Siyasət xəbərləri

İranlı deputat: “Viza rejiminin ləğvi əlaqələrin inkişafına müsbət təsir göstərə bilər”

15:50 29-12-2017

İranlı deputat: “Viza rejiminin ləğvi əlaqələrin inkişafına müsbət təsir göstərə bilər”

“2017-ci il İran və Azərbaycan arasında münasibətlərin yüksəliş ili idi”.

 

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İran parlamentinin Təbrizdən olan nümayəndəsi Əhməd Əlirza Beygi deyib. O bildirib ki, əlaqələrin inkişafı siyasi, iqtisadi və mədəni sahələrdə daha çox gözə çarpır: “Əlbəttə, mədəni-tarixi irs, dini əlaqələrin geniş potensialını nəzərə alsaq, İranla Azərbaycan arasındakı münasibətlərin həcmi indiki səviyyədən daha yüksək olmalıdır. Viza rejiminin ləğvi vətəndaşların gediş-gəlişini asanlaşdıra bilər. Bu gün biz görürük ki, Türkiyə və Gürcüstanın İranla viza rejimini ləğv etməsi iqtisadi əlaqələrə müsbət təsir göstərib”.

 

Ə. Əlirza Beygi Şimali-Cənub dəhlizi üzrə layihənin önəmindən danışaraq qeyd edib ki,  bu dəhliz İranın Azərbaycan vasitəsilə Rusiyaya, Azərbaycan və Rusiyanın isə Fars Körfəzinin sularına çıxmasına imkan yaradacaq: “Bu, çox önəmlidir və mən düşünürəm  ki, iki ölkə arasında tranzit potensialı artırılmalıdır”.

 

Təbrizli parlamentar 2018-ci ilin gəlişi və Təbrizin İslam Dünyasının Turizm Paytaxtı seçilməsindən də danışıb: “2018-ci ildə Təbriz, 2019-cu ildə isə Bakı bir sivilizasiyanın simvolu olacaq. Bu sivilizasiya İslam sivilizasiyasıdır. Hər iki şəhərin dünyaya İslam mədəniyyəti və sivilizasiyasını nümayiş etdirməsi hər iki ölkənin xeyrinədir”.



© APA 2018