Xəbər

“Nardaran işi” ilə bağlı növbəti məhkəmə prosesi davam etdirilib

17:35 17-02-2017

“Nardaran işi” ilə bağlı növbəti məhkəmə prosesi davam etdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən İsa İbrahimovun vəkili Azər Nağıyev müdafiə etdiyi şəxsin yanında oturması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib. 
 
Daha sonra iclasda təqsirləndirilən şəxslərdən Seyfəddin Şirvanov və Ramil Əliyev ifadə verib. S. Şirvanov bildirib ki, istintaq zamanı işgəncəyə məruz qalmayıb: “Mən altı səhifəlik ifadə vermişdim. Sonradan müstəntiq mənə on altı səhifəlik ifadə imzalatdırdı. Mən həmin vaxt ifadəni oxumadım. Sonradan bildim ki, başqa şeylər əlavə ediblər. Evimdən silah tapılması barədə protokola imza etmək istəmirdim. Mənə dedilər ki, həyat yoldaşım imzalayıb, imzalamasam, onu tutacaqlar. Mən də məcbur qalıb imzaladım”. 

 

Suallara cavab verən S. Şirvanov deyib ki, Taleh Bağırovla uşaqlıqdan dostluq ediblər.

 

R. Əliyev isə ittihamların saxta olduğunu, istintaq zamanı işgəncə və təzyiqə məruz qaldığını deyib. Bildirib ki, hər zaman dövlətçiliyə xidmət edib.
 
Məhkəmə prosesi fevralın 24-də davam edəcək. 
 
Qeyd edək ki, adları çəkilən şəxslərin bir qismi “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.



© APA 2017