Xəbər

Evlərdən oğurluq edən Biləsuvar sakini yaxalanıb

11:39 30-12-2017

Evlərdən oğurluq edən Biləsuvar sakini yaxalanıb

Biləsuvarda evlərdən oğurluq edən şəxs tutulub.

 

DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində evlərə pəncərədən daxil olaraq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Saxlanılan Biləsuvar şəhər sakini Böyükxan Ağayevin ətrafında aparılmış tədbirlərlə müəyyən edilib ki, o, cari il mayın 10-da həmyerlisi Rəşad Rufullayevin şəhər ərazisindəki mənzilinə pəncərədən daxil olub və oradan 1000 manat pul və qızıl üzük oğurlayıb. Onun bir neçə gün sonra Ülvi Babayevin şəhər ərazisindəki evinə də eyni üsulla daxil olaraq 450 manat pul və 1500 manat dəyərində qızıl-zinət əşyalarını oğurladığı məlum olub.

 

Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində B. Ağayevin oktyabrın 10-da Biləsuvar rayonunun Bəydili kəndində bir evdən, bir həftə sonra isə Müşfiq Nəzərova məxsus digər bir evdən müxtəlif məişət əşyalarını oğurladığı da müəyyənləşdirilib.

 

Əvvəllər də eyni əmələ görə məhkum olunmuş həmin şəxs saxlanılarkən oğurladığı əşyaların bir qismi ondan maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Biləsuvar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.



© APA 2018