Xəbər

Göyçay sakininin qətlində həyat yoldaşı da şübhəli bilinir - YENİLƏNİB-1

18:43 19-06-2017

Göyçay sakininin qətlində həyat yoldaşı da şübhəli bilinir - YENİLƏNİB-1

Göyçay rayonunda amansızlıqla törədilən qətl hadisəsinin təfərrüatı məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Çərəkə kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun 2 bıçaq, 3 balta xəsarəti ilə öldürüldüyü məlum olub.

 

Hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini, Göyçayın Müskürlü kəndində  yaşayan Seymur Xanməmmədovla yanaşı mərhumun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı şübhəli şəxs qismində saxlanılıb.

 

 

Qətli törədən şəxsin Sadiq Musayevin dostu olduğu bildirilir.

 

 

Sadiq Musayevin yaxın qohumları Tərlan və Sərxan Qasımovlar APA-nın yerli bürosuna bildiriblər ki, hadisə iyunun 14-də, “Son zəng” günü baş verib.

 

Məlumata görə, S. Xanməmmədov Sadiqin evinə tez-tez gəlirmiş: “Həmin gün həyətdə oturub yeyib-içiblər, aralarında söz-söhbət olub. Seymur bıçaq və balta ilə Sadiqi arvadının və 4 azyaşlı uşağının gözü qarşısında amansızlıqla qətlə yetirib”.

 

Bildirilib ki, Seymur dostunun həyat yoldaşı Arzu Musayeva ilə əlbir olaraq gecə saatlarında evin arxasında quyu qazaraq Sadiqin meyitini torpağa basdırıblar. Arzu Musayeva qayınanasına deyib ki, Sadiq fəhlə işləmək üçün evdən gedib, amma geri qayıtmayıb.

 

Deyilənə görə, Sadiqin anası və qohumları 3 gün onun yolunu gözləyib. Yaxınları həyətdə Sadiqin ayaqqabılarını tapıblar və bundan sonra onun harasa işləməyə getmədiyinə əmin olublar. Bundan sonra Göyçay rayon Polis Şöbəsinə onun itkin düşməsi barədə məlumat verilib.

 

Arzu Musayeva evə gələn polis əməkdaşlarına ərinin itkin düşdüyünü deyib, polis əməkdaşları həyətə baxış keçirəndə onun meyitinin torpağa basdırıldığı məlum olub: “Məlum oldu ki, Arzu Musayeva ərinin dostu ilə əlbir olaraq onun meyitini basdırıb və ona görə də polisə, qohumlara həyat yoldaşının itkin düşməsi barədə yalan məlumat verib. Arzu Musayevanın faktı nəyə görə gizlətdiyini, polisə və bizə yalan məlumat verməsinin səbəbini hələ də başa düşə bilmirik”.

 

 

Hadisənin şahidi olan Sadiq Musayevin 11 yaşlı oğlu Ömər Musayev isə bildirib ki, atasının qatili Seymur onların evinə tez-tez gəlirmiş və həmişə gələndə yeyib-içdikdən sonra dava salırmış: “Seymur atama araq və pivə alıb gətirirdi. O, atamı balta ilə ölürdü, kürəyinə bıçaqla vurdu, sonra meyitini apardı evin arxasına basdırmağa”.

 

 

Dörd uşaq anası olan Arzu Musayeva və qətli törədən Seymur Xanməmmədov saxlanılaraq istintaqa təhvil verilib.

 

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.     

 

 

***

 

11:43

 

 

Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda törədilən qətllə bağlı məlumat yayıb.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 18-də Göyçay rayonunun Çərəkə kəndində kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə Rayon Polis Şöbəsinə müraciət olunub.

 

Göyçay rayon prokurorluğunun və Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

 

Meyit eksqumasiya edilib.

 

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S. Xanmaməmədov tutulub.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

 

***

 

21:34

 

Göyçayda qətl hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Çərəkə kənd sakini, 1985-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun meyiti tapılıb. Onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

 

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. Sadiq Məmmədovun çoban olduğu bildirilir.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.     



© APA 2017