Xəbər

“BP-Azerbaijan” şirkətinin prezidenti Bill Şreyder: “2007-ci ildə “Azəri-Çıraq-Günəşli”dən orta hesabla sutkada 708 min barel neft hasil olunacaq”

18:59 13-02-2007

“BP-Azerbaijan” şirkətinin prezidenti Bill Şreyder: “2007-ci ildə “Azəri-Çıraq-Günəşli”dən orta hesabla sutkada 708 min barel neft hasil olunacaq”

Bu gün “BP-Azerbaijan” şirkətinin prezidenti Bill Şreyder 2006-cı ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə B.Şreyder bildirib ki, ötən il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə əməliyyat xərcləri üçün planlaşdırılan 234 mln. dolların 227 mln. dollarını, əsaslı xərclər üçün planlaşdırılan 2 mlrd. 552 mln. dolların isə 2 mlrd. 477 mln. dollarını xərcləyib. Bu il AÇG üzrə istismar xərclərin 396 mln. dollar və əsaslı xərclərin 2,579 mln. dollar təşkil edəcəyi gözlənilir.
B.Şreyderin sözlərinə görə, 2006-cı ildə 6 yeni obyekt istismara verilib ki, bunlardan da ən önəmlisi Bakı-Tbilisi-Ceyhan neft kəməri olub. Hasilata gəlincə, şirkət rəhbəri deyib ki, ötən ilin sonuna qədər dəniz platformalarından gündə 500 min bareldən artıq neft hasil etmək nəzərdə tutulsa da, ilin ortasından etibarən bu rəqəm keçilib: “Biz planımız üzrə 458 min barrelə qarşı orta hesabla gündə 472 min barel neft hasil etmişik. Bu nailiyyət “Şərqi Azəri” platformasında ilk neftin plandan dörd ay öncə hasil edilməsi, quyuların ümumilikdə yaxşı neft vermə göstəriciləri və istsmar səmərəliliyi nəticəsində əldə olunub. Bu hasilat göstəricisi 2006-cı il üçün ilkin planlaşdırılan rəqəmdən 3% artıqdır”.
Ümumilikdə, sutkada orta hesabla hasil edilən 472 min barel neftin orta hesabla gündə 142 min bareli “Çıraq”, 223 min bareli “Mərkəzi Azəri”, 96 min bareli “Qərbi Azəri” və 11 min barreli isə “Şərqi Azəri” platformasından əldə olunub.
“Hazırda gündəlik hasilat 700 min bareldən çox təşkil edir və 2007-ci ildə orta hesabla bütün platformalardan sutkada 708 min barel neft hasil olunması planlaşdırılır. Bu hasilatın 141 min bareli “Çıraq”dan, 257 min bareli “Mərkəzi Azəri”dən, 168 min bareli “Qərbi Azəri”dən və 142 min bareli isə “Şərqi Azəri”dən gələcək”, - deyə B.Şreyder vurğulayıb. /APA/


© APA 2018