Xəbər

Mübariz Qurbanlı: "Din adı altında təxribatlar edir, milli maraqlarımıza zərbə vurmaq istəyirlər" - MÜSAHİBƏ - YENİLƏNİB

16:58 12-07-2018

Mübariz Qurbanlı:

 

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə şəhərində baş verən hadisələrlə bağlı APA-ya və APA TV-yə müsahibə verib.

 

- Gəncə şəhərində baş verən olayları şərh etməyinizi istərdik...

 

- Azərbaycanda müəyyən dairələr kriminal elementlərin əli ilə din adı altında terror aktları həyata keçirməklə qarışıqlıq salmağa çalışırlar. Gəncə də təsadüfən seçilməyib. Çünki Gəncə bizim strateji cəhətdən əhəmiyyətli bölgəmizdir. Eyni zamanda, düşmənlə təmasa yaxın ərazidir. İndi bu məqamda İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücum edən şəxsin avtobioqrafiyasına nəzər salaq. Araşdırmalar zamanı onun təhsili, əlaqələri haqqında məlumatlar üzə çıxıb və məlum olub ki, o, faktiki olaraq dinə bağlı ailədə və mühitdə böyüməyib. Xarici ölkəyə dini ziyarət səfərləri zamanı müəyyən təlim keçməklə Gəncədə törədilən terror əməlində istifadə edilib.

Eyni zamanda, iki gün əvvəl bu hadisənin davamı olaraq Gəncədə meydanda baş verən qətl ilə nəticələnən hadisəyə baxaq. Ora böyük meydandır. Əvvəlcədən aksiya təyin olunur, amma əhali bu aksiyanı dəstəkləmir. Qeyd edilən vaxtda bir qrup cinayətkar xarakterli adamlar peyda olur və qəflətən polis zabitlərinə hücum edir. Özü də polisin onlarla söhbət apardığı zaman, qəflətən – xaincəsinə vururlar. Deməli, bu qruplar məqsədyönlü şəkildə buna hazırlaşıblar, yeni cinayət törətməklə vəziyyəti daha da çətinləşdirmək, hakimiyyətin bundan irəli gələrək atacağı sərt addımlardan dolayı əhalini öz tərəflərinə çəkmək niyyəti daşıyırdılar. Amma məqsədlərinə çatmadılar. İndi müvafiq qurumlar çalışır və bunun arxasında duranları aşkar edəcəklər. Bizdə məlumatlar var ki, bu hadisəni törədən qrupların üzvləri zaman-zaman xaricdəki dini ziyarətgahlara aparılıblar, onlara müəyyən təlimlər keçilib. O qrupları araşdırsanız, görərsiniz ki, onların arasında elə şəxslər var, heç ömründə məsciddə olmayıblar, yəni dinlə heç bir əlaqələri yoxdur.

 

- Ölkədə bu kimi olaylar baş verən zaman arxasında xarici qüvvələrin olduğu bildirilir. Dəqiq ünvanı açıqlamaq olarmı? Eyni zamanda, Dövlət Komitəsi son illər ard-arda təbliğat xarakterli tədbirlər həyata keçirir. Necə olur ki, bu təbliğatın qarşısında o xarici dairələrin niyyəti ölkədə reallaşa bilir?

 

- Belə deyim, əgər o xarici dairələrin təbliğatı bizim gördüyümüz işlərin qarşısında keçərli olsaydı, o zaman yüz minlərlə insan onların təbliğatına uyaraq bu prosesə qatılardı. Amma biz orada nə qədər adam görürük? Uzağı 100-150 nəfər. Bu, xüsusi bir təxribat qrupudur. Biz dövlət qurumları olaraq birgə çox böyük maarifləndirmə işləri  aparırıq. Amma heç kim bu xain qrupları heç vaxt təbliğat yolu ilə ləğv edə bilməz. Bunları yalnız cinayət başında yaxalamaqla tərksilah və cəmiyyətdən təcrid etmək olar. Bu gün sosial şəbəkələrə baxaq. Gəncədəki polislərin qətlinə yalnız hansısa anonim ünvanları olan istifadəçilər haqq qazandırır.

Gələk indi onlara havadar olan xarici qüvvələrin ünvanına. Belə bir fikir var ki, təxribatdan kim faydalana bilər? Gəlin baxaq, görək bu təxribatlar baş tutduğu halda kimlər və hansı xarici dairələr faydalana bilərdi? Son vaxtlar ölkəmizdə həyata keçirilən işlər - ordumuzun möhtəşəm hərbi paradı, enerji layihələrinin reallaşması, strateji tərəfdaşlarımızın sayının artması və s. Bu, kimlərə əks təsir edirdisə, təxribatdan da onlar faydalanır. Digər məqam: kimlər, hansı dairələr bunları kənardan müdafiə edir? Məsələn, Gəncənin icra başçısına sui-qəsdi kimlər dəstəkləyirdi? Ermənistanda internet üzərindən yayılan bir televiziyanın separatçı əməkdaşları dayanmadan bu prosesə dəstək verir, çağırışlar edirlər. Konkret olaraq, Azərbaycan əleyhinə daim çağırış edən separatçılardır.  Çox təəssüf, öz içərimizdə də hakimiyyət əleyhinə olan insanlar var ki, bu dalğaya qoşularaq milli maraqlarımızın əleyhinə hərəkət edirlər - bilərəkdən, ya da bilməyərəkdən. O ki qaldı konkret o xarici qüvvələrin adlarını çəkməyə, hazırda aidiyyəti qurumlar araşdırma aparır.  Araşdırma başa çatdıqdan sonra açıqlanacaq. Bu, məqsədli təxribat idi. Orada yüksək rütbəli polis zabitləri öldürülüb. Bu haradansa məxsusi şəkildə gələn tapşırığın məqsədli icrası idi. Əminliklə deyə bilərəm ki, bu cinayəti törədənlər və onların arxasında dayananlar aşkar ediləcək və müvafiq cəzalarını alacaqlar.

 

- Bir neçə dəfə narahatlıq ifadə olunub ki, ölkədə dini icması olmayan məscidlər fəaliyyət göstərir. Onların fəaliyyəti gələcək gərginliklər üçün narahatlıq doğurur. Bunlar barədə nə deyə bilərsiniz ?

 

- Azərbaycanda 2500-ə qədər məscid varsa, bunlardan 1500-dən çoxu daimi fəaliyyət göstərir. 310 məscid isə Mədəniyyət Nazirliyinin nəzdində tarixi mədəniyyət abidəsi kimi qorunur ki, onların bir çoxunda dini ayinlər icra olunmur. Onu da deyim ki, məsciddə dini icmanın qeydiyyatının olmaması QMİ tərəfindən oraya imam təyinatının qarşısını almır. QMİ o məscidlərə imam təyin edib nəzarət edə bilər. Hətta böyük məscidlərə imam naiblərini də təyin edir. Belə bir qayda da yaratdıq ki, daimi fəaliyyətdə olmayan, müəyyən vaxtlarda açılıb-bağlanan məscidlərə mütəvəlli təyin olunsun ki, oraya nəzarət edilsin. Bu gün Azərbaycandakı məscidlərin 90 faizi təyinatlıdır. Yəni ya imamı, ya da mütəvəllisi var. Biz birgə fəaliyyət nəticəsində 25-dən çox məsciddən radikalların birbaşa təsirində olanları tam kənarlaşdırmışıq. Həmin məscidlərdə artıq QMİ tərəfindən rəsmi din xadimləri təyin olunub. Bu məsələni, demək olar ki, tam həll etmişik. Bu gün Azərbaycanda minbərinə qeyri-rəsmi şəxsin çıxıb moizə oxuyacağı məscid qalmayıb. Hamısı rəsmi təyin olunmuş din xadimləridir.



© APA 2018