Xəbər

Ağcabədidə iş adamına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı təzələnib

17:09 25-05-2010

Ağcabədidə iş adamına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı təzələnib

Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iş adamına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan Ağcabədi rayonunun Polis Şöbəsinin istintaq bölməsinin sabiq rəisi İbrahim Ağamirovun, Ağcabədi rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin sabiq müdiri Bulud Quliyevin, Ağcabədi rayon sakinləri Şahbaz Cəlilovun, Ələkbər Ələkbərovun və Elçin Orucovun cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham olunan şəxslər yenidən ifadə vermək istəklərini açıqlayıblar. Təqsirləndirilən şəxslərin yenidən ifadə vermək istəyi ilə bağlı məhkəmə istintaqı təzələnib. Bundan sonra prosesdə ifadə verən təqsirləndirilən Şahbaz Cəlilov özünü qismən təqsirli bilib.

Ağcabədi rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin sabiq müdiri Bulud Quliyev isə ifadəsində deyib ki, zərərçəkmiş Füzuli Rüstəmovun qətlinə sifariş Ağcabədi rayonunun Polis Şöbəsinin istintaq bölməsinin sabiq rəisi İbrahim Ağamirov tərəfindən verilib: “Buna görə ondan pul da almışam. Sonra peşman olub, fikrimi dəyişmişəm. Bununla bağlı ibtidai istintaqda ifadə vermişəm və həmin ifadəni təsdiqləyirəm. İbrahim Ağamirovun zərərçəkmiş Füzuli Rüstəmovla mübahisəsi olub. Mənim bu mübahisədən xəbərim olmasa da, sonradan bilmişəm. Cinayəti də İbrahim Ağamirov bu mübahisəyə görə törətmək istəyib. Mənim Füzulini öldürmək, yanacaqdoldurma məntəqəsini partlatmaq niyyətim olmayıb. Biz məntəqənin şüşələrini sındırmaqla zərərçəkmişə ziyan vurmaq istəmişik”.

Təqsirləndirilən İbrahim Ağamirov isə qanunsuz həbs olunduğunu deyib: “Füzuli Rüstəmovun Bulud Quliyevlə mübahisəsi olub. Bu mübahisə Ağcabədi rayon Polis şöbəsinin təhqiqat bölməsində araşdırılıb”. İ. Ağamirov mübahisənin aydınlaşdırılması üçün təhqiqat bölməsinin rəisi Loğman Mehdiyevin məhkəməyə şahid kimi çağırılması barədə vəsatət qaldırsa da, bu, təmin edilməyib.

Proses mayın 8-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 28,120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürməyə hazırlıq), 28,120.2.5 (tamah məqsədi ilə və ya sifarişlə adam öldürməyə hazırlıq), 29,186.2.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törətməyə cəhd) və 29,186.2.2-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törətməyə cəhd) maddələri ilə ittiham olunurlar.


© APA 2018