Siyasət xəbərləri

İran rəsmisi: "İran hökuməti vətəndaşların hüquqları və milli təhlükəsizlik prinsipi əsasında tədbirlər görəcək"- YENİLƏNİB

18:26 02-01-2018

İran rəsmisi:

"Heç şübhəm yoxdur ki, İranın uzaqgörən xalqı hər kəsə problemlərin vəhdət yolu ilə həll oluna biləcəyini göstərəcək".

 

APA-nın Tehran bürosnun məlumatına görə, bunu İran hökumətinin sözçüsü Məhəmməd Baqir Nobəxt  bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Son günlər baş verən hadisələrə toxunan M.B. Nobəxt bildirib ki, İran hökuməti etiraz etməyi vətəndaşların haqqı kimi tanıyır və onlar öz səslərini aidiyyatı şəxslərə çatdırmalıdır.

 

“Son günlər ölkədə iğtişaşların şahidi idik. İran Konistitusiyası etiraz və iğtişaşın sərhəddini müəyyənləşdirib. İğtişaşlarla mübarizə də qanun əsasında həyata keçirilməldir.  Həm öldürülən polis və həm də ölən  iğtişaşçı  iranlıdır. Ona görə də dövlət və İran İslam Respublikası  vətəndaşlara dəyən ziyandan narahatdır. Bizim son hadisələrlə bağlı  təlimatlarımız var və bu təlimatlar hökumətin nəzəri əsasında hazırlanıb. Vətəndaşların hüquqları və milli təhlükəsizlik prinsipi əsas məsələdir və hökumət bunun əsasında tədbirlər görəcək”, - deyə M.B.Nobəxt vurğulayıb.

 

M.B. Nobəxt  bəzi xarici rəsmilərin İrandakı son hadisələrdən sevinməsinə də münasibət bildirib: "Onların bu sevinci ona görədir ki, İranı özləri üçün düşmən hesab edirlər. Həm əcnəbi düşmənlər və həm də bəzi qruplaşmalar bu hadisələrə görə sevinir. Onlar günahsız insanları terror etməyə hazırdır. Onlar fitnə və iğtişaşlar yaradırlar”.

 

O əlavə edib ki, İran hökuməti xalqın rifahını təmin etməyi özünə borc bilir. “Heç vaxt xalqın  problemlərinə diqqətsiz olmamışıq və bu problemlərdən xəbərdarıq. İranlıların vicdanına müraciət edib soruşuram.  Sizcə, indiki durum,  hökumətə gəldiyimiz ilk günlərlə müqayisədə dəyişməyib?", - deyə M.B.Nobəxt vurğulayıb.

 

İran rəsmisi qeyd edib ki, ölkədə 40 faizlik inflyasiya səviyyəsi 10%-dən də aşağı salınıb: "İqtisadi inkişafı mənfidən müsbətə dəyişmişik, işsizliyin həcmini azaltmışıq. Hazırda iranlıların ailəsində problemlər yaranıb.  Bu problemlərin hansı şəhərdən başlaması kimi məsələləri ortaya atmaq zəhərdir. Bu gün iranlıların milli vəhdətə ehtiyacı var və bunu düşünməlidir. Bəzi çatışmazlıqların olduğunu qəbul edirik”.

 

Hökumət sözçüsü, həmçinin benzinin fərqli qiymətlərə və payla satılmasına dair yayıılan xəbərləri də təkzib edib.

 

 

***

saat 16:40

 

"İranın iştişaşların baş verdiyi ərazilərində vəziyyət normallaşıb, ən qısa zamanda iğtişaş dalğası sona çatacaq".

 

APA İranın KİV-lərinə istinadən xəbər verir ki, bunu  bu ölkənin daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari deyib. Onun sözlərinə görə, ictimai mülkiyyətə və hərbi obyektlərə ziyan vurulmayana qədər polis və təhlükəsizlik qüvvələri maksimum tolerantliq nümayiş etdiriblər. "Bununla belə, zorakılıq tətbiq etmək istəyən təxribatçılara qarşı təhlükəsizlik orqanlarının əməkdaşları qətiyyətlə qarşı çıxıblar. İran xalqı nə baş verdiyini yaxşı başa düşür, ictimai asayişi pozanlardan uzaqlaşır və təhlükəsizliyin bərpa edilməsi üçün hakimiyyətlə əməkdaşlıq edir. Hazırda ölkənin əsas rayonlarında vəziyyət sabitdir. Bəzi yerlərdəki iğtişaşlar insanların və təhlükəsizlik qüvvələrinin səyi ilə qısa zamanda sona çatacaq".

 

Yeri gəlmişkən, İran hökumətinin sözçüsü Məhəmməd Baqir Nobəxt bu gün keçirdiyi mətbuat konfransında bəyan edib ki, ölkə Konstitusiyasında ictimai təhlükəsizliyə xələl gətirməyən etirazlar və iğtişaşlar məsələsi dəqiq müəyyən edilib. O əlavə edib ki, hakimiyyət insanların qanuni çərçivədə etiraz hüququna  hörmətlə yanaşır. "Bununla belə, hətta qanunsuzluqlara qarşı qanun çərçivəsində mübarizə aparılmalıdır", - deyə M.Novaxt vurğulayıb.     

 

Qeyd edək ki, İranda dekabrın 28-dən başlayan etiraz aksiyası ilə bağlı ölənlərin sayının 20 nəfərə çatdığı bildirilir.  Xatırladaq ki, İranın Təhlükəsizlik Nazirliyi  (Ettelaat)  məlumat yayaraq bildirib ki, son  hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılardan bəziləri  müəyyən edilib və həbs olunub.



© APA 2018