Xəbər

Azərbaycan nümayəndə heyəti Los Ancelesdə yəhudi təşkilatları ilə görüşlər keçirib

10:52 17-05-2018

Azərbaycan nümayəndə heyəti Los Ancelesdə yəhudi təşkilatları ilə görüşlər keçirib

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi, Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyəti ABŞ-ın Kaliforniya ştatına səfəri çərçivəsində ölkədə fəaliyyət göstərən ən aparıcı və nüfuzlu yəhudi təşkilatlarından olan Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) Los Anceles ofisinin rəhbərliyi və dünyanın ən böyük yəhudi təşkilatlarından olan, 400 min yəhudi ailəsini özündə birləşdirən Simon Vizental Mərkəzinin sədri Ravvin Marvin Hier ilə görüşlər keçirib.
 
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə,
baş konsul Nəsimi Ağayevin də iştirak etdiyi görüşlər zamanı Azərbaycanın zəngin multikulturalizm ənənələri, ölkədə mövcud olan yüksək tolerantlıq və harmoniya haqqında geniş fikir mübadiləsi aparılıb. Görüşlərdə Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğu və sülh şəraitində dinc yanaşı yaşadığı, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdikləri diqqətə çatdırılıb. DQİDK sədri M. Qurbanlı bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev multikulturalizm və dinlərarası tolerantlığı dövlət siyasəti səviyyəsinə yüksəldib.
 
AIPAC-ın Los Anceles ofisinin rərbərliyi və ravvin M.Hier də öz növbələrində təmsil etdikləri təşkilatların Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini, Azərbaycandakı tolerantlıq mühitini yüksək qiymətləndirdiklərini qeyd ediblər.
 
Görüşlərdə Azərbaycan ilə ABŞ, eləcə də Azərbaycan ilə İsrail arasında münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub.



© APA 2018