Siyasət xəbərləri

Varşavada 18 oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirilib

17:42 11-10-2017

Varşavada 18 oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirilib

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşavada “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsinin önündə 18 oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirilib.

 

Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Varşavanın Cənubi Praqa rayonunun meri Tomaş Kuxarski, Milli Ordunun (Armiya Krayova) Əsgərlərinin Ümumdünya Birliyini idarə heyətini üzvləri, Polşada təhsil alan azərbaycanlı tələbələr, diaspora nümayəndələri, habelə səfirliyin kollektivi iştirak edib.

 

Tədbirdə çıxış edənlər iki ölkənin müstəqilliyi uğrunda mübarizə aparmış Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) polyak əsilli Matsey Sulkeviç və Polşa ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın həyat və mübarizə yolundan bəhs edərək, bu iki görkəmli şəxsiyyətin Azərbaycan və Polşa xalqlarının dostluğunun əsl nümunəsi olduğunu diqqətə çatdırıblar. Çıxış edənlər Azərbaycan və Polşanın müstəqilliklərinin qorunması uğrunda M. Sulkeviç və V. Yadigarın rolunu xüsusi qeyd ediblər.
           

Sonra Milli Ordunun (Armiya Krayova) Əsgərlərinin Ümumdünya Birliyinin idarə heyətinin üzvləri tərəfindən abidənin üzərinə QR Code yapışdırılıb. Qeyd edək ki, abidənin üzərindəki QR Code xüsusi oxuyucu proqram təminatı vasitəsilə oxunduqdan sonra avtomatik olaraq Vəli bəy Yadigar haqqında məlumat ekranda göstərilir.
 

“Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsinin müəllifləri xalq rəssamı Səlhab Məmmədov və xalq rəssamı Əli İbadullayevdir.
 

Səfirlik tərəfindən nəşr edilmiş “Vəli bəy Yadigar – Polşa Milli Ordusunun (AK) azərbaycanlı polkovniki” və “Matsey Sulkeviç – Polyak, Azərbaycan Milli Ordusunun generalı” kitabları tədbir iştirakçılarına paylanıb.



© APA 2017