirilməsində məqsəd region ölkələri arasında iqtisadi əlaqələrin perspektivləri, geosiyasi məsələlərin müzakirəsidir.

 

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun sözlərinə görə, Kataloniyada keçirilən referendum dünyanı yenidən düşünməyə vadar edib: “Regionda stabilliyin olması həm də mediadan, medianın məsələlərə yanaşmasından asılıdır”.

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə BMT Baş Assambleyasının ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qəbul etdiyi qətnamənin əhəmiyyətindən danışıb. Səfir BMT Baş Assambleyasında baş tutmuş səsverməni tarixi hadisə kimi qiymətləndirib: “Səsvermənin nəticələrinə əsasən 128 dövlət sənədin lehinə, 9-u əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb. ABŞ-ın təzyiqlərinə baxmayaraq, bu səsvermə baş tutdu. Bu onu göstərdi ki, ədalətsizlik məhvə məhkumdur”.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev isə qeyd edib ki, dünyanı böyük dövlətlər, böyük güclər idarə edir: “Güclü dövlətlər öz siyasətlərini həyata keçirir. Zəif dövlətlər isə “haqq, ədalət” deyib haray salırlar. Türkiyənin səfiri hörmətli Erkan Özoral BMT Baş Assambleyasının qərarının əhəmiyyətindən danışdı. BMT Baş Assambleyasının, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əhəmiyyətsiz kağız parçasından başqa bir şey deyil. Biz, bunu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaşanan proseslərdə görmüşük”.

 

Millət vəkili deyib ki, bəzən böyük dövlətlər öz maraqları naminə elan etdikləri prinsiplərinə əhəmiyyət vermirlər: “Bu gün Rusiya öz qonşularına hansı münasibət sərgiləyir?! Rusiya ətrafındakı ölkələrə problem yaradır. Rusiya münaqişələrin həllini əngəlləməklə, ətrafdakı dövlətləri özündən asılı edir. Müsəlman, Azərbaycanla məzhəbdaş olan İran Ermənistanın ən yaxın hərbi, iqtisadi, siyasi müttəfiqidir. Hazırda dinlərarası, sivilizasiyalararası toqquşmalar yoxdur. Sadəcə böyük dövlətlərə lazım olanda bunlardan istifadə edirlər. Biz qlobal, sivilizasiyalar, dinlərarası toqquşmalardan danışsaq, heç nəyə nail olmayacağıq. Ermənistana lazım olanda, deyir Dağlıq Qarabağ dinlərarası münaqişədir. Hansı ki, Ermənistanın ən yaxın müttəfiqi müsəlman İrandır. Dünyanın siyasi xəritəsini xristian dövlətləri, Qərb çəkir. Biz bu gün qardaş Türkiyə ilə ABŞ və Avropa İttifaqı arasında yaşanan xoşagəlməz hadisələri ürəkağrısı ilə izləyirik. Qərb dövlətləri başqalarına qarşı nə qədər ədalətsizlik etsələr də, onlar öz daxili quruluşuna görə daha demokratikdirlər. Buna görə də Qərbi hədəf seçib, münasibətləri korlamaq səhvdir”.

 

Tədbirdə millət vəkilləri Adil Əliyev, Hikmət Babaoğlu, Fazil Mustafa və başqaları da çıxış ediblər.

 

Simpozium panel müzakirələrlə davam etdirilib.



© APA 2018