Siyasət xəbərləri

Bolqar diplomat: "Enerji təhlükəsizliyini düşünmədən sabit Avropadan söhbət gedə bilməz"

17:03 13-03-2018

Bolqar diplomat:

"Bolqarıstan Avropa İttifaqına sədrliyi dövründə "Biz birlikdə güclüyük" ifadəsini özünə şüar seçib".
 
APA-nın xəbərinə  görə, bunu Bolqarıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Yanko Yanakiev ölkəsinin Aİ-də sədrliyi qəbul etməsinə həsr olunmuş tədbirdə çıxışında deyib.
 
Avropanın bu gün daha çox sabitliyə ehtiyacı olduğunu vurğulayan  Y. Yanakiev bildirib ki, birlik ümumi məqsədlərə çatmağın açarıdır və bu şüar Bolqarıstanın sədrliyi dövründə üzv dövlətlər arasında birliyi qoruyub saxlamağa çalışacağı mesajını verir: "Bolqarıstan sədrliyi dövründə gənclərin üzləşdiyi problemlərin həlli, ətraf mühit təhlükəsizliyi ilə bağlı istiqamətdə işlər aparacaq.  Sədrliyimiz dövründə diqqətimiz iqtisadi artım, sosial birlik və gənclərin inkişafı məsələsinə köklənəcək".
 
 
Diplomat əlavə edib ki, enerji təhlükəsizliyini düşünmədən sabit Avropadan söhbət gedə bilməz: "Avropanın qaz təchizatı baxımından Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti var və bu layihənin həyata keçirilməsində Azərbaycan əsas vasitəçidir".



© APA 2018