Xəbər

Moskvada miqrasiya haqqında yeni qanunun tətbiqi dayandırılıb

19:29 13-02-2007

Moskvada miqrasiya haqqında yeni qanunun tətbiqi dayandırılıb

Moskva hökuməti yanvarın 15-dən qüvvəyə minən miqrasiya qanunvericiliyinə dəyişikliklərin Moskva meqapolisində tətbiq olunmamağı barədə qərar qəbul edib. Bu barədə APA-ya Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Hacıyev məlumat verib. Onun sözlərinə görə, bu qərarın qəbul olunmağına səbəb qanunun tətbiqindən sonra bazarlarda qiymətlərin artması, Rusiya vətəndaşlarının boşalmış iş yerlərinə maraq göstərməməyi, yeni qanunun cəmiyyətdə narazılıqla qarşılanmağı olub. “Moskvanın böyük bazar və ticarət mərkəzlərinin rəhbərləri toplantı keçirib və bildiriblər ki, yeni qanunun tətbiqindən sonra bazarlar öz əhəmiyyətini itirir. Onlar vəziyyətdən çıxış yolunu miqrantların öz iş yerlərinə qayıtmasında görürlər. Ticarət mərkəzlərinin rəhbərləri hesab edir ki, miqrantlara alver etmək üçün icazə verilməlidir. Moskva hökuməti də bunu nəzərə alaraq qanunun tətbiqini dayandırıb”. /APA/


© APA 2018