Xəbər

Mübariz Qurbanlı Gürcüstanın Yevangelik-Lüteran kilsəsinin rəhbəri ilə görüşüb

14:36 17-07-2017

Mübariz Qurbanlı Gürcüstanın Yevangelik-Lüteran kilsəsinin rəhbəri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Yevangelik-Lüteran kilsəsinin rəhbəri yepiskop Hans Yoakim Kiderlenlə görüşüb.

 

Komitədən APA-ya verilən məlumata görə, Mübariz Qurbanlı Azərbaycanın tolerant ölkə olduğunu, milli-mənəvi və dini dəyərlərə böyük önəm verildiyini, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradıldığını bildirib, ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və vətəndaş qarşıdurması baş vermədiyini, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlərin mövcud olduğunu diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir.

 

Hans Yoakim Kiderlen bu gün dünya ölkələrində dini-etnik millətçilik ideyalarının vüsət alması fonunda Azərbaycanda multikulturalizm və tolerantlıq ideyalarının inkişaf etməsinin hamıya örnək olduğunu bildirib.

 

Görüşdə komitə sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavini Səyavuş Heydərov, Almaniyanın Azərbaycandakı səfirinin birinci katibi Paul Amann və Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova da iştirak edib.



© APA 2017