Xəbər

Bu gün daha bir qrup azərbaycanlı zəvvar təyyarə ilə Həccə gedib

11:41 14-12-2006

Bu gün daha bir qrup azərbaycanlı zəvvar təyyarə ilə Həccə gedib

Bu gün azərbaycanlı zəvvarların daha bir qrupu təyyarə ilə Həcc ziyarətinə yola düşüb. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev məlumat verib. Onun sözlərinə görə, dekabrın 24-nə qədər Bakı-Ciddə marşrutu üzrə ümumilikdə 8 təyyarə reysi gerçəkləşəcək. Zəvvarların ilk qrupu dünən təyyarə və avtobuslarla müqəddəs torpaqlara yola salınıb. Təyyarə ilə gedən zəvvarlar artıq Məkkəyə çatıblar. Dünən gecə Azadlıq meydanından 30 avtobusla yola düşən zəvvarlar isə bu gün Astara keçid məntəqəsindən İran İslam Respublikasının ərazisinə daxil olacaqlar. Dekabrın 16-da daha 30 avtobus yola salınacaq.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 4500 nəfərlik kvota ayrılıb. Zəvvarların 2500-ü avtobus, 2000 nəfəri təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcək. Avtobusla getmək 1350 dollara (keçən illə müqayisədə 30 dollar çox), təyyarə reysi isə 2200 dollara (keçən illə müqayisədə 100 dollar baha) başa gəlir. /APA/



© APA 2018